Məhkəmə qərarları › İş №e-2-2(113)-3249/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3249/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3249/2020 07.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Xasıyeva İradə Ədalət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 110014,05 manat məbləğində əsas borc, 22000 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında aidiyyatla bağlı məsələ müzakirə edilmiş və iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonu ərazisində olsa da, cavabdeh faktiki olaraq Bakı şəhərinin ərazisində fəaliyyət göstərir (ona görə iddia ərizəsində də həmin ünvanı qeyd etmişdir), eyni zamanda müqavilənin icra yeri Bakı şəhərinin ərazisindədir. Qeyd olunanlara əsasən işə hazırkı məhkəmədə baxıla bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, işə aidiyyətı üzrə hazırkı məhkəmədə baxıla bilməz. Çünki cavabdehin hüquqi ünvanı Abşeron rayonu ərazisində yerləşir. Bundan başqa, iddiaçının müqavilənin icra yerinin Bakı şəhərinin ərazisində olması əsası ilə işə hazırkı məhkəmədə baxıla bilməsi fikri ilə də razılaşmır. Ona görə də işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdehin hüquqi ünvanı Abşeron rayon, Xırdalan Ştq, 26-cı məhəllədə yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına (xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir) əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçının müqavilənin icra yerinə görə işə hazırkı məhkəmədə baxıla bilməsi ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı tərəflər arasında bağlanan müqavilədə işlərin Bakı şəhərinin ərazisində görülməsi nəzərdə tutulsa da, müqavilədə müqavilənin icra yeri ayrıca göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir: Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, Sümqayıt Kommersiya Məhkəməsində baxılmağa verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-cü maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair 2-2(82)- 3249/2020 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar