Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3260/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3804 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ********** VÖEN ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normanın məzmunundan belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “Siyasi partiyalar haqqında” Azərbaycan Respubliksının Qanunun 1-ci maddəsinə əsasən siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarının 20-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin qərarın 22-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Lakin hazırkı mübahisənin siyasi partiyanın sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halı mövcud deyildir. İddiaçının nümayəndəsi Vəkil izahatında göstərdi ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı kommersiya fəaliyyəti ilə məşğul olmur və kommunal xidmətlərdən hüquqi şəxsin yerləşdiyi binada istifadə edilir. Lakin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı hüquqi şəxs olduğundan hesab edir ki, işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı sahibkarlıq fəaliyyətini həyata keçirmədiyindən hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna və işə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ASC “ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasən qiymətəndirərək hesab edir ki, iddiaçı siyasi partiya təşkilatı olduğundan, tərəflər arasında olan mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində yaranmadığından və cavabdehin ünvanı Yamasal rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iş məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3260/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3260/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver