Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-323/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “xxxx” açıq səhmdar cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 234,90 (iki yüz otuz dörd manat, doxsan qəpik) manat məbləğində sığorta ödənişinin, 20,40 (iyirmi manat qırx qəpik) məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, Sabirabad şəhəri, H.Əliyev prospekti ünvanında X6 “Vaz 21061” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə, “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Mazda CX-9” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sabirabad RPŞ DYPB-nin xx.xx.2014-cü il tarixli, № 179/2457 saylı arayışına və xx.xx.2014-cü il tarixli BYP 761958 seriya nömrəli inzibati xəta haqqında protokola və qərara əsasən X6 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.1-ci maddələri ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi X6 hadisə zamanı idarə etdiyi, “Vaz 21061” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, ”Mazda CX-9” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-HO-0290-0/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Mazda CX-9” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək 39.900,00 (otuz doqquz min doqquz yüz) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün xx.xx.2014-cü il tarixində “Azərsığorta” DSKŞ-də“Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2014-cü il tarixli elektron və xx.xx.2014-cü il tarixli, BS-C-14/0330 saylı məktublalra müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Lakin, cavabdeh iddiaçının bütün müraciətlərini cavabsız buraxmışdır. Qeyd edilənləri nəzərə alaraq və Mülki Məcəllənin 936-cı maddəsinin tələblərinə əsaslanaraq, 234,90 (iki yüz otuz dörd manat 90 qəpik) məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxx” ASC-yə ödənilməsi cavabdehdən xx.xx.2014- cu il tarixli, BS-14/0966 saylı və xx.xx.2018ci il tarxili, BS-C-18/0020 saylı məktublarla xahiş edilməsinə baxmayaraq, məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, №BS-C-19/0684 saylı şikayət məktubu ilə iddiaçı tərəfindən AR MBNP müraciət etdikdən sonra cavabdeh xx.xx.2019 tarixli, №08/B-460 saylı məktubla bildirilmişdir ki, hadisə xx.xx.2014-cü il tarixdə baş verdiyindən sənədlər arxivləşdirilmişdir, müvafiq sənədlər əldə edildikdən sonra məlumat veriləcəkdir. Lakin qeyd edilən tarixdən bu günədək cavabdeh tərəfindən heç bir məlumat Cəmiyyətiə daxil olmamışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, hazırki iş üzrə mübahisələndirilən məbləğ üzrə sənədlər cavabdehə yeni daxil olduğuna görə tam araşdırılmamışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçının cavabdehdən 234,90 (iki yüz otuz dörd manat, doxsan qəpik) manat məbləğində sığorta ödənişinin tutulması hissəsini qəbul edərək, iddianın yalnız həmin hissəsi ilə razıdır. Sonda cavabdehin nümayəndəsi iddianın tam təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. İş materiallarında olan zərərin hesablanması aktına əsasən hadisə nəticəsində ”Mazda CX-9” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 734,90 (yeddi yüz otuz dörd manat 90 qəpik) manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 193/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli, № 000394 saylı kassa məxaric orderinə əsasən 234,90 (iki yüz otuz dörd manat 90 qəpik) manat məbləğində sığorta ödənişi (500 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X1 ödənilmişdir. “İcbari sığortalar haqqında” qanunun 16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 (yeddi) iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə, sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. AR Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Qeyd olunan Məcəllənin 1096-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. AR Mülki Məcəllənin385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən,əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (həmin Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC sığortalıya ödənilmiş pul vəsaitinin reqres qaydasında tələb etməkdə haqlıdır. Belə ki, “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış ”Mazda CX-9” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh “Azərsığorta” DSKŞ tərəfindən icbari sığortalanmış “Vaz 21061” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş və iddiaçı həmin zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq şərtsiz azadolma məbləği çıxılmaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 234,90 manat alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinnin üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 45,00 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 234,90 (iki yüz otuz dörd manat, doxsan qəpik) manat məbləğində sığorta ödənişinin, 20,40 (iyirmi manat qırx qəpik) məbləğində dövlət rüsumunun və 45,00 manat məbləğində dəbbə pulun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 234,90 (iki yüz otuz dörd) manat,( doxsan) qəpik məbləğində sığorta ödənişi, 45,00 (qırx beş) manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20,40 (iyirmi) manat (qırx) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq “xxxx” açıq səhmdar cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-323/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-323/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver