Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3238/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli AP07/2024 saylı korparativ satış üzrə alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borc üzrə 104000 (yüz dörd min) manat, cərimə borcu üzrə 3764 (üç min yeddi yüz altmış dörd) manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 5200 (beş min iki yüz) manat və əldən çıxmış fayda üzrə 37036 (otuz yeddi min otuz altı) manat olmaqla cəmi 150000 (yüz əlli min) manat məbləğində pulun, 440 (dörd yüz qırx) manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1200 (min iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AP07/2024 saylı korparativ satış üzrə alqısatqı müqaviləsi əsasında İddiaçı MMC Cavabdeh2 məhsullar satmış, lakin Cavabdeh2 malların dəyərini ödəməmiş və beləliklə də üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şətlərini pozmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 təqdim edilən xx.xx.2024-cü il tarixli təhvil aktı üzrə İddiaçı MMC tərəfindən 200 ton ammonium nitrat məhsulları cavabdehə satılsa da cavabdeh bu günə kimi heç bir ödəniş etməmiş və buna görə də İddiaçı MMC-yə hal-hazırda cəmi 104000 (yüz dörd min) manat borcu qalmaqdadır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 4.3-ci bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün satıcıya ödənilməli olan məbləğin 0,01% həcmində cərimə ödəməlidir. Belə olan halda ödənişin gecikdirildiyi 362 gün üçün (pretenziya verilən vaxtadək) 3764 (üç min yeddi yüz altmış dörd) manat cərimə hesablanmışdır. Bundan başqa, Cavabdeh2 İddiaçı MMC-yə olan cəmi 104000 AZN ödənilməmiş borcunuza 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə Cavabdeh2pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu 5200 (beş min iki yüz) manat təşkil edir. Öhdəliklərini icra etsə idi, İddiaçı MMC borc məbləğinin ən az 7%-i həcmində gəlir əldə ədəcəkdi. Belə olan halda İddiaçı MMC 104000 AZN məbləğinin adi mülki dövriyyədən aylıq 7280 AZN olmaqla öhdəliyin icra edilmədiyi 14 ay üçün 101920 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin cavabdeh öhdəliklərindən boyun qaçırdığı üçün İddiaçı MMC həmin qazancdan məhrum olmuşdur. Lakin buna baxmayaraq tərəflər arasında bu günə kimi olan işgüzar əlaqələri nəzərə alınaraq həmin məbləğə güzəşt edilərək 37036 (otuz yeddi min otuz altı) manat əldən çıxmış fayda hesablanmışdır.
3. Cavabdeh tərəfindən məhkəməyə yazılı ərizə (mülahizə) təqdim olunmuşdur.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Müqavilənin 50% avans ödənməsi tələb olunsa da, bu şərt yerinə yetirilməmiş və məhsul əvvəlcədən təhvil verilmişdir. Ödəniş yalnız 4-5 ay sonra, real şəraitə uyğun olaraq 10000 manat məbləğində edilmişdir. Bu hal müqavilə şərtlərinin yalnız yazılı formada mövcud olmasına baxmayaraq, tərəflər arasında şifahi razılaşmaların əsas rol oynadığını göstərir. Cavabdeh bu müqaviləni imzaladığı zaman qarşı tərəf onu etibarlı və dürüst bir tərəf kimi qiymətləndirərək belə demişdi: “Bu, sadəcə standart müqavilədir, narahat olma”. Bu açıqlama, satıcının öz şərtlərini ciddiyə almadığını və müvafiq şəkildə davranmadığını sübut edir. İddiaçı cavabdehin sahibkar olduğunu və kommersiya münasibətlərində iştirak etdiyini iddia edir. Ancaq müqavilədə VÖEN-i göstərilməmiş və onun VÖEN-i çoxdan qeyri-aktivdir. Cavabdeh bu müqaviləni fiziki şəxs olaraq imzalamışdır və buna görə də kommersiya faizlərinin və cərimələrinin hesablanması hüquqi cəhətdən əsassızdır. Əgər bu müqavilə fiziki şəxslər arasında bağlanmışsa, onda müvafiq olaraq öhdəliklər də fiziki şəxslərə uyğun şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən göstərilən məbləğ, 150000 manatın çox şişirdildiyini nümayiş etdirir: 104000 manat əsas borc - Bu məbləğ malın ümumi qiymətidir, amma artıq 10000 manat ödənilmişdir; 5% faiz – Bu yalnız pulun qanunsuz saxlanması hallarında tətbiq edilə bilər. Cavabdeh ödənişləri mümkün qədər yerinə yetirmiş və hər zaman ödəmə niyyəti olmuşdur. Cərimə və “əldən çıxmış fayda” – Bu məbləğlər konkret zərərə əsaslanmır, yalnız nəzəri və kommersiya mülahizələrinə söykənir. Cavabdehin bu borca dair heç bir yayındığı və ya təqsirli davranışı yoxdur. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, faizlər və cərimələr yalnız tərəflər arasında ödəmə niyyətindən yayınma olduqda tətbiq oluna bilər. Cavabdehin ödəmə niyyəti həmişə olub, buna görə də şişirdilmiş faiz və cərimələrə razı deyil. Cavabdehin borcdan yayınmağı, yaxud qarşı tərəfdən gizlənməyi barədə heç bir əsas yoxdur. Sadəcə olaraq ilk ödəniş müqavilədəki kimi həyata keçirilməmişdir. Öhdəliklər, mallar təhvil verildikdən sonra mərhələli şəkildə yerinə yetirilməli idi. Cavabdehin maliyyə imkanları nəzərə alınmaqla, ödənişlər yalnız açıq və real şəkildə həyata keçirilə bilər. Cavabdehin məqsədi qarşı tərəfi yanıltmaq, ya da bu borcu ödəməkdən yayınmaq deyil. Əgər mümkün olarsa, cavabdeh hər zaman ödəməyə açığdır və istənilən halda borcu mərhələli şəkildə ödəməyə hazırdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AP07/2024 saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə satın aldığı malların dəyərini bu müqaviləyə və onun əlavələrində, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 4.1-ci bəndinə görə alıcı satın aldığı malların dəyərini əlavə razılaşmada göstərilmiş şərtlərə uyğun olaraq satıcıya ödəyir.
11. Müqavilənin 4.3-cü bəndinə görə alıcı müqavilənin tərkib hissəsi olan qiymət razılaşma protokolunun şərtərinə əsasən malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə satıcıya ödənilməli olan məbləğin 0,01 %-i məbləğində dəbbə pulu ödəməlidir.
12. xx.xx.2024-cü il tarixli, 1 nömrəli razılaşma protokolu ilə müqavilə üzrə təhvil veriləcək malın adı, ölçü vahidi, miqdar və vahidin qiyməti (200 ton ammonium nitrat, ümumi dəyəri 104000 manat) razılaşdırılmışdır.
13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 104000 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt iddiaçının möhürü, səlahiyyətli nümayəndəsinin imzası və cavabdehin imzası ilə təsdiq edilmişdir.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
15. Belə ki, iddia 4 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. dəbbə pulunun ödənilməsi; 3. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi; 4. əldən çıxmış faydanın tutulması.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AP07/2024 saylı korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə 104000 manat dəyərində mal təhvil verilmişdir. Cavabdeh həmin malları qəbul etsə, dəyərini hazırkı günədək iddiaçıya ödəməmişdir. İddiaçı hazırda həmin vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
18. Cavabdehin göstərilən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
30. Cavabdeh yazdığı ərizədə 10000 manat ödəniş etdiyini, bu barədə qəbzin mövcud olduğunu bildirsə də, məhkəməyə həmin ödənişi təsdiq edən hər hansı sübutu təqdim etməmiş, bununla da sübutetmə vəzifəsini icra edə bilməmişdir.
31. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsaslı hesab edir.
32. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən hesablanmış 3764 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 3764 manat dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə iddianı üçüncü hissədə qismən əsaslı hesab edir.
37. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində bir illik dövr üzrə 5200 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
40. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
41. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
42. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
43. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
48. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
49. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
50. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
52. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:
53. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
54. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;
55. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
56. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
57. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
58. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.
59. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
60. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 5200 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 3764 manat ilə əhatə edilməmiş, yəni 1436 (5200 manat – 3764 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.
61. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 1436 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
62. Bundan əlavə iddiaçı iddia ərizəsində 37036 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbini də irəli sürmüşdür.
63. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
64. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
65. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
66. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
67. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
68. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
69. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
70. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
71. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
72. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
73. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
74. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
75. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
76. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
77. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
78. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 104000 manat əsas borc, 3764 manat dəbbə pulu, 1436 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
79. Bundan başqa iddia ərizəsində 1200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.
80. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Fides Vəkil Bürosunun hesabına 1200 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
81. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
83. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 399,20 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 40,80 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 104000 manat əsas borc, 3764 manat dəbbə pulu, 1436 manat faiz borcu, 1200 manat hüquqi yardıma görə xərc, 399,20 manat dövlət rüsumu, ümumilikdə 110799,20 (bir yüz on min yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 40,80 (qırx manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova