Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3234/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, 5-R/20 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, 5-R/20 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, aldığı mallara görə 2.289,80 manat məbləğində əsas, 440,73 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsumun əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti, ümumilikdə 2.790,53 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, 5-R/20 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin (satıcı) istehsal etdiyi süd və süd məhsulları Cavabdeh MMC-yə (Alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müəssisələrindən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 2.289,80 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və halhazırda cavabdehin borc məbləği 2.289,80 manat təşkil edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən - tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (pretenziya) xx.xx.2022-ci il tarixində təqdim edilmişdir), cavabdeh yaranmış borcunu bu günə kimi ödəməmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən - alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 23 may 2022-ci il tarixinə olan cərimənin məbləği 440,73 manat təşkil edir. Tərəflərindən ilkin mediasiya sessiyasına görə 60 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin ümumi borcu – 2.790,53 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, 5-R/20 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 03 dekabr 2020-ci il tarixli 5-R/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilən məhsulları alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu müqavilənin şərtlərinə uyğun olaraq dəyərini ödəməyi öz öhdəsinə götürür. 3.3-ci bəndinə əsasən malların ödənişi alıcı tərəfindən təhvil alındığı gündən 30 təqvim günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. 4.2.1-ci bəndinə əsasən alıcı satıcının ona satdığı malı qəbul edib onun dəyərini bu müqavilənin 3.3-cü bəndində müəyyən edilmiş müddətdə satıcıya ödənilməsini öz öhdəsinə götürür. 5.2-ci bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 10.1.1-ci bəndində əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə 2481,28 manat dəyərində, o cümlədən, ƏDV daxil 123,93 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 338345 saylı; ƏDV daxil 91,04 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 965107 saylı, ƏDV daxil 44,65 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 965983 saylı, ƏDV daxil 178,98 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 965982 saylı, ƏDV daxil 172,30 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 909923 saylı, ƏDV daxil 164,43 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 909910 saylı, ƏDV daxil 190,63 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 799207 saylı, ƏDV daxil 212,59 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 602879 saylı, ƏDV daxil 271,80 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 531277 saylı, ƏDV daxil 166,42 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 531272 saylı, ƏDV daxil 492,80 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 233516 saylı, ƏDV daxil 69,78 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 152901 saylı və ƏDV daxil 301,93 manat dəyərində malın verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 152896 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən 2021-ci il oktyabr ayı üzrə malların təhvil-qəbul aktlarına əsasən ümumilikdə 2481,28 manat dəyərində mallar Cavabdehnə təhvil verilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə alqı-satqı müqaviləsi üzrə yuxarıda qeyd edilən eqaimələrə görə (xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 152896 saylı elektron qaimə üzrə ödənilməyən hissə 110,45 manat) cəmi ödənilməli olan əsas borc 2.289,80 manat və cərimə borcu 440,73 manat təşkil edir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcu öhdəliyini 5 iş günü ərzində icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 dekabr 2020-ci il tarixli 5-R/20 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 2.289,80 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 2.289,80 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 2.289,80 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 440,73 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 110 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 47,30 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, 5-R/20 saylı müqavilə üzrə 2289,8 manat (iki min iki yüz səksən doqquz manat səksən qəpik) məbləğində əsas borc, 110 (yüz on) manat məbləğində dəbbə pulu, cəmi 2399,8 (iki min üç yüz doxsan doqquz manat səksən qəpik) manat pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3234/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3234/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver