Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3254/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “Beta Firması”nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Beta Firması”nın Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Beta Firması” Cavabdehnə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MERAC MMC-dən 2838,57 manat qalıq borcun, 1158,72 manat cərimənin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4027,29 manat pulun BETA firmasının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə2 friması ilə Cavabdeh MMC arasında bağlanmış 01.09.2020-ci il tarixli “qida mallarının tədarükü haqqında” müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin sifarişdə qeyd olunan miqdarda, ceşiddə və keyfiyyətdə qida məhsullarını təhvil verməyi, cavabdeh isə ay ərzində qəbul etdiyi malların tam dəyərini həmin ayın axırıncı gününə qədər iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinə əməl etsə də cavabdeh şərtləri pozmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərini vaxtında ödəməməklə yanaşı ödənişin vaxtı barədə də iddiaçıya heç bir təminat verməmişdir. Hal-hazırda cavabdehin qalıq borcu 2838,57 (iki min səkkiz yüz otuz səkkiz manat, əlli yeddi qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 5.2.10-cu bəndinə görə cavabdeh öhdəliyini icra etmədiyi və ya vaxtında icra etmədiyi təqdirdə iddiaçı cavabdehdən icra etmədiyi pul öhdəliyi üçün (təhvil verilmiş lakin dəyəri ödənilməyən mallar üçün) öhdəliyin hər icra edilmədiyi gün üçün ödənilməli məbləğin 0,2%-i məbləğində əlavə pul tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı “Beta Firması”nın nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 01 sentyabr 2020ci il tarixdə qida mallarının tədarükü haqqında müqaviləsi bağlanmış, tədarükçü “Beta Firması” sifarişdə qeyd edilən miqdarda, keyfiyyətdə, çeşiddə qida məhdullarını alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 04.12.2020-ci il tarixli 449662 nömrəli EBAT seriyalı elektron qaimənin surətindən görünür ki, “Beta Firması” tərəfindən Cavabdehnə müqaviləyə əsasən 2838,57 manat məbləğin ödənilməsi barədə elektron qaimə təqdim edilmiş, həmin qaimə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan “Beta Firması”nın üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 04.12.2020-ci il tarixli 449662 nömrəli EBAT seriyalı elektron qaimənin surətindən görünür ki, “Beta Firması” tərəfindən Cavabdehnə müqaviləyə əsasən 2838,57 manat məbləğin ödənilməsi barədə elektron qaimə təqdim edilmiş, həmin qaimə Cavabdeh nümayəndəsi Rəvan Sultanov tərəfindən elektron qaydada, elektron imza ilə 07 dekabr 2020-ci il tarixində təsdiqlənmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən “Beta Firması”na elektron qaimədə göstərilmiş malların təhvil verilməməsi barədə hər hansı bir formada etiraz və yaxud pretenziya göndərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron qaimədə göstərilmiş 2838,57 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilən mallara görə cavabdeh tərəfindən isə ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, 2838,57 manat məbləğində olan mallar Cavabdeh MMC-yə təhvil verildiyindən və onun alınmış mallara görə pulun ödəmək vəzifəsi yarandığından, iddia 2838,57 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 1158,72 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir deyildir. Odur ki, tələb edilən məbləğdə deyil, 200 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 2838,57 manat əsas borc üzrə, 200 manat cərimə borcu olmaqla, cəmi 3038,57 (üç min otuz səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq “Beta Firması”na ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdehndən tutularaq “Beta Firması”na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3254/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3254/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver