Məhkəmə qərarları › İş №e-2-2(113)-3232/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3232/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3232/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə öhdəliyi üzrə borc» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 161065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 212211,1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 380819,89 ABŞ dolları və 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 2020-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" ASC Gürcüstandakı Filialı - “Akkord Georgia” arasında 0228/20 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.2-ci maddəsinə əsasən, Malların miqdarı, növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakter isusiyyətləri Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunur. Müqaviləyə əlavə olunmuş Hesabat sənədində Mallarla bütün detallar və Malların qiymətləri əks olunmuşdur. Müqavilənin 2.1ci maddəsinə əsasən, Malların qiyməti və Müqavilənin dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilələrdə razılaşdırılacaq. Müqaviləyə əlavə qismində çıxış edən hesabat sənədində qeyd olunmuşdur ki, malların ümumi dəyəri 252.565 ABŞ dolları (iki yüz əlli iki min beş yüz altmış beş ABŞ dolları əlli altı sent) təşkil edir və 19 fevral 2021-ci il tarixədək Alıcı həmin məbləğin 91.500 ABŞ dolları (doxsan bir min beş yüz ABŞ dolları) hissəsini ödəmişdir. Alıcının bugünədək ödəmədiyi və ödəməkdən boyun qaçırdığı məbləğ 161.065,56 ABŞ dolları (yüz altmış bir min altmış beş ABŞ dolları əlli altı sent) təşkil edir. Müqaviləyə əlavə qismində tərtib edilmiş Hesabat sənədində əks olunmuş qrafikdən də göründüyü kimi, Müqavilə üzrə razılaşdırılmış bütün mallar 07.08.2020-ci ilədək Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir. Halbuki, təchiz edilən Malların dəyərinin əsas hissəsi Alıcı tərəfindən hələ də ödənilməmiş qalır. Müqavilənin 5.1.1 -ci maddəsinə əsasən, əgər Satıcı Malları ayın 25-dək Alıcıya çatdırarsa, ödəniş növbəti ayın 20-dək Satıcıya ödənilməli, əgər Satıcı Malları ayın 25-dən sonra Alıcıya çatdırarsa, Alıcı növbəti 45 təqvim günü ərzində ödənişi Satıcıya ödəməlidir. Müqavilənin 3.4.3-cü maddəsinə görə, Alıcı bu Müqavilənin 3.4.1-ci maddəsinin tələblərini icra edənədək keçən hər bir gün üçün ödəniş gecikdirilən Malların dəyərinin 0.5 %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Buna müvafiq olaraq, Alıcıya 30.04.2020 tarixində 16,880.29 USD dəyərində mal göndərilmişdir, Alıcı bu məbləği 45 gün ərzində, yəni 14.06.2020 tarixinə qədər ödəməli olduğu halda, 20.06.2020 tarixində 9000 USD hissəsini, 04.07.2020 tarixində isə yerdə qalan 7880.29 USD hissəsini ödəmiş müqavilənin 4.3.4. Maddəsinə əsasən, 16,880.29 USD (on altı min səkkiz yüz səksən ABŞ dolları və 29 sent) üçün 6 günlük, günlük ( olmaqla ümumilikdə 3%, yəni 506.40 USD, 7,880.29 USD üçün 14 günülük, günlük 0.5% olmaqla ümumilikdə 7%, yəni 551,62 USD cərimə; Alıcıya 14.05.2020 tarixində 16,900.86 USD dəyərində mal göndərilmişdir. Alıcı bu məbləği 20.06.2020 tarixində ödəməli olduğu halda 119.71 USD hissəsini 04.07.2020 tarixində, 9781.15 USD hissəsini isə 10.07.2020 tarixində ödəmişdir. 16,900.86 USD üçün 14 gü ümumilikdə 7% olmaqla 1183.06 USD, 9781.15 USD üçün 6 günlük, ümumilikdə 3% olmaqla 293.43 USD Cərimə; Alıcıya 23.06.2020 tarixində 15,327 USD Dəyərində məhsul göndərilmişdir, Alıcı bu məbləği 20.07.2020 tarixindən əvvəl ödəməli idi, bu məbləğin 11,417.13 USD hissəsini vaxtında ödəmiş, yerdə qalan 3,909.87 USD məbləğin 3000 USD hissəsini 19.11.2020 tarixi qalanını isə 02.12.2020 Tarixində ödəmişdir. Alıcının bu məbləği 20.07.2020 tarixində ödənilməli olduğunu nəzərə alaraq, 3,909.87 USD üzrə 22 günlük, günlük 0.5% olmaqla, ümumilikdə 61%, yəni 2385.02 USD, 909.87 USD üçün 13 günlük, ümumilikdə 6.5%, yəni 59.14 USD Cərimə; Alıcıya 09.07.2020 tarixində 17,034.33 USD Dəyərində məhsul göndərilmişdir. Bu məbləğ 20.08.2020 tarixinə qədər ödənilməli olsada, Bu məbləğin 3090.13 USD hissəsi 02.12.2020 tarixində, 3000 USD hissəsi 09.12.2020 tarixində, 2500 USD hissəsi 29.12.2020-ci tarixində ödənmişdir. Yerdə qalan 8444.31 USD isə bu günə (17.06.2021) qədər ödənməmiş olaraq qalır. Buna görə də 17,034.33 USD günlük, ümumilikdə 52%, yəni 8857.8 USD, 13,944.20 USD üçün 7 günlük, ümumilikdə 3.5%, yəni 488.04 USD, 11,444.20 USD üçün günlük, ümumilikdə 10%, yəni 1,144.42 USD və 8444.31 USD üçün 301 günlük (17 iyun 2021 etibarı ilə), ümumilikdə 150.5%, yəni 12,708 ABŞ dolları cərimə; Alıcıya 17.07.2020 Tarixində 17,093.73 USD dəyərində, 22.07.2020 tarixində 51,310.90 USD dəyərində, 29.07.2020 tarixində 33,86 SD dəyərində, 29.07.2020 tarixində 16,272.50 USD dəyərində, 07.08.2020 tarixində 34,083.50 USD dəyərində mal göndərilmişdir. Alıcı məbləğləri uyğun olaraq 20.08.2020, 20.08.2020, 12.09.2020, 12.09.2020, 20.09.2020 tarixilərində ödəməli olduğu halda, bu günə qədər hələ də ödəməmişdir, buna görə də 17093.73 USD üçün 301 günlük - 150.5% olmaqla 25,726 USD, 51310.90 USD üçün ünlük - 150.5% olmaqla 77,222.90 USD, 33860.74 USD üçün 278 günlük - 139% olmaqla 47,066 USD, 16272.50 USD üçün 278 günlük 39% olmaqla 22,618.77 USD, 8444.31 USD üçün 270 günlük - 135% olmaqla 11,399.81 USD cərimə; Ümumilikdə 212,211.1 USD (iki yüz on iki min iki yüz on bir ABŞ Dolları və bir sent) cavabdeh tərəfindən əsas borca əlavə olara iddiaçıya ödənməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinn iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə mülumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə "xxxx" ASC Gürcüstandakı Filialı - “Akkord Georgia” arasında bağlanmış 21 aprel 2020-ci il tarixdə 0228/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, İran istehsalı olan armatur (BS 4449 & BS 4483 və ya GOST B500B markalı və ölçüsü 12 mm-dən 32 mm-ə qədər olan) Asfalt üçün bitum: alt qat - Orijinal 40/60 penetrasiya bitumundan polimer bitum, bağlayıcı qat - adi bitum 40-50 penetrasiya; yuxarı təməl qat - adi bitum 60-70 penetrasiya Körpü tirləri üçün dəmir tros (Tip K-7 Super Strand 1860 diaınetr 15.2 mm) malları satır və Alıcının mülkiyyətinə verir. “Alıcı" isə həmin Malları alır və mülkiyyətinə qəbul edir və Malların bu Müqavilədə və ya onun əlavəsində razılaşdırılmış dəyərini “Satıcı"ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Malların miqdarı, növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakter isusiyyətləri Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunur. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən, Malların qiyməti və Müqavilənin dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilələrdə razılaşdırılacaq. İş materiallarına əlavə edilmiş, 21 aprel 2020-ci il tarixli 0228/20 saylı alqı-satqı müqaviləsi üzrə “Akkord Georgia” və "xxxx" MMC şirkəti arasında olan hesabata dair sənəddən görünür ki, “Akkord Georgia” ilə "xxxx" MMC arasında olan 19.02.2021-ci il tarixə kimi ümumilikdə 252565,57 ABŞ Dolları dəyərində tros, contayner və borular alınmış, qarşılığında isə 91500 ABŞ dolları ödəniş edilmiş və 19.01.2021-ci il tarixinə olan borc məbləği 161065,57 ABŞ dolları təşkil edir. Qeyd olunan maliyyə arayışı “Akkord Georgia” direktoru Məzahir Abdullayev tərəfindən imza edilməklə möhürlə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edərək, 161065,56 ABŞ dollar borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" ASC Gürcüstandakı Filialı - “Akkord Georgia” arasında 21 aprel 2020-ci il tarixli 0228/20 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilələrə əsasən satıcı İran istehsalı olan armatur (BS 4449 & BS 4483 və ya GOST B500B markalı və ölçüsü 12 mm-dən 32 mm-ə qədər olan) Asfalt üçün bitum: alt qat - Orijinal 40/60 penetrasiya bitumundan polimer bitum, bağlayıcı qat - adi bitum 40-50 penetrasiya; yuxarı təməl qat - adi bitum 60-70 penetrasiya Körpü tirləri üçün dəmir tros (Tip K-7 Super Strand 1860 diaınetr 15.2 mm) malları satır və Alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Hal-Hazırda cavabdeh tərəfindən tərəflər arasında bağlanmış öhdəlikləri tam yerinə yetirmədiyindən iddiaçı müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 161065,56 ABŞ dollar əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 21 aprel 2020-ci il tarixdə 0228/20 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən 161065,56 ABŞ dollar əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə 7543,23 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməli, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzrə müvafiq olaraq hesablanmış 7543,23 ABŞ dolları faiz borcu məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 212211,1 ABŞ dolları cərimə borcu ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 212211,1 ABŞ dolları cərimə borcunun 2122 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 161.065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 2122 ABŞ dolları cərimə borcu olmaqla cəmi 170730,79 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 161.065,56 (yüz altmış bir min altmış beş dollar, əlli altı sent) ABŞ dolları əsas borc, 7543,23 (yeddi min beş yüz qırx üç dollar iyirmi üç sent) ABŞ dolları faiz borcu və 2122 (iki min yüz iyirmi iki) ABŞ dolları cərimə borcu olmaqla cəmi 170730,79 (yüz yetmiş min yeddi yüz otuz dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh "xxxx" ASC ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar