Məhkəmə qərarları › İş №e-2-2(113)-3259/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3259/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3259/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19801 (on doqquz min səkkiz yüz bir) manat məbləğində əsas borcun, 39240 (otuz doqquz min iki yüz qırx) manat məbləğində cərimədəbbə pulunun, 4000 (dörd min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 534 (beş yüz otuz dörd) manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 13.03.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 48/17 №li Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC SifarişçiCavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirərək müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 19801 (on doqquz min səkkiz yüz bir) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 021060, 020124, 019244, 016583, 017712 nömrəli aktlarla və AR İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Əlavə olaraq, müqavilənin 7.2-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə günü üçün ümumi dəyərin 1 (bir)% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 39240 (otuz doqquz min iki yüz qırx) manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb etməyimizə baxmayaraq, bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 13.03.2017-ci il tarixdə yükdaşıma xidmətlərinin göstərilməsi haqqında 48/17 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi Sifarişi əsasında həyata keçirir. Müqavilənin 2.3-cü bəndinə əsasən İcraçı daşıdığı yükü Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt (Əlavə № 1) tərtib olunur, Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edüir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. Müqavilənin 2.4-cü bəndinə əsasən İcraçı Sifarişi qəbul etdikdən sonra daşıma obyekti Bakı və Sumqayıt şəhərləri ərazisində olduqda 6 saat, digər bölgələrdə olduqda ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. Müqavilənin 2.5-ci bəndinə əsasən Sifarişçi sifariş olunmuş avtomobili 1 (bir) saatdan artıq gözlətdiyi təqdirdə hər gözlədilən saat üçün 10 (on) manat əlavə ödəniş etməyə borcludur. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskuranü ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqmda aktlara əsasən müəyyən edir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, üzləşmə aktı (Əlavə № 2) ilə təsdiq edilir. Üzləşmə aktı və təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.3-cü bəndinə əsasən müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 6-cı bəndində göstərilən qaydada aparılır. - İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 13.03.2017-ci il tarixdə 48/17 nömrəli müqaviləyə “Qiymət tarifi” adlı 3 nömrəli əlavədən görünür ki, cədvəldə qeyd edilmiş qiymətlər barədə hər iki tərəf razılığa gəlmiş və əlavəni imzalayaraq öz möhürləri ilə təsdiqləmişlər. - 15 iyun 2021-ci il tarixli, HM-05 saylı Maliyyə arayışında qeyd olunmuşdur ki, 13.03.2017-ci il tarixli, 48/17 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 15.06.2021-ci il tarixinə əsas borcu 19801 (on doqquz min səkkiz yüz bir) manat, cərimə borcu 39240 (otuz doqquz min iki yüz qırx) manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 534 (beş yüz otuz dörd) manat təşkil edir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 01.10.2020-ci il tarixli, 016583 nömrəli Aktdan görünür ki, aktda qeyd olunmuş cədvəl üzrə xidmətlər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən həyata keçirilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 03.11.2020-ci il tarixli, 017712 nömrəli Aktdan görünür ki, aktda qeyd olunmuş cədvəl üzrə xidmətlər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən həyata keçirilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 01.01.2021-ci il tarixli, 019244 nömrəli Aktdan görünür ki, aktda qeyd olunmuş cədvəl üzrə xidmətlər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən həyata keçirilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 01.03.2021-ci il tarixli, 021060 nömrəli Aktdan görünür ki, aktda qeyd olunmuş cədvəl üzrə xidmətlər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən həyata keçirilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 01.10.2020-ci il tarixli, EBAQ seriyalı, 719070 nömrəli elektron qaimədən müəyyən edilir ki, 016583 nömrəli Akt əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4570 manat təşkil edir. - 03.11.2020-ci il tarixli, EBAS seriyalı, 110896 nömrəli elektron qaimədən müəyyən edilir ki, 017712 nömrəli Akt əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4380 manat təşkil edir. - 04.01.2021-ci il tarixli, EBAV seriyalı, 701767 nömrəli elektron qaimədən müəyyən edilir ki, 019244 nömrəli Akt əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11491 manat təşkil edir. - 01.03.2021-ci il tarixli, EBAY seriyalı, 093690 nömrəli elektron qaimədən müəyyən edilir ki, 021060 nömrəli Akt əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 90 manat təşkil edir. - İddiaçı MMC tərəfindən pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcraçı olan iddiaçı tərəfindən sifarişçi olan cavabdehə yük daşıma xidmətləri göstərilmiş, göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəlik isə tam yerinə yetirilməmiş və cavabdehin iddiaçıya borcu yaranmışdır. İddia tələbini bir hissəsini cavabdehdən Cavabdeh MMC-dən 19801 (on doqquz min səkkiz yüz bir) manat məbləğində əsas borcun tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini - ümumilikdə 19801 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdehndən 19801 (on doqquz min səkkiz yüz bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh MMC-dən 39240 (otuz doqquz min iki yüz qırx) manat məbləğində dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh MMC-dən 4000 (dörd min) manat əldən çıxmış faydanın tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Tələbin həmin hissəsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə ona 4000 manat ziyan dəyməsini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddia tələbinin bir hissəsini də illik 5 faiz dərəcəsi ilə hesablanmış 534 (beş yüz otuz dörd) manat borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək vəzifəsi, iddiaçının isə həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Ona görə də tələb həmin hissədə də əsaslı olduğundan təmin olunmalı, cavabdehdən gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 534 (beş yüz otuz dörd) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 19801 (on doqquz min səkkiz yüz bir) manat əsas borc, 1000 (min) manat cərimə və gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 534 (beş yüz otuz dörd) manat olmaqla, cəmi 21335 (iyirmi bir min üç yüz otuz beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 10 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 19801 (on doqquz min səkkiz yüz bir) manat əsas borc, 1000 (min) manat cərimə, gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 534 (beş yüz otuz dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat olmaqla, cəmi 21345 (iyirmi bir min üç yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar