Məhkəmə qərarları › İş №e-2-2(113)-3262/2022

Bakı Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2-2(113)-3262/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3262/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi və iddiaçıdan əsassız varlanma nəticəsində əldə olunmuş 3.054,83 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı əlavə qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi və iddiaçıdan əsassız varlanma nəticəsində əldə olunmuş 3.054,83 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3262/2022 saylı qərardadı ilə, iddianın, cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3262/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçındən əsassız varlanma nəticəsində əldə olunmuş 3.054,83 manat pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, 50,55 manat məbləğində dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İddiaçı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3262/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3262/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)-1084/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3262/2022 nömrəli iş üzrə 26 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3262/2022 saylı qətnaməsində iddia tələbinin cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi hissəsinə dair tələb üzrə məsələ həll edilmədiyindən məhkəmə tərəfindən iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinin müzakirə edilməsi zəruri hesab edilmiş və göstərilən məsələ ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin qətnaməsində iddia tələbinin cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi hissəsinə münasibət bildirilməsini və iddia tələbinin həmin hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəmənin qətnaməsində iddia tələbinin cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi hissəsinə münasibət bildirilməsini və iddia tələbinin həmin hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; Həmin Məcəllənin 229.2-ci maddəsinə görə əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə əlavə qətnamə qəbul edilməlidir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Abunə haqqındadan görünür ki, iddiaçının cavabdehə borcu 39644,56 manat təşkil edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, "xxxx" MTK "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisi sərfıyyatı ilə bağlı qanunsuz olaraq hesablanmış 47.941 manat məbləğində borcun (xx.xx.2014-cü il tarixli R1018504 nömrəli aktla 6.341,1 manat, xx.xx.2017-ci il tarixli NDQ0032535 nömrəli aktla 18.500 manat, xx.xx.2017-ci il tarixli NDQ003424 nömrəli aktla 5.230,98 manat və xx.xx.2018-ci il tarixli NDQ004565 nömrəli aktla 14.300 manat, əlavə hesablanmış 3.569 manat) silinməsi və binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-80/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MTK-nın iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-87/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, e-2-2(113)-80/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, "xxxx" MTK-nın iddia tələbi təmin olunmamışdır. "xxxx" MTK Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmadığı üçün kassasiya şikayəti vermiş və şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-266/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 fevral 2021 -ci il tarixli 2-2(103)- 87/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-988/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(l 13)-80/2020 nömrəli iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməklə iddia qismən təmin edilmişdir. "xxxx" MTK-ya hesablanmış 8.517,25 manat məbləğdə borcun silinməsi "xxxx" ASC-yə həvalə edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qətnamə hüquqi qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinə əsasən 11 aprel 2022-ci il tarixdə 8.517,25 manat məbləğ "xxxx" MTK-ya məxsus 06/23-170 nömrəli abonent kodundan silinmişdir, (abonent haqqında məlumat arayışa əlavə olunur) Hazırki günə "xxxx" MTK-nın istifadə olunmuş elektrik enerjisinə görə "xxxx" ASC-yə ödənilməmiş 39770,62 manat məbləğində borcu var. Həmin məbləğ isə yuxarıda qeyd olunan məhkəmə qərarlarından görünür ki, artıq mübahisələndirilmişdir. Eyni zamanda, "xxxx" MTK-nın aylıq enerji sərfıyyatı təxminən 2000-3000 manat aralığında olur. İddia ərizəsində MTK-nın mübahisələndirdiyi həmin 3054,83 manat isə onun aylıq sərfıyyatıdır, hansı ki MTK hər ay həmin məbləği ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 7.17. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır; 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər; 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə olan 39.155 manat borc iddiaçının sərf etdiyi elektrik enerjisi üzrə yaranmış sərfiyyat borcudur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən borc, istehlak olunmuş elektrik enerjisinə görə yaranmış borcdur və həmin borcun silinməsi üçün heç bir qanuni əsas yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı göstərilən borcun qanunsuz hesablandığını bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni borcun qanunsuz hesablanmasını sübuta yetirə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 229, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən hesablanmış 39.155 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Əlavə qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar