Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-323/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, çıxarış, akt, qrafik, ötürülmə, xərc) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli üçtərəfli saziş üzrə 1189,40 manat gecikdirilmiş əsas borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd “Tarımoz THM-24” markalı texnikanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Maraqlı şəxs (bundan sonra Maraqlı şəxs MMC) ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 539 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Tarımoz THM-24 markalı texnika cavabdehə 24 ay müddətinə lizinqə verilmişdir. İddiaçı ilə Maraqlı şəxs MMC və cavabdeh arasında xx.xx.2020-ci il tarixli Masallı-034 nömrəli üçtərəfli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş” ilə Maraqlı şəxs MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçıya ötürülmüşdür. Cavabdeh müqavilə və sazişin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında 1189,40 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsi ilə xx.xx.2022-ci il tarixli, PLX-22/0061 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixə təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli Masallı-034 nömrəli üçtərəfli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş”ə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 1189,40 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, üçtərəfli saziş ilə Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə tələb hüquqları iddiaçıya ötürülmüşdür, buna görə də iddiaçı xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün ödənilməmiş əsas borcu tam tələb edir ki, həmin məbləğ də 1189,40 manat təşkil edir. Hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin 1.1-ci bəndində qeyd olunan, hüquq ötürən şəxsin xx.xx.2020ci il tarixinə qədər lizinq alanın ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürülməsi barədə şərt bu tipli bütün müqavilələrdə ona görə nəzərdə tutulmuşdur ki, həmin tarixə ödənilməmiş lizinq ödənişi qaldığı halda hüquq ötürən şəxs ödənişləri lizinq alandan alaraq İddiaçı ASC-yə versin, lakin belə bir vəsait onlara köçürülməmişdir. Bundan başqa, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin 1.1-ci bəndində yeni ödəniş qrafikinin tərtib olunması razılaşdırılsa da, yeni qrafik tərtib olunmamış, köhnə qrafik qüvvədə olmuşdur. Müqavilənin müddəti başa çatsa da, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini vaxtında icra etmədiyindən lizinq obyektinin də geri qaytarılması tələb edirlər.
5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri çatdırılmış, mobil telefon nömrələrinə “SMS-bildiriş”lər göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 539 nömrəli müqaviləyə əsasən lizinq verən (Maraqlı şəxs) ümumi məbləği 5296,80 manat olan “Tarımoz THM-24” adlı kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın 5296,80 manat dəyərindən 1500 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 3796,8 məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
12. Adıçəkilən müqaviləyə əsasən yaranmış mübahisələr üzrə tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edəcəklərini razılaşdırmışlar.
13. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, lizinq müqaviləsi üzrə ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi isə xx.xx.2021-ci il olmaqla, 3796,8 manat əsas borc və 185,1 manat faiz borcunun (cəmi 3981,9 manatın) hissələrlə ödənilməsi razılaşdırılmışdır.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, “Tarımoz THM-24” adlı texnika xx.xx.2019-cu il tarixli, 539 nömrəli müqaviləyə uyğun olaraq cavabdehə saz və işlək vəziyyətdə təhvil verilmişdir.
15. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli, 01/2020 nömrəli kənd təsərrfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli saziş və həmin sazişə dəyişiklik edilməsinə dair xx.xx.2020ci il tarixli 2 nömrəli əlavədən görünür ki, hüquq ötürən şəxs (Maraqlı şəxs) xx.xx.2019-cu il tarixli, 539 nömrəli müqavilə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə (İddiaçı ASC-yə) ötürür, həmçinin hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan şəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür.
16. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus xx.xx.2020-xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, ilk ödəniş xx.xx.2020-ci il, son ödəniş xx.xx.2022-ci il olmaqla, qeyd edilən lizinq müqaviləsi üzrə qrafik üzrə ümumilikdə 1500 manat ödəniş edilmişdir.
17. İddia ərizəsinə əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, sözügedən tarixə cavabdehin iddiaçıya 1189,40 manat ödənilməmiş əsas borcu vardır.
18. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, cavabdeh ilə Maraqlı şəxs arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, sonuncu razılaşdırılmış texnikanının dəyərini təşkil edən 5296,80 manat tam ödənildikdən və sənədləşmə işləri başa çatdıqdan sonra cavabdehin mülkiyətinə vermək şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanı qəbul edərək, 1500 manat ilkin ödənişi əvvəlcədən ödəməyi, qalan 3796,80 manat məbləği isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra lizinq verən adıçəkilən lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün lizinq ödənişlərinin hüquq qəbul edən şəxsə ödənilməsi şərti ilə iddiaçıya ötürmüş, cavabdeh qeyd olunan tarixdən sonrakı dövr üçün qrafik üzrə ödənişləri qismən icra edilərək 1500 manat lizinq ödənişi etmiş, qrafik üzrə 1189,40 manat ödənilməmiş əsas borc qalmışdır.
19. İddiaçının nümayəndəsi bildirir ki, hüquq və öhdəliklərin ötürülməsi barədə sazişdə nəzərdə tutulan yeni ödəniş qrafiki qəbul edilməmiş, cavabdeh ilə Maraqlı şəxs arasındakı ödəniş qrafiki qüvvədə olmuşdur, həmin qrafikə əsasən ödənilməmiş 1189,40 manat əsas borcu tam tələb edirlər.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
21. Mülki Məcəllənin 741.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq edikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
23. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Lizinq müqaviləsi üzrə cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək qrafik üzrə müəyyənləşdirilmiş lizinq ödənişlərini tam etmədiyini, lizinq ödənişləri üzrə əsas borc məbləğinin 1189,40 manat olduğunu və iddiaçının həmin məbləği tam tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin olunmalı, 1189,40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Lizinq obyektinin qaytarılması tələbi ilə bağlı
28. İddia ərizəsində ödəniş qrafikinə uyğun lizinq ödənişləri həyata keçirilmədiyindən lizinq obyekti olan 1 ədəd “Tarımoz THM-24” markalı texnikanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi tələbi də irəli sürülmüşdür.
29. Mülki Məcəllənin 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748- 1.12-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.
30. Maraqlı şəxs ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 5.1 və 5.1.6cı bəndinə əsasən, lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə (5.1.6).
31. Həmin müqavilənin 5.2-ci bəndinə görə, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir.
32. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
33. Həm müqavilə şərtindən, həm də Mülki Məcəllənin istinad edilən normasının məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
34. Mülki Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
35. xx.xx.2019-cu il tarixli, 539 nömrəli lizinq müqaviləsinin 1.11-ci bəndində əsasən lizinq obyektinin dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi razılaşdırılmışdır.
36. Adıçəkilən müqaviləyə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur (1.4), bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ Lizinq alana keçir (3.5).
37. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən, lizinq obyektinin dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi razılaşdırıldığından və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq obyektinin dəyərinin tam həyata keçirilməsi (öhdəliyin tam icrasını) tələb edildiyindən məhkəmə hesab edir ki, lizinq verənin eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.
38. Məhkəmə bu qənaətə gəlir ki, lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbi təmin edilməməlidir.
c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
39. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB\9-00403 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə görünür ki, xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
42. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
43. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
44. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin tutulması tələbi təmin edilməli, 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1189 (min yüz səksən doqquz) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova