Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3230/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, maliyyə lizinqi, lizinq obyektinin qaytarılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Şəki-007 nömrəli üçtərəfli sazişə əsasən 15872,29 manat gecikdirilmiş əsas borcun və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd “Belarus-892” markalı traktorun və 1 ədəd “AKB-4.2- 1” markalı kultivatorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" MMC və cavabdeh arasında xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Belarus-892” markalı traktor və 1 ədəd “AKB-4.2-1” markalı kultivator cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı, "xxxx" MMC və cavabdeh arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 23 iyul 2020-ci il tarixli Şəki-007 nömrəli saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçıya ötürülmüşdür. 2.2. Cavabdeh müqavilə və sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında xx.xx.2024-cü il tarixinə 15 872,29 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli PLP-24/0064 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. 2.3. Beləliklə, cavabdehin İddiaçı ASC qarşısında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 23 iyul 2020-ci il tarixli 007 nömrəli sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 15 872,29 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar verdi və təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, "xxxx" MMC-nin hüquq və öhdəlikləri ötürüldükdən sonra cavabdehin 16001,53 manat borcu qalmışdır, lakin hazırda xx.xx.2024-cü il tarixinə deyil, xx.xx.2024-cü il tarixə olan lizinq ödənişləri tələb edilir.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, onun öhdəliyi "xxxx" MMC-yə qarşıdır. Hazırkı iddiaçıya qarşı hər hansı borcu yoxdur. Lakin maddi çətinliklə əlaqədar xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə ödənişləri dayandırmışdır. Hazırda 11000 manat avans ödənişinin qaytarılması şərtilə lizinq obyektinin iddiaçıya təhvil verilməsinə etiraz etmir.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, xx.xx.2020-ci il tarixdən sonra hər hansı ödəniş etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha23 sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə iş materialları əsasında aşağıdakıları müəyyən edir: - Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, sonuncu ümumi məbləği 52909 manat olan 1 ədəd “Belarus-892” markalı traktoru və 1 ədəd “AKB-4.2-1” markalı kultivatoru texnikanın dəyəri tam ödənildikdən və sənədləşmə işləri başa çatdıqdan sonra cavabdehin mülkiyyətinə vermək şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanı qəbul edərək, 11369 manat ilkin ödənişi əvvəlcədən ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüş, ödəniş qrafikinə əsasən 21163 manat lizinq məbləğinin 60 ay müddətinə (müqavilənin bağlanma tarixi əsas götürülməklə 60 ay hesablandıqda sonuncu ödəniş tarixi xx.xx.2024-cü il tarix olmaqla) ödənilməsi razılaşdırılmışdır. - Lizinq verən ("xxxx" MMC) “Hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020ci il tarixli üçtərəfli sazişə əsasən adıçəkilən lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün lizinq ödənişlərinin hüquq qəbul edən şəxsə ödənilməsi şərti ilə iddiaçıya ötürmüş, cavabdeh qeyd olunan tarixdən sonrakı dövr üçün qrafik üzrə hər hansı ödəniş həyata keçirməmişdir.
13. İddiaçı xx.xx.2024-cü il tarixə olan 15872,29 manat gecikdirilmiş lizinq ödənişlərinin cavabdehdən tutulmasını tələb edir.
14. Cavabdeh iddiaya pulun tutulması hissəsində etiraz edir, lizinq obyektinin qaytarılmasına yalnız avans kimi ödədiyi 11369 manat məbləğində pulun qaytarılması şərtilə razı olduğunu bildirir.
15. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
16. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
17. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
18. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
19. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
20. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən təsdiq edilmiş üzləşmə və təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixə cavabdehin xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə borcu 16930,36 manat təşkil edir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmin məbləğin texniki səhv nəticəsində artıq göstərildiyini, cavabdehin ***-*******-9 nömrəli hesabından çıxarışa əsasən 16001,53 manat məbləğində borcu qaldığını bildirmişdir.
21. Məhkəmə “Hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli üçtərəfli saziş, hesabdan çıxarış və cavabdehin xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əlavə edilən ödəniş cədvəlini müqayisəli təhlil edərək qeyd edir ki, lizinq müddətinin sonuna cavabdehin iddiaçıya olan borcu 16001,53 manat təşkil edir.
22. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü bəndində təsbit edilmiş mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə olan halda, xx.xx.2020-ci il tarixə cavabdehin xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 15872,29 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı qalıq məbləğə tələb hüququnu özündə saxlayır.
b) Lizinq obyektinin qaytarılması tələbi ilə bağlı
23. İddia ərizəsində iddiaçıya məxsus 1 ədəd “Belarus-892” markalı traktorun və 1 ədəd “AKB-4.2-1” markalı kultivatorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi tələbi də irəli sürülmüşdür.
24. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
25. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
26. xx.xx.2019-cu il tarixli 29 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləsinin 3.5-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ Lizinq alana keçir.
27. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Başqa sözlə, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
28. Hazırkı halda isə iddiaçı lizinq müqaviləsinin müddətinin (xx.xx.2024) başa çatmasına 5 gün qalmış məhkəməyə müraciət etdiyindən, müqaviləyə onun qüvvədə olma müddətində daha əvvəl xitam vermədiyindən, lizinq obyektinin ödəniş qrafikində razılaşdırılan qalıq dəyərinin tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi razılaşdırıldığından, hazırkı iddia tələbi ilə lizinq alandan qalıq 16001,53 manat öhdəliyindən 15872,29 manat hissəsi tələb olunduğundan, tələb olunmayan 129,24 manat (16001,53-15872,29) öhdəlik ümumi öhdəliyin həcminə münasibətdə cuzi məbləğ olduğundan və cavabdeh həmin hissənin də ödənilməsi hüququnu özündə saxladığından məhkəmə hesab edir ki, lizinq verənin eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.
29. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbi təmin edilməməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
30. İddiaçı həmçinin ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 138 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə iddia tələbinin qiymətləndirilən hissədə təmin olunduğunu və dövlət rüsumu ödənilərkən iddianın qiymətinə uyğun olaraq 138 manat məbləğində dövlət rüsumu ödənildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 15 872 (on beş min səkkiz yüz yetmiş iki) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova