Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3224/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı İstehsalat–Kommersiya Firmasının nümayəndəsi Qanuni nümayəndə Həsən oğlunun iştirakı ilə, İddiaçı İstehsalat–Kommersiya Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat–Kommersiya Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.000 manat məbləğində pulun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı İstehsalat–Kommersiya Firmasının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 31.03.1997-ci il tarixli 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 15 saylı binanın 3-cü girişində yerləşən 133,8 kv.m qeyri yaşayış sahəsi İddiaçı İstehsalat-Kommersiya Firmasına icarəyə verilmişdir. Dövlət Əmlakının İnventarlaşması İdarəsindən 02.02.1998-ci il tarixdə görülmüş işləri təsdiq edən obyektin 204/3566 nömrəli tesniki pasportu çıxarılmışdır. 14 iyul 2006-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı İstehsalat-Kommersiya Firması arasında dövlət əmlakının icarəyə verilməsi haqqında 2923/7653 saylı icarə müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 15 saylı binanın 3-cü girişində yerləşən 133,8 kv.m qeyri yaşayış sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra 23.000 manata qədər qeyd olunan obyektin təmir-tikinti işlərinə xərc çəkmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İstehsalat–Kommersiya Firmasının nümayəndəsi Qanuni nümayəndə Həsən oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, 14 iyul 2006-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı İstehsalat-Kommersiya Firması arasında dövlət əmlakının icarəyə verilməsi haqqında 2923/7653 saylı icarə müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 15 saylı binanın 3-cü girişində yerləşən 133,8 kv.m qeyri yaşayış sahəsi icarəyə verilmişdir. Qeyd olunan icarə müqaviləsi 23.08.2016-cı il tarixdə icarəyə verən tərəfindən icarə haqqının vaxtında ödənilməməsi səbəbindən birtərəfli qaydada ləğv edilmişdir. Qeyd olunan birtərəfli qaydada ləğv edilmənin mümükünlüyü tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.1-ci bəndində öz əksini tapmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin 173 saylı, 02.12.2016-cı il tarixli sərəncamına əsasən qeyd olunan qeyriyaşayış sahəsinin özəlləşdirilməsinin hərrac vasitəsi ilə həyata keçirilməsi qərara alınmış və əmlak 19.03.2019-cu il tarixdə hərracın qalibi olan X4 və X1 tərəfindən özəlləşdirilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edədərək, qeyd olunan qeyri yaşayış sahəsinin təmir tikintisinə 23.000 manat pul xərclədiyini bildirirərək, onun iddiaçıdan tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-204/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Qanuni nümayəndə Həsən oğlunun X3 qarşı 23.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi 06.08.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə göndərərək tərəflər arasında icarə hüquq münasibətlərinə 23.08.2016-cı ildə xitam verildiyini bildirirərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin ərizəsində göstərmiş olduğu arqumentə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən umumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 367-ci maddəsinə əsasən “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. İşin araşdırılmış hallarından da göründüyü kimi, tərəflər arasında olan icarə hüquq münasibətlərinə 23.08.2016-cı il tarixdə xitam verilmişdir. Yuxarıda sadalanmış qanun normasının tələbindən də, göründüyü kimi kirayəçinin çəkmiş olduğu xərclərin tələb edilməsinə dair 6 aylıq xüsusi iddia müddəti müəyyən edilmişdir. Hazırki işin hallarından görünür ki, iddia müddəti keçmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan əlavə olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091 və 1095-ci maddələri nəzərdən keçirilə bilər. Həmin maddələrin tələblərinə görə Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).(1096.1) Yuxarıda sadalanmış maddələr üzrə qarşı tərəfin əsassız varlanmasını və iddiaçıya zərər dəyməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki iş üzrə iddiaçı isə 23.000 manat məbləğində qeyri-yaşayış sahəsinə təmir-tikintisi üçün xərc çəkdiyini bildirsə də, qeyd olunan halları sübuta yetirə bilməmişdir. Ona görə də, hazırki iddia tələbi təmin edilə bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İstehsalat–Kommersiya Firmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3224/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3224/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver