Məhkəmə qərarları › İş №e-2-2(113)-3232/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3232/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3232/2024 10.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 016952 nömrəli xx.xx.2023-cü il tarixli, 005951 nömrəli, xx.xx.2023-cü il tarixli, 013671 nömrəli və xx.xx.2023-cü il tarixli, 06274 nömrəli elektron qaimələr üzrə 9.755,10 manat əsas borcun va ödənilmiş 117 manat dövlət rüsumunun alınaraq iddiaçiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 020/23 saylı alqı-satqı müqaviləsinə görə satıcı "xxxx" MMC alıcı Cavabdeh MMC-yə müqaviləyə əlavədə göstərilən malların satışını həyata kecirir, alıcı isə həmin malları qəbul edir va razılaşdırılmış 30 gün müddətinə malın dəyərini satıcıya ödəyir. Lakin alıcıcavabdehin müqavilə şərtlərinə uyğun olaraq iddiaçıdan xx.xx.2023-cü il tarixli, 016952 nömrəli elektron qaiməyə görə 4.105,01 manat, xx.xx.2023-cü il tarixli, 005951 nömrəli elektron qaimayə görə 2.868,78 manat, xx.xx.2023-cü il tarixli, 013671 nömrəli elektron qaiməyə görə 2.953,27 manat və xx.xx.2023-cü il tarixli, 06274 nömrəli elektron qaiməyə görə 1.828,04 manat olmaqla, cəmi 11.755,10 manat borcu yaranmiş, həmin borcdan cəmi 2.000 manat ödənişi bank hesabina köçürmüş, bu günədək iddiaçiya 9.755,10 manat borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 020/23 saylı müqavilə imzalanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləy əlavədə göstərilən mal satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin məbləği qaimə və qiymət cədvəli əsasında tənzimlənir. Ödəniş alıcı tərəfindən köçürmə yolu ilə elektron faktura kəsildikdən sonra 30 gün ərzində həyata keçiriləcəkdir (3.2-ci bənd).

12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDE seriyalı, 016952 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 4.105,01 manat, EBDE seriyalı, 005951 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.868,78 manat, EBDE seriyalı, 006274 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.828,04 manat, EBDE seriyalı, 013,671 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.953,27 manat olan elektron qaimələr göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 11.755,1 manat təşkil edir.

17. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdeh tərəfindən 11.755,1 manat borcdan 2.000 manat ödəniş edildiyini bildirərək, qalıq 9.755,1 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.

18. İş materiallarına əlavə olunmuş hesabdan çıxarıışdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xx.xx.2023-cü il tarixdə 1.000 və xx.xx.2023-cü il tarixdə də 1.000 manat olmaqla, cəmi 2.000 manat məbləğində pul mədaxil edilmişdir.

19. Məhkəmə qeyd edir ki, göründüyü kimi, 11.755,1 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin məbləğdən 2.000 manat məbləğində ödəniş etməklə malların ona təqdim edildiyini qəbul etmişdir.

20. Cavabdeh tərəf də, məhkəmə iclasına gəlməməklə yanaşı iddiaya etiraz etməmiş və verilmiş olan mallara görə pulun ödənilməsi barədə hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir.

21. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 9.755,1 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 110 manat məbləğində pul Bakı 8 saylı Mediasiya Təşkilatına ödənmişdir.

23. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Bundan başqa, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 9 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

25. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 9.755 (doqquz min yeddi yüz əlli beş) manat, 10 (on) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 09 (doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar