Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3236/2022 04.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli, 20/46 saylı müqaviləyə və onun əlavələrinə əsasən 44 999,77 manat əsas borcun, 21 599,88 manat cərimənin, 2812,48 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, 99 manat dövlət rüsumunun, toplam 69 711, 13 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. 24 sentyabr 2020-ci il tarixində İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 20/46 saylı alğı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə 48 327,77 (qırx səkkiz min üç yüz iyirmi yeddi, yetmiş yeddi qəpik) manat məbləğində gübrə təhvil verilmişdir. Qeyd olunan malların dəyərinin 3328,00 manat hissəsi ödənilmiş, qalan 44 999,77 manat bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Qeyd olunan borcla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı bağlanılmış və 44 999,77 manat məbləğində borcun mövcudluğu təsdiq edilmişdir. Bu Müqavilənin 5.3-cümaddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 21 599,88 manat təşkil edir. Bundan əlavə Mərkəzi Bankın xx.xx.2020-ci il tarixindən etibarən 6,25% uçot faiz dərəcəsi müəyyən etmişdir. Buna əsasən, cavabdehin ödəməli olduğu faizin məbləği 2812,48 manat təşkil edir. Beləliklə, Cavabdeh MMCin İddiaçınə ödəməli olduğu borc məbləğinin həcmi 69 412,13 (altmış doqquzmin dörd yüz on iki, on üç qəpik ) manat təşkil edir. Cavabdehlə alğı-satqı münasibətləri 2021-ci ilin yanvar-aprel ayları ərzində olmuşdur, o vaxtdan bəri dünya bazarında bitki mühafizə vasitələrinin qiymətində kəskin artım olduğuna görə, borcun məbləğinin vaxtında ödənilməməsinin cəmiyyətə vurduğu faktiki ziyan iddia tələbindən artıqdır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində AG-34/22 nömrəli pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş etməmişdir. Eyni pretenziya məktubu xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə, xx.xx.2022-ci il tarixində isə elektron kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Bundan əlavə, yaranmış kommersiya mübahisəsinin mediasiya yolu ilə həll edilməsi üçün mediatora müraciət edilmiş, lakin xx.xx.2022-ci il saat 16:45-ə təyin olunmuş mediasiyaya cavabdeh gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 24 sentyabr 2020-ci il tarixli 20/46 nömrəli alqı- satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”nı mütəmadi olaraq bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla (bundan sonra “Mal”) təmin edir. “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini “satıcı”ya ödəyir. 5.3-cü bəndə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında “satıcı” “alıcı”dan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 4 nömrəli üzləşmə aktında xx.xx.2021-ci il tarixinə Cavabdeh MMC tərəfindən 9.480,11 manat ödənilməli məbləğ qeyd olunmuşdur. EBAZ seriaylı 698560 nörməli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 23.124,20 manat, EBAZ seriaylı 698560 nörməli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 23.124,20 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. AG-61/22 nömrəli 10 may 2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin 09 mart 2022-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 44.999,77 manat, gecikdirilmiş günlərə görə hesablanmış cərimə məbləği 21.599,88 manat, faiz məbləği isə 2.812,48 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 200 manat Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş 44.999,77 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Əlavə olaraq iddiaçı 21.599,88 manat məbləğində dəbbə pulunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.467-ci maddəyə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə 21.599,88 manat məbləğində dəbbə pulunun 4.500 manat məbləğinə azaldılmasını ədalətli hesab edir. Məhkəmə iddia tələbinin 2.812,48 manat faiz borcu hissəsində aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbini qeyd olunan hissədə AR MM-nin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin faydalandığına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 99 manat iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24 sentyabr 2020-ci il tarixli, 20/46 saylı alğı-satqı müqaviləsi üzrə 44 999,77 manat əsas borc, 4.500 manat cərimə məbləği, 200 manat mediasiya xərci, 99 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3236/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3236/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver