Məhkəmə qərarları › İş №e-2-2(113)-3238/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3238/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3238/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun cavabdeh “Mahal" Mənzil Tikinti Kooperativinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu cavabdeh “Mahal" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 426/18 saylı müqaviləyə əsasən yaranmış 47.702,68 (qırx yeddi min yeddi yüz iki, 80 qəpik) manat, və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 xidmət haqqı, ümumilikdə 47.902,68 (qırx yeddi min doqquz yüz iki, 68 qəpik) manatın Cavabdeh Mənzil Tikinti Kooperativinin hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X2 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu arasında bağlanılmış 426/18 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının inşasında istifadə olunan inşaat materiallarının sınaq işləri aparılmışdır. Qeyd edilən xidmətlə əlaqədar 426/18 nömrəli xx.xx.2018-ci il tarixli müqavilənin dəyəri 47.702,68 (qırx yeddi min yeddi yüz iki, 68 qəpik) manat İnstitut tərəfindən dəfələrlə cavabdeh tərəfindən Kooperativə olunan müraciətə baxmayaraq, bu günə kimi ödənilməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu arasında xx.xx.2018-ci il tarixli 426/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Müqavilədən görünür ki, sifarişçi (Mahal MTK) həvalə edir, icraçı isə ünvan 2 ünvanında inşa olunacaq 2 (iki) ədəd, 2 (iki) girişli, 2(iki) səviyyəli zirzəmi ilə, 17 (on yeddi) mərtəbəli (+mansard, 1 və 2-ci mərtəbə qeyri-yaşayış) yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi, görülməli olan işlərin dəyəri cəmi 47.702,68 manat təşkil edir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 468/22 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən tərəflər 47.702,68 manat məbləğində işlərin görülməsini qəbul etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə sınaq işlərinin keçirilməsi və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin araşdırımış hallarından göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 47.702 (qırx yeddi min yeddi yüz iki) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul “Mahal" Mənzil Tikinti Kooperativindən tutularaq Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun hesabına ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 662 saylı ödəniş tapşırığından görünür ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən mediator X5 hesabına 200 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia tam təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli 426/18 saylı müqavilə üzrə 47.702 (qırx yeddi min yeddi yüz iki) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul “Mahal" Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul “Mahal" Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar