Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3239/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 34.810,00 (otuz dörd min səkkiz yüz on) manat məbləğində geri qaytarılmayan avans və Müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə 8.294,50 (səkkiz min iki yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində hesablanmış cərimə olmaqla, ümumilikdə 43.104,50 (qırx üç min bir yüz dörd manat əlli qəpik) manat borc məbləğinin, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 219,71 (iki yüz on doqquz manat yetmiş bir qəpik) manat pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC(bundan sonra – Cəmiyyət) ilə Cavabdeh MMC arasında rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli SHBS/066/2024 nömrəli Alqı-satqı müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən X5 satmağı, Alıcı isə Malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə və onun ayrılmaz hissəsi kimi təsbit edilmiş sifariş tapşırığına (bundan sonra – Müqavilə) əsasən Cəmiyyət tərəfindən 34.810,00 (otuz dörd min səkkiz yüz on) manat məbləğində pul vəsaiti (ƏDV daxil) xx.xx.2024-cü il tarixində avans qismində Cavabdeh MMC-ə ödənilmişdir. Sifariş tapşırığına əsasən, bu sifariş üzrə satıcının təqdim etməyə hazır olduğunu mal üçün ödəniş malın dəyərinin 20% həcmində hissəsi avans qismində, yerdə qalan hissəsimal təhvil verildikdən sonra, 10 gün ərzində həyata keçirilməli idi. Yuxarıda göstərilmiş sifariş tapşırığına əsasən avans məbləği ödənildikdən sonra 5 iş günü ərzində, ümumilikdə isə sifariş tapşırığı imzalandıqdan 1 (bir) aydan gec olmayaraq mallar Cəmiyyətə çatdırılmalı idi. Aradan keçən təxminən bir ilə yaxın müddətdə ödənilmiş avans məbləğinin İddiaçı MMC-ə geri qaytarılması və ya öhdəliklərinizə uyğun olaraq malların təhvil verilməsi üçün Cavabdeh MMC-ə dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq Cavabdeh MMC tərəfindən məsələnin həlli istiqamətində heç bir addım atılmamışdır. Müqavilənin 10.4-cü bəndinə əsasən, Satıcının malların çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə müqavilənin ümumi dəyərinin 0.01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəmək öhdəliyi təsbit olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin Cəmiyyət qarşısında 34.810,00 (otuz dörd min səkkiz yüz on) manat məbləğində geri qaytarılmayan avans və Müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə 8.294,50 (səkkiz min iki yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində hesablanmış cərimə olamaqla, ümumilikdə 43.104,50 (qırx üç min bir yüz dörd manat əlli qəpik) manat borc məbləğinin öhdəliyi yaranmışdır. Cəmiyyət məsələnin məhkəməyə qədər həll olunması üçün bütün səyləri göstərsə də, əfsuslar olsun ki, Cavabdeh MMC heç bir ödəniş etməyərək, Müqavilə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan sifariş tapşırığına əsasən üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozaraq, yaranmış borc məbləğiniartıq 1 ildir ki, ödəməkdən imtina edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçinin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli SHBS/066/2024 nömrəli Alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 2.1-ci maddəsinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən və Alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı Sifariş Tapşırıqlarında (bundan sonra "Əlavə") göstərilən malları (hundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçiin yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən malların Alıcıya çatdırılması müvafiq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən Malların təhvil verilməsi Alıcının Müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tanı təhvil verilmiş olsun.
11. Müqavilənin 3.5-ci bəndinə əsasən X4 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-təslim Aktı əsasında həyata keçirəcək.
12. Müqavilənin 10.4-cü bəndinə əsasən Satıcı Malların çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə Müqavilənin ümumi dəyərinin 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.
13. Müqavilənin 10.5-ci bəndinə əsasən Alıcı Satıcı tərəfindən Malları Müqavilə şərtlərinə uyğun olaraq Alıcıya təhvil verməsi və müvafiq sənədlşədirmələri aparmasına baxmayaraq Malların dəyərinin Ödənilməsində yol verdiyi hər gecikmə gününə görəMüqavilənin iimumi dəyərinin 0,01% (sıfır tanı yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.
14. xx.xx.2024-cü il tarixli SHB/ST/084/23 nömrəli Sifariş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-dən 100 ton miqdarda ƏDV daxil 174 050 manat məbləğində mal sifariş edilmişdir. Həmin sifariş tapşırığına əsasən bu sifariş üzrə satıcının təqdim etməyə hazır olduğunu mal üçün ödəniş malın dəyərinin 20% həcmində hissəsi avans qismində, yerdə qalan hissəsimal təhvil verildikdən sonra, 10 gün ərzində həyata keçirilməli olduğu qeyd edilmişdir. Həmçinin göstərilmiş sifariş tapşırığına əsasən avans məbləği ödənildikdən sonra 5 iş günü ərzində, ümumilikdə isə sifariş tapşırığı imzalandıqdan 1 (bir) aydan gec olmayaraq mallar Cəmiyyətə çatdırılmalı idi.
15. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 29500 manat məbləğində vəsait Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.
16. xx.xx.2024-cü il tarixli Köçürmənin aparılması ilə bağlı bildirişə əsasən İddiaçı MMC ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 5320,80 manat ödəniş etmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
23. Həmin Məcəllənin 599.3-ci maddəsinə əsasən Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 599.4--ci maddəsinə əsasən Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Həmin Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli SHBS/066/2024 nömrəli Alqısatqı müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan müxtəlif növ malları iddiaçıya satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəllər – sifariş verilmiş malların dəyərinin 20%-n avans qismində ödənilməsi, yerinə yetirilsə də, cavabdeh tərəfindən malları bugünə gədər iddiaçıya təhvil verilməmişdir.
34. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
35. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, sifariş tapşırığı və ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 34.810 manat avans məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
36. Beləliklə, 34810 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində öhdəliklərini vaxtında icra etmədiyinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.4-cü bəndinə əsasən hesablanmış 8294,50 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 1740 manat məbləğində müəyyən edilməlidir.
41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 219,31 manat dövlət rüsumu ödənilmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 200 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34810 manat avans məbləği, 1740 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 200 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova