Məhkəmə qərarları › İş №e-2-2(113)-3253/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3253/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3253/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nın nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 14827,76 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 20 iyun 2019-cu il tarixli 02,19-07 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikasında səfərdə olan BMT-nin Dövlət xidmətləri Forumunun nümayəndə heyətinə “Elit Hall” restoranında xidmət göstərməyi, sifarişçi isə göstəriləcək xidmətlərin haqqını ödəməyə öz öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri 47827,76 manat təşkil etmiş, cavabdeh tərəfindən 19.07.2019-cu il tarixdə 33000 manat məbləğində vəsait ödənilsə də, 14827,76 manatı ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, imzalanması üçün "xxxx" MMC-yə göndərilən müqavilə geri qaytarılmasa da, ƏDV daxil 47827,76 manat borcun olması ilə bağlı 16.07.2019-cu il tarixli elektron qaimə cavabdeh tərəfindən qəbul edilmiş və həmin vəsaitdən 33000 manat məbləğində pul ödənilsə də, 14827,76 manat borcu qalmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20.06.2019-cu il tarixli, 02,19-07 nömrəli müqavilənin sürətindən görünür ki, həmin müqavilə yalnız icraçı İddiaçı MMC tərəfindən imzalanmışdır. 20.06.2019-cu il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırma protokolun sürətindən görünür ki, ƏDV daxil 47827,76 manat məbləğində xidmətin göstərilməsini əks etdirən həmin protokol yalnız icraçı İddiaçı MMC tərəfindən imzalanmışdır. İddiaçı MMC-nın təqdim etdiyi EAAX seriyalı 249333 nömrəli 16.07.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 47827,76 manat (ƏDV daxil) məbləğində xidmət "xxxx" MMC-yə göstərilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1 və 445.5-ci maddələri). Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 2019-cu ildə 33000 manat məbləğində xidmət göstərilmiş və sonuncu 19.07.2019-cu il tarixdə həmin vəsaiti tam həcmdə ödəmişdir. Lakin iddiaçı həmin xidmətin 47827,76 manat həcmdə olduğunu bildirmiş və buna sübut olaraq məhkəməyə EAAX seriyalı 249333 nömrəli 16.07.2019-cu il tarixli elektron qaiməni təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı sözügedən qaiməni məhkəməyə təqdim etsə də, 47827,76 manat həcmdə xidmətin göstərilməsi ilə bağlı tərəflərin razılaşmasını əks etdirən hər iki tərəfin imzaladığı müqaviləni, qiymətlərin razılaşdırma protokolunu və təhvil-təslim aktını məhkəməyə ümumiyyətlə təqdim etməmişdir. Bu hal isə onu göstərir ki, cavabdeh qaimədə göstərilən və ödənilməsi tələb olunan 47827,76 manatdan yalnız 33000 manat məbləğində xidmətin göstərilməsi ilə razılaşmış və həmin həcmdə ödəniş etmiş, iddiaçı isə elektron qaimədə göstərilən və ödənilməyən məhz 14827,76 manat məbləğində xidmətin cavabdehə göstərilməsini əks etdirən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, qeyd olunanları nəzərə alan və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nın cavabdeh "xxxx" MMC-ya qarşı 14827,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar