Məhkəmə qərarları › İş №e-2-2(113)-3262/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3262/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3262/2025 14.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "P-Aqro” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə xam-pambığın alqı-satqısına dair 11/20- 251 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetini alıcı (iddiaçı) tərəfindən satıcıya (cavabdehə) məxsus (mülkiyyətində və ya istifadəsində olan) Neftçala rayonu, Yeniqışlaq kəndində yerləşən 6.0 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Müqavilənin: 1.2. 2.1.6-cı bəndinə əsasən, alıcı satıcıya məxsus, istifadə və ya icarəsində olan torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətləri kənd təsərrüfatı texnikaları ilə satıcı ilə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirir. 1.3. 2.1.7-ci bəndinə əsasən, Alıcı satıcının yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam- pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və satıcının bütün borcları, ilk növbədə 2017-2020-ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra 15 bank günündən gec olmayaraq dəyərini ödəyir. 1.4. 2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2021 -ci il tarixədək alıcıya təhvil verir; Təhvil verilən xam-pambığın dəyəri alıcıdan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman alıcıya həmin yaranan fərqi ödəyir. 1.5. 2.2.3-cü bəndinə əsasən, satıcı alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitinin, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyir. 1.6. 4.1-ci bəndinə əsasən, alıcı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı satıcıdan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ- 650 AZN/ton; İİ növ - 630 AZN/ton; İİİ növ - 590 AZN/ton; İV növ - 550 AZN/ton. 1.7. 8.2-ci bəndinə əsasən, alıcı və satıcı arasında pambıq mövsümünün sonunda göstərilən xidmətlər, verilən avans vəsaitlər (nəğd pul, toxumluq çiyid, dərman və pestisitlər həmçinin, satıcının təhvil verdiyi xam pambığın kondisiya çəkisi) barədə 3 (üç) nüsxədən ibarət üzləşmə-aktı tərtib olunmaqla rəsmiləşdirilir.

2. Hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli X1 ilə tərəflər aqrotexniki xidmətin adı, texnikanın modeli və hər hektar üçün xidmətin dəyəri barədə razılıq əldə etmişlər.

3. Tərəflər arasında 23.04.202, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli aqrotexniki işlərin yerinə yetirilməsinə dair akt imzalanmış, hər biri imza ilə təsdiq edilmişdir.

4. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmiş malların fiziki şəxslərə təhvil-qəbuluna dair – 011896 saylı akt ilə 900 manat, 011927 saylı akt ilə 700 manat, 025269 saylı akt ilə 730,40 manat, 012318 saylı akt ilə 1760,02 manat, 011487 saylı akt ilə 800 manat məbləğində malların cavabdehə təhvil verilməsi qeyd olunmuşdur.

5. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarında iddiaçı tərəfindən 900 manat, 240 manat, 510 manat, 120 manat, 130 manat, 302 manat və 143 manat olmaqla, cavabdehin bank hesabına köçürmələr aparılması əks olunmuşdur.

6. xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair aktda, ümumilikdə iddiaçı tərərfindən fermerə (cavabdehə) 8974,42 manat məbləğində avans ödənilməsi, fermerdən alınmış xam pambıq və fermer tərəfindən gübrə və dərman üçün ödənilmiş subsidiya məbləğinin 4985,63 manat təşkil etməsi, bununla da yekunda cavabdehin 3988,79 manat məbləğində ödənilməmiş borcu qalması göstərilmiş, Akt Hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı cavabdehdən 3988,79 manat borc, 300 manat cərimə və 62,89 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/20-251 saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh Neftçala rayonu, Yeniqışlaq kəndi ərazisində 6,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 8974,42 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 140,00 manat məbləğində ağır diskli mala, 308,00 manat məbləğində çiyid səpini, 912,00 manat məbləğindəkultivasiya, 156,00 manat məbləğində dərman səpini, 1770,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans, 4090,42 manat məbləğində gübrə və dərman, 800,00 manat məbləğində toxumluq çiyid, 798,00 manat məbləğində pambığın əlyığımına görə ödənilən avansvəsait, ümumilikdə, 8974,42 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 7155,89 kq, 4985,63 manat məbləğində xampambıq təhvil vermiş, çəkilmiş xərclərdən 3988,79 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar,iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktıvə digər sənədlərlə təsdiq edilir. Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 300,00 manat məbləğində cərimə tətbiq edilməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

11. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

19. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

24. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

27. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

28. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə xam-pambığın alqı-satqısına dair 11/20-251 saylı müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən cavabdehə məxsus Neftçala rayonu, Yeniqışlaq kəndində yerləşən 6.0 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlər razılaşdırılmış qiymət, müddət və həcmdə keyfiyyətlə görülmüş, ümumilikdə cavabdehə 8974,42 manat məbləğində əvvəlcədən avans olaraq pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyərək 4985,63 manat məbləğində xam pambıq təhvil vermiş, bununla da onun iddiaçı qarşısında 3988,79 manat məbləğində xam pambığın verilməsi ilə bağlı icra edilməmiş öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair akt ilə cavabdeh iddiaçıya cəmi 3988,79 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir.

29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçı qarşısında ona müqavilədə göstərilmiş xam pambıq becərərək satmaqla bağlı öhdəlik götürmüş, müqavilənin şərtlərinə görə cavabdeh satılacaq pambığın qiymətini əvvəlcədən almış, lakin müqavilədə göstərilən həcmdə pambıq becərərək iddiaçıya təhvil verməklə bağlı vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 3988,79 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

30. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla, 199 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 62,89 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 3988,79 manat məbləğində borc, 199 manat məbləğində cərimə, 62,89 manat dövlət rüsumu tutularaq iddiaçı "P-Aqro” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar