Məhkəmə qərarları › İş №e-2-2(113)-3261/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3261/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3261/2022 19.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6905 manat əsas borc, 1504,2 manat cərimə, 200,9 manat faiz borcu və 100 manat mediasiya xərci olmaqla, cəmi 8710,1 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********) arasında 21 oktyabr 2021-ci il tarixli KOD-0380/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh əvvəlcədən ödənişi alınmadan 6905 manat məbləğində 4320 ədəd, satışını həyata keçirdiyi NZS markalı, müxtəlif çeşidli pivə məhsulları satılmışdır (xx.xx.2021-ci il tarixili 138387 nömrəli qaimə). Alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ödəməyi öhdəsinə götürür (müqavilənin 3.4.1-ci bəndi). Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixli, KOD 0380/2021 qiymətlərin razılaşdırma protokoluda imzalanmışdır. Alıcı tərəfindən təhvil alınmış malın ümumi məbləği 6905 manat manat təşkil etmişdir. Cavabdeh (alıcı) pretenziya məktubu ünvanlanaraq 5 iş günü müddətində 6905 manat məbləğində borcun və müqavilənin 7.3-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malın dəyərinin 30%-dən artıq olmamaq şərtilə) cərimə ödəməli olduğuda bildirilmişdir. Cavabdeh dəfələrlə borcu ödəyəcəyini bildirsə də, sonradan vədinə əməl etməmiş və borcunu ödəməkdən yayınmışdır. Bundan əlavə cavabdeh xx.xx.2021-ci il tarixli əlyazma ilə borclu olduğunu etitaf etmiş və 6905 manat borcu ödəyəcəyini bildirmişdir. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi “Kodis" MMC tərəfindən üzərinə düşən öhdəlik tamamilə yerinə yetirilmiş, Cavabdeh isə müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ödənişi 218 gün müddətində gecikməyə yol vermişdir (28 oktyabr 2021 – 03 iyun 2022). Beləliklə, ödənilməmiş 6905 manat əsas borc, 1504,2 manat cərimə, 200,9 manat faiz (7 ay) və 100 manat mediasiya xərci olmaqla, cəmi 8710,1 manat borc məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 21 oktyabr 2021-ci il tarixli KOD-0380/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC alıcı - Cavabdeh onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən məhsulları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində “X1” ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini müqavilənin 4maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 7 gündən gec olmayaraq Satıcıya ödəməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapır. - EBBL seriyalı, 138387 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6905,01 manat dəyərində mal Cavabdeh verilmişdir. - ĞRĞ/1 seriyalı, 346796 nömrəli, 21 oktyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən cəmi 6905 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmiş, sonuncu tərəfindən təhvil alınmışdır. - xx.xx.2021-ci il tarixli ərizə ilə (əlyazma) Cavabdeh İddiaçı MMC-yə 6905 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya 2 nüsxədə tərtib edilməklə təhvil-təslim aktı əsasında təhvil verilir. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, “...bu Müqavilənin 4-maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 7 gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür.” Yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 6905 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən icra olunmuş əlyazma ilə onun İddiaçı MMC-yə 6905 manat məbləğində borcunun olması etiraf olunmuşdur. Məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları deyil, həmçinin cavabdehin borcun etiraf edilməsi barədə ərizə ilə də təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə üzrə malın dəyəri alıcı tərəfindən satıcıya bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilmədiyi halda alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 30 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Lakin, məhkəmə 6905 manat əsas borca 1504,2 manat cəriməni hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 1504,2 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Normanın məzmunundan görünür ki, borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz o halda tələb oluna bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etməsin. Lakin, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə istinad edərək, borcludan 1504,2 manat cərimənin (daha böyük məbləğ) tutulması tələbini irəli sürdüyündən, onun cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yoxdur. Belə olan halda, iddia tələbi gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində təmin oluna bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 85 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 6905 manat əsas borc və 500 manat cərimə olmaqla, ümumilikdə 7405 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar