Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3249/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh2 arasında İF/06114 nömrəli xx.xx.2023-cü il tarixli X4i müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti (buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan KİA RİO minik markalı avtomobil) qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə (“Lizinq ödənişləri cədvəli”) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvilaktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. 3.2-ci bəndinə əsasən tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədə olur. 5.1-ci bəndinə əsasən lizinq obyekti alqı-satqı Müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Satıcısından alınır. 5.2. Lizinq obyektinin qiyməti: 10000 manat 5.3. Avans məbləğ :0 manat 5.4. Lizinq məbləği: 10000 manat 6.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 (otuz altı) faiz dərəcisi ilə hesablanır. 7.2.5-ci bəndinə əsasən lizinq ödənişlərini vaxtında həyata keçirmək lizinq alanın vəzifəsidir. 7.3.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. 10.2-ci bəndinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə o halda Lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
2. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin 1.2. bəndində göstərilən müqavilə üzrə lizinq alannın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: seriya AZEAA******* . verilib: Səyyar Asan xidmət xx.xx.2018 tarixdə), bundan sonra lizinq alan adlanacaq, ilə lizinq verən arasında bağlanmış 06114 nömrəli 21,07,2023 il tarixli «X4 miiqaviləsi»ndən ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.4.-cü bəndinə əsasən lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə lizinq verənin ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyin 10 (on) gün ərzində tamamilə icra edilməsini, lizinq verənin tələbini ödəyənədək bu barədə lizinq alını xəbərdar etməyi, özünə qarşı iddia irəli sürüldükdə isə lizinq alanınişdə iştirak etməyə cəlb edilməsini, müqavilənin 1.2. bəndində göstərilən X4 müqaviləsi üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqavilə lizin alanın 1.2. bəndində göstərilən müqavilə üzrə lizinq verən qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir. Müqavilə lizinq verən və zaminin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
3. İF/06039 nömrəli xx.xx.2023-cü il tarixli nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh2 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2023-ci ildir) xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2026-cı ilədək (daxil olmaqla) hər ay 458,04 manat olmaqla cəmi 16.489,37 manat (o cümlədən 6489,37 manat mükafat, 10000 manat əsas) lizinq ödənişlərini "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir.
4. 21 iyul 2023-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, İF/06114 nömrəli xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsində göstərilən lizinq predmeti olan 1 ədəd buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan KİA RİO minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil lizinq alana təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yararlıdır. Akt lizinq alan və lizinq verən tərəfindən imzalanmaqla lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
5. xx.xx.2024-cü il tarixli 033/24 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən müəyyən edilir ki, qeyd edilən tarixə buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan KİA RİO minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 1945 manat, həmin avtomobilin real dəyəri 10500 manat təşkil etmişdir.
6. 02.10.2023-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü ildə 150 manat ödəniş etmişdir.
7. 24 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, X4 müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 10000 manat, faiz borcu 770 manat, cərimə borcu 57,12 manat olmaqla, ümumi borcu 10827,12 manat təşkil edir.
8. 09.02.2024-cü il tarixli xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktına əsasən müəyyən edilir ki, KİA RİO minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin müstəqil ekspert tərəfindən (xx.xx.2024-cü il tarixli qüsur aktı) qiymətləndirilməsinin xidmət haqqı 50 manat təşkil etmişdir.
9. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, KİA RİO minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə təhvil verilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06043 nömrəli X4 müqaviləsi üzrə 2322.12 manat borcun ödənilməsi və dövlət rüsumu kimi ödədikləri 44 manat məbləğinin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli İF/06114 saylı 36 ay müddətli X4 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Kia Rio MİNİK markalı 77AF691 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Lizinq müqaviləsi ilə yanaşı 08.08..2023-cü il tarixində Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bir ay ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilə müddəti ərzində 150 manat ödəniş etmişdir. Cavabdehlərin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 10.000 manat, faiz borcu 770.00 manat, cərimə borcu 57.12 manat, cəmi borcu 10827,12 manat təşkil edir. Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 8555 manat dəyərində qiymətləndirildi. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfimizdən 50 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehlərin iddiaçıya 2272.12 manat qalıq borcu vardır.
12. Daha sonra iddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06043 saylı X4 müqaviləsi üzrə 3169.12 manat borcun və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat olmaqla cəmi 3319.12 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödədikləri 44.00 manat pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, yeni tələbləri lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də göründüyü kimi cavabdeh 21 avqust 2023-cü il tarixindən başlayaraq 25 oktyabr 2023-cü il tarixinə qədər hər ay 458,04 manat olmaqla, 1374,12 manat ödəniş etməli olduğu halda cəmi 150 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 1224,12 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 1945.00 manat və avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfimizdən müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı təşkil edir.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 748-7-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
15. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ödəniş qrafiki üzrə üç ay müddətində ödənilməli olan pul vəsaitini, eləcə də qüsur aktına əsasən müəyyən edilən təmir xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nəqliyyat vasitəsində nasazlıq olması ilə əlaqədar, ona saz vəziyyətdə olan avtomobil verilməsi məqsədi ilə, avtomobili lizinq şirkətinə geri qaytardığını bildirdi. Verilən suallara cavab olaraq cavabdeh avtomobili 5-6 ay əvvəl qaytardığını, ilk ay 3500 manat, sonradan 500 manat məbləğində Nadim adlı şəxsə ödənişlər etdiyini bildirmişdir.
18. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
20. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
21. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
22. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
23.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 24.Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında İF/06114 nömrəli xx.xx.2023-cü il tarixli X4i müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan KİA RİO minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobili lizinq alan Cavabdeh2 təhvil verilsə də, lizinq alan İF/06114 nömrəli xx.xx.2023cü il tarixli X4i müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir. xx.xx.2023-cü il tarixdə avtomobil lizinq verənə qaytarılmaqla lizinq münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" MMC ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 mübahisəli lizinq müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur.
25. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh2 və Cavabdeh1 lizinq müqaviləsi üzrə borcun, Cavabdeh2 sahibliyində olduğu dövrdə lizinq obyektinə vurulmuş dəymiş zərərin və həmin zərərin hesablanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb edir.
26. Məhkəmə ilk növbədə tələbin lizinq ödənişlərinə görə borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixdə lizinq obyekti lizinq verənə qaytarılmaqla lizinq müqaviləsinə xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir. Ödəniş qrafikindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 aylıq müddət üçün lizinq alan tərəfindən hər ay 458,04 manat olmaqla cəmi 1374,12 manat məbləğində ödəniş edilməli idi. Həmin məbləğdən yalnız 150 manat məbləğində ödəniş edilmiş, borcun 1224,12 manat hissəsi isə ödənilməmiş qalmışdır.
27. Bununla bağlı lizinq müqaviləsi üzrə 3500 və 500 manat məbləğində pulun Nadim adlı şəxsə ödəməsi barədə Cavabdeh2 dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nə lizinq müqaviləsi üzrə Nadim adlı şəxsə ödəniş etməsini, nə də Nadim adlı şəxsin iddiaçının adından icranı qəbul etmək səlahiyyətinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə sözügedən dəlilləri əsassız sayır.
28. Beləliklə, lizinq müqaviləsinə xitam verildiyi tarixə lizinq alan Cavabdeh2 lizinq verən "xxxx" MMC-yə lizinq ödənişləri üzrə 1224,12 manat məbləğində borcu olduğundan "xxxx" MMC Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən həmin borcun lizinq alan Cavabdeh2, eləcə də Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən lizinq alanın öhdəliklərinə zamin durmuş Cavabdeh1 tələb etməkdə haqlıdır.
29. Tələbin lizinq obyekti olan avtomobilin Cavabdeh2 sahibliyinə olduğu dövrdə həmin avtomobilə dəymiş zərərin, eləcə də avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 21.1 və 443.1-ci maddələri təşkil edir.
30. Həmin tələblə bağlı qeyd edilməlidir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi avtomobil xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarıldığı halda avtomobilə dəymiş zərərin qiymətləndirilməsi 3 ay sonra - xx.xx.2024-cü il tarixdə aparılmışdır. Odur ki, sözügedən qiymətləndirmə rəyi avtomobilə məhz Cavabdeh2 sahibliyində olduğu dövrdə zərər vurulması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir.
31. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən lizinq obyekti olan avtomobilə zərər vurulması iş materialları ilə öz təsdiqini tapmadığından avtomobilə, eləcə də zərərin qiymətləndirilməsi ilə bağlı iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddia əsassız olmaqla rədd edilməlidir.
32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 44 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 53,19 manat təşkil edir.
34. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. MPM-in 113.2-ci maddəsinin tələblərinə əsasən dövlət rüsumunun kəsiri olaraq 13,19 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 1224,12 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Dövlət rüsumunun kəsiri olaraq 13,19 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva