Məhkəmə qərarları › İş №e-2-2(113)-323/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-323/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-323/2021 04.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 10000 manat (on min) manat əsas borc, 90000 (doxsan min) manat cərimə, 4000 (dörd min) manat ziyan və 30 (otuz) manat dövlət rüsumu olmqla, cəmi 104030 (yüz dörd min otuz) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "Cavabdeh" MMC arasında xx.xx.2019-cu il tarixdə GVE/XİD/2019 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı “İcraçı” və "Cavabdeh" “Sifarişçi” qismində çıxış etmişdir. Müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nın sifarişinə əsasən göstərilən ünvanda evakuator xidmətini həyata keçirməli, “Sifarişçi” isə öz növbəsində satıcıya 30 gün müddətində sifarişin qiymətini ödəməlidir. Müqaviləyə əsasən “Sifarişçi’ tərəfindən verilmiş sifarişin tam yerinə yetirilməsinə baxmayaraq, "Cavabdeh" MMC-nin 11766,71 manat borc öhdəliyi ödənilməmiş qalmışdır. Həmçinin müqavilə şərtlərinə əsasən “İcarəçi’ müqavilənin 4-cü bəndinə əsasən icarə haqqının dəyərini vaxtında ödəməsə, “İcarəyə verən” gecikdirilmiş borc yarandığı gündən hər gecikdiriən gün üçün ümumi məbləğin 1 % miqdarında cərimə ödəməlidir. Hazırda həmin ödənişlər vaxtında ödənilmədiyindən sahibkarlıq fəaliyyətinə ciddi ziyan dəymiş, borc vaxtında ödənilmədiyindən fəaliyyətini davam etdirmək üçün bank qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən 10000 (on min) manat borc pul vəsaitinin ödənilməsi ilə bağlı "Cavabdeh” MMC-yə məktub göndərilmişdir. Lakin halhazıradək borc məbləği geri qaytarılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ödənişlər vaxtında ödənilmədiyinə görə sahibkarlıq fəaliyyətində ciddi maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən də iddiaçı bankdan həmin dövrdə kredit götürərək işçilər qarşısında və avtomobilin digər xərclərini yerinə yetirmək üçün öhdəlik götürmüşdür. Hazırda iddiaçı həmin krediti yüksək faizlə ödəyir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya ödənişlər vaxtında edilmədiyinə görə bankdan götürdüyü faiz dərəcəsinin cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi təmin edilməlidir. İddiaçının bankdan aldığı kreditə əlavə 22% məbləğində ödəniş edir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya illik 22% faiz olmaqla, dəymiş ziyan 4000 (dörd min) manat ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə müqavilə üzrə borc məbləğinə cərimə hesablanmışdır. Müqaviləyə əsasən borc vaxtında ödənilmədiyindən 90000 manat cərimə ödənilməsi təmin edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, rayonda yaşayır, ona görə məhkəmə iclasına gələ bilmir, nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcarədar qismində İddiaçı ilə icarəçi qismində "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GVE/xx/xx/2019 saylı "Nəqliyyat vasitələrinin icarəsi barədə" müqavilədən görünür ki, icarəyə verən aşağıdakı cədvəldə göstərilmiş ona məxsus olan nəqliyyat vasitəsini icarəçiyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsindən istifadə edir və müqavilə ilə nəzərdə tutulmuş ödənişi həyata keçirməyi öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşma aktından görünür ki, cavabdeh "Cavabdeh" MMC-nin İddiaçı borcu həmin tarixə 10000 manat təşkil etmişdir. - İddiaçı tərəfindən cavabdeh "Cavabdeh" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixli, GVE/xx/xx/2019 saylı "Nəqliyyat vasitələrinin icarəsi barədə" müqavilə təqdim olunsa da, xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşma aktından müəyyən olunur ki, tərəflər arasında münasibətlər ondan əvvəl də mövcud olmuş, 10000 manat borcun mövcudluğu barədə xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşma aktı tərtib olunaraq imzalanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, eyni zamanda tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşma aktını nəzərə alaraq hesab edir ki, iddiaçı göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğundan, cavabdehdən əsas borca görə 10000 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə 90000 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə 4000 manat dəymiş ziyanın cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə ona 4000 manat ziyan dəyməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş bank kredit müqavilələrinə əlavələr hazırkı halda cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdə ziyanın dəyməsinin sübutu olaraq qəbul edilə və həmin hissədə tələbin təmin olunması üçün əsas ola bilməz. Ona görə iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "Cavabdeh" MMC-dən 10000 (on min) manat əsas borc, 500 (beş yüz) manat cərimə İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı cavabdehə, 27 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" MMC-dən 10000 (on min) manat əsas borc, 500 (beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 (üç) manat olmaqla, cəmi 10503 (on min beş yüz üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar