Məhkəmə qərarları › İş №e-2-2(113)-3255/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3255/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3255/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X6, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin İddiaçı MMC-nin ilkin Cavabdeh MMM-ə qarşı pulun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddiaçı Cavabdeh MMM-in qarşılıqlı cavabdeh İddiaçı MMC-yə pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMM-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMM-dən iddiaçı "xxxx" MMC-yə məxsus 101.000 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya qaytarılması və faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMM arasında iddiaçının xidmət göstərdiyi X7 lahiyəsi üzrə Cavabdeh MMC-dən 3077 kv.m 100 mm Sandviç paneli alınmasına dair xx.xx.2021-ci il tarixli 10\21saylı sifarış müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə bağlı Cavabdeh MMM iddiaçıya 292.396,96 manat dəyərində Elektron-qaimə göndərmiş, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.385,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil vermişdir. Qalan 114.011,38 manat dəyərində elektron-qaimədə göstərilən mallar iddiaçıya göndərilməmiş, təhvil verilməmişdir. Eyni zamanda cavabdehə müqavilədə qeyd olunan malların alınması üçün xx.xx.2021-ci ildə 15.000 manat və xx.xx.2021-ci ildə 50.000 manat, cəmi 65.000 manat əvvəlcədən avans verilmiş, həmin avans pul ödənişi ilə də bağlı mallar iddiaçıya təhvil verilməmişdir. Nəticədə, cavabdeh tərəfindən iddiaçıya 65.000 manat məbləğində ziyan vurulmuşdur. "xxxx" MMC ilə Ramin Məmmədovla bağlanmış xx.xx.2021-ci il tarixli AS2572 saylı müqaviləyə əsasən Qanuni nümayəndə 261.545 manat dəyərində 3077 kv.m 100 mm sendviç panel verməli və soyuducuya quraşdırılmalı idi. Cavabdeh MMM müqavilə öhdəliyinə tam əməl etməmiş, 180.299,38 manat dəyərində 1250 kv.m sendviç panelini sifarişçi "xxxx" MMC-yə təhvil verməmişdir. Nəticədə "xxxx" MMC Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1250 kv.m 100 mm Sandviç panelini Turkiyə Respublikasının "xxxx" Şirkətindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlı bəyannamələr ilə 65.000 manat dəyərində paneli alaraq üzərinə götürdüyü sifarışı yerinə yetirib xx.xx.2022-ci il tarixli aktla təhvil vermişdir. Nəticədə, iddiaçıya 1250 kv.m 100mm Sandviç panelinin alınması ilə bağlı bazar qiymətində yaranmış fərq nəticəsində iddiaçıya 36.000 manat əlavə ziyan dəymişdir. Belə ki, hazırda həmin panellərin bazar dəyəri 101.000 manat təşkil edir. Həmin məbləğdə iddiaçıya zərər vurulmuşdur. Avans ödənilmiş 65.000 manat məbləğində müqavilə predmeti - sendviç paneller "xxxx" MMC-yə təhvil verilməmiş, bununla bağlı elektron qaimə də "xxxx" MMCyə təqdim edilməmişdir. Bununla da Cavabdeh MMM-nin 65.000 manat məbləğində müqavilə öhdəliyini icra etməmişdir. Sifariş olunan mallar iddiaçıya təhvil verməmiş, tərəflər arasında təhvil-təslim aktı olmamış, qaimə təqdim edilməmişdir. İddiaçıya mallar təhvil verilmədiyi halda, cavabdeh tərəfindən iddiaçıya elektron qaimə faktura göndərmiş, iddiaçı malların göndərilmədiyini bildirdikdə, iddiaçıdan qaiməni qəbul etməsini, malları tezliklə göndərəcəyini bildirmişdir. İddiaçı da cavabehin səmimiyətinə inanıb elektron qaiməni qəbul etmişdir. Lakin cavabdeh elektron-qaimədə qeyd olunan malları iddiaçıya göndərməmiş, təhvil verməmişdir. Cavabdehin satış üzrə əməkdaşı X5 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1250 kv.m sandviç paneli "xxxx" MMC-yə təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir. xx.xx.2021-ci il tarixli 10\21 saylı Sifariş Müqaviləsindən görünür ki, Sifarışçı "xxxx" MMC ilə İcraçı Cavabdeh MMM arasında malların Sifarişçiyə təhvil verilməsi və Sifarişçi tərəfindən malları qəbul edib dəyərini ödəmək öhdəliyi olmuşdir. xx.xx.2021-ci il tarixli 239 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nin bank hesabına 15.000 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 266 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nin bank hesabına 50.000 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixli Elektron qaimədən görünür ki, Cavabdeh MMM-dən "xxxx" MMC-yə 292.396,96 manat dəyərində 100-lik Sanviç panelinin təqdim edilməsinə görə iddiaçıya elektron qaimə göndərilmişdir. Həmin qaimə üzrə iddiaçıya 178.385,58 manat dəyərində mallar göndərilib təhvil verilmiş, 114.011,38 manat dəyərində elektron-qaimədə göstərilən mallar İddiaçıya göndərilməmiş və təhvil verilməmişdir. Ona görə də Cavabdehin iddiaçıya göndərdiyi və İddaçının aralarındakı səmimiyyətə görə malı almadan qəbul etdiyi həmin 114.011,38 manat dəyərində elektronqaimələr ləğv edilməlidir. Tərəflər arasında mübahisənin mediasiya qaydasında həll etmək üçün Mediatora müraciət edilmiş, lakin tərəflər arasında razılıq əldə edilməmişdir. xx.xx.2023-ci il tarixdə Cavabdeh MMM “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 47.961 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 200 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,88 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat, cəmi 48.394,88 manat məbləğində pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMM ilə İddiaçı MMC arasında 13 may 2020-ci il tarixli, 34/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin 1-ci bəndinə əsasən satıcı, yəni "Fayton LTD” MMM müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1 və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları sifarişçiyə təhvil verməyi, alıcı isə müqavilənin aynlmaz hissəsi olan əlavə № 1 və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən avadanlıqları qəbul etməyi və bunun müqabilində icraçının hesabına alınan məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı qiymət razılaşma protokolunda göstərilən məbləğin 50 %-ni öncədən, qalan 50 %-i isə mallar təhvil alındıqdan sonra satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, "xxxx" MMM ilə İddiaçı MMC arasında 04 fevral 2021-ci il tarixli, 10/21 saylı sifariş müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən "İcraçı" müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (əlavə №1, "Qiymətlərin razılaşdırılması protokolu", əlavə №2, "Layihə") bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) sifarişçiyə təhvil verməyi, ikinci isə bu malları (işləri) qəbul edib dəyərini "xxxx" MMM-nə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən müqavilə mallarının qiyməti və miqdarı 1 nömrəli əlavə ilə təsdiq edilmiş qiymətlərin razılaşdırılma protokolu ilə hər sifarişə görə ayrı-ayrılıqda müəyyənləşdirilir. Sifarişçi qiymətlərin razılaşdırılması protokoluna əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50 %-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürmüşdür. 40 % mallar yükləməyə hazır olduqda, 10 %-i tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir. Qeyd edirlər ki, sözügedən hər iki müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və malların dəyəri tam ödənilməmişdir. Belə ki, 017737 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 41.910 manat, 497573 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3.048 manat, 085011 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 950 manat, 780888 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19.040,85 manat, 012482 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 179.988 manat, 022697 №-li, 11.06.20xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10.436 manat, 043320 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6.042 manat, 141166 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6.104,05 manat, 836129 №-li,xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən isə 24.877,86 manat olmaqla, ümumilikdə, 292.396,99 manat olmuş, həmin borcdan 244.436,29 manat ödənilmiş, yekunda "xxxx" MMM-yə ödənilməli olan 47.961 manat borc qalmışdır. Beləliklə, hal-hazırda İddiaçı MMC tərəfindən ƏDV borcu daxil olmaqla "xxxx" MMM-nə ödənilməli olan borc məbləği 47.961 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən şifahi və pretenziya qaydasında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalıq borcunu ödəməkdən imtina edir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməməsi onların da, dövlət ödənişlərinin digər hüquqi və fiziki şəxlər qarşısında öhdəliklərinin vaxtında həyata keçirilməməsinə, o cümlədən işlərinin icrasında böyük çətinliklər yaradır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. İlkin iddia üzrə İddiaçı MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMM-yə qarşı verdiyi 101.000 manat məbləğində pul tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılana kimi məhkəmənin qəbul edə biləcəyi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehin “TuranBank" ASC-nin 28 may filialında olan AZ71TURA******************** saylı (VOEN **********) hesabında olan pul vəsaitinin üzərinə 101.000 manat məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(113)-281/2023 saylı qərardadı ilə Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə rədd edilmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh MMM-dən iddiaçı "xxxx" MMC-yə məxsus 101.000 manat məbləğində pul vəsaitinin, 400 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması və faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv edilməsi barədə qətnamə çıxarası tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbində dəqiqləşmə aparılmasına zərurət vardır. Belə ki, iş üzrə cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı öz vəsaiti hesabına Məmmədov qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1250 kv.m 100 mm Sandviç panelini Turkiyə Respublikasının "xxxx" şirkətindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlı bəyannamələr ilə alaraq üzərinə götürdüyü sifarışı yerinə yetirib xx.xx.2022-ci il tarixli aktla təhvil vermişdir. Nəticədə, iddiaçı 1250 kv.m 100mm Sandviç panelinin alınması ilə bağlı 116.477,41 manat xərcləmişdir. Faktiki həmin malların alınması üçün 65.000 manat cavabdehə köçürmüşdür. Bunun nəticəsində iddiaçıya əlavə 51.477,41 manat ziyan dəymişdir. İddia tələbində ziyan səhvən 36.000 manat göstərilmişdir. Ona görə də iddia tələbinin həcmi artırılaraq 116.477,41 manat məbləğində qəbul edilməlidir. İddia tələbini 116.477,41 manat qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMM-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən İddiaçı MMC-nin “pul” tələbinə dair iddiasına dair mülahizə təqdim edərək, qeyd etmişdir ki, ilkin iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilə üzrə Cavabdeh MMM tərəfindən iddiaçıya 292.396,96 manat dəyərində elektron qaimə göndərildiyi, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.285,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil verildiyini, qalan 114.011,38 manat dəyərində elektron-qaimədə göstərilən malların İddiaçı MMC-yə göndərilmədiyi iddia olunur. Cavabdeh MMM olaraq bildirirlər ki, İddiaçı MMC-yə göndərilmiş və şirkət tərəfindən təsdiq olunmuş elektron qaimələr üzrə bütün mallar həmin elektron qaimələrdə göstərilən məbləğdə mallar iddiaçıya təhvil verilmişdir. Belə ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi bütün elektron qaimələr xx.xx.2021-ci il tarixli müqaviləyə aid olmamışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə aid olan mallar yalnız 012482 №-li, xx.xx.2021-ci il tarixli, 022697 №-li, 11.06.20xx.xx.2021-ci il tarixli, 043320 №-li, 05.02. 2021-ci il tarixli, 141166 №-li, xx.xx.2021-ci il tarixli, 836129 №-li,xx.xx.2022-ci il tarixli elektron qaimədə əks olunan mallar olmuşdur. Bu malların da cəmi məbləği 227.447,91 manat təşkil edir. İddiaçı həmin mallardan 178000 manat məbləğində qaimə üzrə malı aldığını etiraf edir. Lakin həmin malı hansı qaydada aldığını məhkəməyə bildirmir. Aralarındakı işgüzar münasibətlər bu qaydada qurulmuşdur ki, mal İddiaçı MMC-yə çatdırılırdı, elektron qaimə vurulurdur, iddiaçı malı aldığı halda elektron qaiməni təsdiq edərək ödəniş edirdi. Ödənişlərdən də göründüyü kimi vurulan elektron qaimələr ilə iddiaçıya göndərilən elektron qaimələr arasında müddət fasilələri var idi. xx.xx.2021-ci ildə ilk qaimələr, növbəti qaimələr xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci ildə vurulmuşdur. Göründüyü kimi növbəti qaimələr arasında 1 ay müddət mövcuddur. Təqdim olunan qaimələr üzrə malların göndərilmədiyi halda iddiaçının növbəti, ondan 1 ay sonra göndərilən elektron qaiməni təsdiq etməsi və həmin elektron qaimə üzrə pulu ödəməsi faktı özü sual doğurur. Əgər iddiaçıya əvvəlki ödənilmiş elektron qaimələr üzrə mallar göndərilməmişdisə, iddiaçı sonrakı elektron qaimələri təsdiq etməməli idi. Vergi qanunvericiliyinin tələblərinə görə də, iddiaçıya malın verilməsinin rəsmiləşdirilmə sənədi yalnız qaimələr ola bilər. Hazırda həmin qaimələrin elektron qaydada verilməsi nəzərdə tutulub. İddiaçı öz iddia tələbini başqa qaydada sübut edə bilmir və məhkəməyə başqa sübut təqdim etməmişdir. Cavabdeh MMC olaraq iddiaçıya göndərilmiş və iddiaçı tərəfindən ödənilmiş bütün qaimələr üzrə malların tam qaydada verilməsini bir daha təsdiq edirlər. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş edirlər. Əlavə olaraq iddiaçının məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarıyla bağlı isə bildirirlər ki, həmin yazışmalar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Çünki həmin yazışmaların mənbəyi məhkəməyə məlum deyil. Həmin yazışmaların kiminlə aparılması və hansı suallar üzrə aparılması, araşdırılan məsələyə aid olub olmaması məsələsi sual doğurur. İddiaçı bu hissədə həmin sübutun mötəbərliyini və məhz bu mübahisəyə aid olmasını məhkəməyə sübut etməlidir. Ona görə də, həmin yazışmaların da göstərilən iddia tələbinin sübutu kimi qəbul edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X10 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar malları təhvil-təslim aktı əsasında təhvil alırdılar. Özləri təsdiq etdikləri qaimələr üzrə mallar təhvil verilib. Avans məbləğ ilə bağlı elektron qaimə verilməyib. Mallar təhvil-təslim aktı əsasında təhvil alınırdı. Aldıqları malların sırf həmin Ramin Məmmədovla bağlanmış müqavilə əsasında soyuducu anbarların qurulmasında istifadə edilməsini təsdiq edən təhvil-təslim aktı məhkəməyə təqdim edilib. Elektron qaiməni işgüzar adətləri nəzərə alaraq təsdiqləmişlər. Əvvəlki məhkəmə iclasınd iştirak etmiş ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X9 izahatında bildirmişdir ki, mallar 2021-ci ilin avqust ayına kimi təhvil verməli idi. Lakin cavabdeh malları təhvil verə bilmədi. Onlar Ağdaş rayonunda soyuducu anbarı tikirdilər. 2021-ci ildə ona mallar verilməyib. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 65.000 manat məbləğində olan mallar təhvil verilib. Onlarda malların təqdim edilməsi elektron qaimələr əsasında olur. Elektron qaimələr üzrə bütün mallar təhvil verilib. 65.000 manat məbləğ ilə bağlı elektron qaimənin olmaması səbəbi barədə məlumatsızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 114.011,38 manat dəyərində elektron-qaimələrin ləğv edilməsi hissəsində ilkin iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh MMM tərəfindən İddiaçı MMC-yə göndərilmiş elektron qaimələr özlüyündə ilkin iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İlkin İddiaçı MMC-nin ilkin Cavabdeh MMM-ə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar