Məhkəmə qərarları › İş №e-2-2(113)-3237/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3237/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3237/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2013-cü il tarixli, 06 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı 116.992 manatın, öhdəliyin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq 7 il 6 ay saxladığına görə illik 5% olmaqla 44452,4 (qırx dörd min dörd yüz əlli ikimanat 40 qəpik) manatın, 30 (otuz) manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə İddiaçı MMC arasında 20 aprel 2013-cü il tarixli, 06 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişinə əsasən Naftalan şəhərində “Qonaq evi”ni inşa etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi bu müqavilənin icra olunmasına üçün İddiaçı MMC bank hesabına ƏDV-siz 143650 (yüz qırx üç min altı yüz əlli) manat ödəməyi, ödənişin 30 %-ə qədər hissəsini avans şəklində, qalan hissəsini yerinə yetirilmiş işin həcminə görə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-yə avans olaraq 26 658 (iyirmialtı min altı yüz əlli səkkiz) manat ödəmiş, İddiaçı MMC həmin sifarişi tam icra edərək, Naftalan şəhərində “Qonaq evi”ni inşa etmiş və 14.11.2013-cü il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə təhvil vermişdir. Həmin tarixdən uzun müddət (7 il 6 aydan çox) keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-yə 116992 (yüz on altımin doqquz yüz doxsan iki) manat borcu qalmış və cavabdeh bu günədək həmin borcu ödəməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə "xxxx" MMC 11 yanvar 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə aktın surətindən göründüyü kimi İddiaçı MMC-yə 116992 (yüz on altı min doqquz yüz doxsan iki) manat borcunu təsdiq etsə də həmin borcu ödəmir. Cavabdeh borclu olduğu 116.992 manatı qanunsuz özündə saxlamışdır. Cavabdeh 116992 manatı 7,6 ildir ki, qanunsuz olaraq özündə saxladığından illk 5% nəzərə alınmaqla (116992x5%:100=5849x7,6=44452,4) əlavə olaraq 44452,4 (qırx dörd min dörd yüz əlli iki manat 40 qəpik) manat ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin keçdiyini bildirirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 20 aprel 2013-cü il tarixdə, 06 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icraçı İddiaçı MMC Naftalan şəhərində “Qonaq evi”ni inşa edib, sifarişçiyə təhvil verməyi öz üzərinə götürmüşdür. Layihənin ümumi dəyəri müqavilə ilə 143.650 manat müəyyənləşdirilmişdir. Qeyd edilən layihə sifarişçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə 14 noyabr 2013-cü il tarixli aktla təhvil verilmişdir. İşin digər müəyyən olunmuş halları isə ondan ibarətdir ki, tərəflər 14 yanvar 2014-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.01.2014-cü il tarixə 169.507 manat borcunun olduğunu, 14 iyul 2014-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.07.2014-cü il tarixə 139.507 manat borcunun olduğunu, 16 yanvar 2015-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.01.2015-ci il tarixə 116.992 manat borcunun olduğunu, 16 iyul 2015-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.07.2015-ci il tarixə 116.992 manat borcunun olduğunu, 14 yanvar 2016-cı il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.01.2016-cı il tarixə 116.992 manat borcunun olduğunu, 13 iyul 2016-cı il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.07.2016-cı il tarixə 116.992 manat borcunun olduğunu, 11 iyul 2017-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.07.2017-ci il tarixə 116.992 manat borcunun olduğunu, yanvar 2018-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.01.2018-ci il tarixə 116.992 manat borcunun olduğunu və ən son 11 yanvar 2021-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalamaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi İddiaçı MMC-nə 01.01.2021-ci il tarixə 116.992 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Qeyd edilməlidir ki, podrat müqaviləsi əşyanın (işin nəticəsinin), yəni görülmüş işin nəticəsi olan əşyanın verilməsi anına kimi qüvvədə olmaqla müqavilə bağlandığı andan qüvvəyə minir. Buna görə də, podrat müqaviləsi konsesnsual müqavilədir. Yəni, müqavilənin bağlanmış hesab edilməsi üçün tərəflərin müqavilənin mühüm şərti barədə razılığa gəlmələri tələb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi, müqavilə ilə şərtləşdirilmiş iş sifarişçi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən 14 noyabr 2013-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda onun qəbul edilmiş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır. Tərəflər müxtəlif tarixlərdə qarşılıqlı borcların üzləşdirilməsi aktını imza etməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin İddiaçı MMC-yə borcunun qaldığını etiraf etmişdir. Hazırda da, iddiaçı məhkəməyə müraciət edərək, etiraf edilmiş 116.992 manat borcun və görülmüş işin qəbul edildiyi (14 noyabr 2013-cü il) tarixdən illik 5 faiz hesablanmaqla 44452,4 manat pulun tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, işlərin 14 noyabr 2013-cü il tarixdə təhvil alındığını, 2014-cü ildə müəyyən ödənişlərin olduğunu, 2014-cü ilin avqust ayından sonra isə heç bir ödəniş edilmədiyi qeyd edərək, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndindən görünür ki, yerinə yetirilmiş işə görə ödənişlər işin sifarişçiyə təhvil verildikdən sonra həyata keçirilir. Belə olan halda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən 14 noyabr 2013-cü il tarixdən İddiaçı MMC-yə borcun ödənilməsi öhdəliyi yaranmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun təhvil aldığı işlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İşin araşdırılmış hallarından da, göründüyü kimi borcun 116.992 manat olması cavabdeh tərəfindən üzləşmə akttları ilə etiraf olunduğundan qeyd edilən hissədə iddia əsaslıdır və təmin edilməlidir. İddianın digər hissəsi olan illik 5 faiz hesablanmaqla 44452,4 manat pulun tutulması ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehin pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda iddiaçının daha böyük məbləği tələb etmək üçün digər əsaslar olmadığından gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, müqavilənin predmeti olan iş sifarişçi tərəfindən 14 noyabr 2013-cü il tarixdə qəbul edilmiş və həmin tarixdən də İddiaçı MMC-yə borcun ödənilməsi öhdəliyi yaranmışdır. Göründüyü kimi müqavilə üzrə borcun ödənilməsi 7 il 6 ay (14 noyabr 2013-cü il tarixdən 21.06.2021-ci il tarixədək) müddətinə gecikdirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 7 il 6 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 43.872 manat (116.992 x 5% = 5849,6; 7 il üçün 40.947,2 + 6 ay üçün 2924,8 = 43.872) təşkil edir. Ona görə də qeyd edilən hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış üzləşmə aktları borcun etirafını nəzərdə tutan hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən Plenum qərarında borclunun kreditora ünvanladığı məktub borcun etirafl kimi qəbul edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış üzləşmə aktı hər iki tərəfdən imzalanmış və təsdiq edilmiş sənəd olduğundan borcun etiraf edilməsinə yönələn hərəkət kimi qəbul edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, tərəflər hər dəfə üzləşmə aktı imzalamaqla iddia müddətinin axımı kəsilmiş və müddət yenidən hesablanmağa başlanmışdır. İş materiallarına əlavə edilmiş üzləşmə aktları arasında ən uzun interval 01.01.2018-ci il tarixə 116.992 manat borcun etiraf olunmasına dair 2018-ci ilin yanvar ayında imzalanmış üzləşmə aktı ilə 01.01.2021-ci il il tarixə 116.992 manat borcun etiraf olunmasına dair 11 yanvar 2021-ci ildə imzalanmış üzləşmə aktları təşkil edir. Qeyd edilən üzləşmə aktları da, arasında müddət 3 il təşkil edir və 3 ildən artıq müddəti keçməmişdir.Ona görə də, cavabdehin iddia müddətinin keçməsi barədə dəlili əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 116992 manat əsas borc üzrə, əsas borca illik 5 faiz hesablanmaqla 43872 manat, cəmi 160.864 (yüz altmış min səkkiz yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 116992 manat əsas borc üzrə, əsas borca illik 5 faiz hesablanmaqla 43872 manat, cəmi 160.864 (yüz altmış min səkkiz yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar