Məhkəmə qərarları › İş №e-2-2(113)-3267/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3267/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3267/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış borca görə 25.000 (iyirmi beş min) manat, həmin pul qanunsuz saxlamasına görə 1250 (min iki yüz əlli) manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 200 (iki yüz) manat və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məqsədi ilə ödənilmiş 17 (on yeddi) manat, cəmi 27.167 (iyirmi yeddi min yüz altmış yeddi) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A/30 nömrəli xidmət müqaviləsinə əsasən konsultant, yəni İddiaçı MMC sifarişçiyə, yəni Cavabdeh MMC-yə maliyyə-mühasibatlıq sahəsində konsultasiya xidmətlərinin göstərilməsini, sifarişçi isə bunun müqabilində konsultanta aylıq 1.250 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə müqavilənin 3.1-ci bəndində dəyişiklik edilərək aylıq xidmət haqqı 1.500 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A/30 nömrəli müqaviləyə xitam verilmişdir. Müqaviləyə uyğun olaraq konsultant tərəfindən sifarişçiyə müvafiq xidmətlər göstərilərək ona təhvil verilməsinə baxmayaraq sifarişçi müqavilə üzrə nəzərdə tutulan aylıq xidmət haqlarını tam şəkildə iddiaçıya ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından göründüyü kimi sifarişçinin xx.xx.2020-ci il tarixə konsultanta ödənilməmiş borcu 11.500 manat təşkil etmişdir. Həmçinin bundan sonrakı aylar, yəni 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin yanvar, fevral mart, aprel, may və iyun ayları üzrə isə ümumiyyətlə sifarişçi tərəfindən heç bir ödəniş edilməmiş və həmin 9 ay üzrə hər ay 1500 manat olmaqla 13.500 manat borc yaranmışdır. Nəticə etibarı ilə hazırda cavabdehin iddiaçıya ödənilməmiş 25.000 manat borcu yaranmışdır (xx.xx.2020-ci il tarixədək 11.500 manat və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi 13.500 manat olmaqla). Bu pulun ödənilməsi, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, "xxxx" MMC tərəfindən pul ödənilməmiş və ödənilməməsinin səbəbi şirkətin maliyyə vəziyyətin pisləşməsi ilə əlaqələndirilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı cavabdeh tərəfindən 3.000 manat məbləğində ödəniş olduğu üçün iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış borca görə 22.000 (iyirmi iki min) manat, həmin pul qanunsuz saxlamasına görə 1250 (min iki yüz əlli) manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 700 (yeddi yüz ) manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 200 (iki yüz) manat və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məqsədi ilə ödənilmiş 17 (on yeddi) manatın İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən konsultant, yəni İddiaçı MMC sifarişçiyə ("xxxx" MMC) konsultasiya xidməti göstərmiş, bunun müqabilində sifarişçi konsultanta aylıq 1250 manat, xx.xx.2019-cu il tarixdə müqavilənin 3.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən aylıq 1500 manat ödəmək barədə öhdəlik götürmüşdür. Lakin sifarişçi xidmət haqqını tam şəkildə ödəməmiş, üzləşmə aktından göründüyü kimi konsultanta ödənilməli borc 28000 manat olduğu halda, 16 500 manat ödənilmiş, həmin dövr üzrə 11 500 manat, sonrakı aylar, yəni 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2021 -ci ilin yavar, fevral, mart, aprel, may və iyun ayları üzrə hər ay 1500 manat olmaqla, 9 aya görə ümumilikdə 13 500 manat ödənilməli olduğu halda, cavabdeh tərəfindən ərizəçiyə heç bir vəsait ödənilməmişdir. Nəticədə üzləşmə aktının tərtib edildiyi xx.xx.2020-ci il tarixədək 11 500 manat və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayına kimi 13 500 manat olmaqla, cəmi 25 000 borc yaranmışdır. Odur ki, həmin borcun və yuxarıda qeyd edilən zərərə və digər məbləğlərin tutulmasını tələb edir. İddia tələbi əsassızdır və heç bir dəlillə əsaslandırılmamışdır. Belə ki, həqiqətən tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə konsultant ayrı-ayrı maliyyə mühasibatlıq xidmətlərini icra etməyi öhdəsinə götürümüşdiir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək ötən dövr üzrə borc və ödənişə dair tərəflər arasında xx.xx.2020-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Akta əsasən xidmət haqqı 28 000 manat, ödəniş 16 500 manat təşkil etmişdir. Aktda qeyd edilmişdir ki, həmin dövr üzrə qalıq borc 11500 manatdır. Bundan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr ərzində hər ay tərəflər arasında təhvil - təslim aktı imzalanmışdır. Hər ay imzalanan təhvil-təslim aktına əsasən həmin ay üzrə güya mühasibatlıq xidməti göstərilmişdir. Konsultant müqavilə üzrə öhdəliklərini icra etməmiş, heç bir mühasibat xidməti göstərməmişdir. Buna sübut olaraq qeyd etmək olar ki, müəssisənin mühasibatlıq xidmətinə dair heç bir sənəd, məlumat və hesabat hazırlamamış, müəssisənin keçmiş direktoru ilə işgüzar münasibətləri zəmnində bu cür müqavilə bağlanaraq xidmət haqqı ödənişdir. Məlum olduğu kimi xx.xx.2019-cu il tarixli müqavilənin 6.1 -ci bəndinə görə müqavilə 1 il müddətinə bağlanmışdır və müqavilənin 6.3-cü bəndinə görə müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərin hər hansı biri onun xitam edilməsini tələb etmirsə və tərəflər bu müqavilənin şərtlərini davam etdirirlərsə bu müqavilə 1 il müddətinə uzadılmış hesab edilir. Bu bəndin göstərişindən aydın olduğu kimi müqavilənin müddətinin uzadımasına 1 ildən çox olmamaqla yalnız bir dəfə yol verilir. Həmin müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin göründüyü kimi iddiaçı həmin dövrdən sonrakı tarixlər üzrə də aylıq 1500 manat olmaqla, oktyabr -dekabr 2020 və yanvar, fevral 2021-ci il üzrə ümumilikdə 5 ay əvəzinə üzləşmə aktından sonra 9 aylıq dövr üzrə pul tələbi irəli sürmüşdür. İddiaçı üzləşmə aktı tələb edildiyi xx.xx.2020-ci il tarixdən sonra müqavilənin müddəti bitənədək ötən 5 ay üzrə aylıq 1500 manat olmaqla, eyni zamanda ödənilmiş 3000 manat hissəni çıxmaqla 4500 manat tələb etmiş olsa idi, başa düşülən olardı. Lakin iddiaçı 5 ay əvəzinə 9 aylıq dövr üzrə pul tələb etməsi, xx.xx.2021-ci il tarixdə ödənilmiş 1500 manatı və xx.xx.2022-ci il tarixdə ödənilmiş 3000 manatı nəzərə almaması onu göstərir ki, o bacardıqca borcu şişirtməyə və daha çox pul əldə etməyə çalışmışdır. Üzləşmə aktı tərtib edildiyi tarixdən sonra konsultant tərəfindən heç bir xidmət göstərilməmişdir. Beləliklə adi riyazi hesablama zamanı müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sənədlər onun iddia tələbin az bir hissəsini, yəni müqavilə bağlandığı tarixdən üzləşmə aktı tərtib edildiyi tarixədək 10 000 manat, üzləşmə aktının tərtib olunduğu tarixdən oktyabr, noyabr və dekabr 2020 və yanvar, fevral 2021-ci il üzrə isə 4 500 manat borcun olmasını əsaslandırmağa imkan verir. Qeyd ediləndən əlavə iddiaçı vurulmuş zərərə görə 1200 manat pul tələbi irəli sürsə də həmin zərərin həqiqətən mövcud olmasına, nədən qaynaqlanmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mal satışı həyata keçirmiş olsa idi malı əldə etməsi üçün ödədiyi pulun cavabdehdə ləngiməsi üçün AR Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsaslanaraq 449-eu maddəyə uyğun olaraq faizlər tələb edə bilərdi. Hazırkı halda isə iddiaçının heç bir maddi maya dəyəri olmayan xidmətə görə əlavə faiz tələbi qanunsuz və ədalətsizdir. İddiaçının vəkil ximətinə görə 700 manat pulun ödənilməsi hissəsində tələbi də əsassızdır. Belə ki, vəkilin hüquqi xidmətindən istifadə etməsi və ya etməməsi iddiaçının hüququdur. İddiaçı hansısa ən baha xidmət göstərən hüquq şirkətləri ilə müqavilə bağlaya, böyük məbləğdə xidmət haqqı ödəyərək məhkəmədə hüquqlarının müdafiəsini ona tapşıra bilər. Bu iddiaçının hüququdur. Bu o anlama gəlməməlidir ki, həmin xidmət haqqı cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC “sifarişçi” İddiaçı MMC “konsultant” olmaqla imzalanmış 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqaviləyə əsasən “konsultant” “sifarişçi”yə maliyyəmühasibatlıq sahəsində konsultasiya xidmətlərinin göstərilməsini, “sifariçi” isə bunun müqabilində “konsultant”a bu müqavilənin 3.1-ci bəndində göstərilən xidmət haqqını ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndə əsasən “sifarişçi” bu müqaviləyə əsasən “konsultant”a aylıq xidmət haqqı olaraq 1250 manat ödəyir. 3.2-ci bəndə əsasən xidmət haqqı 30 (otuz) faiz avans, 70 (yetmiş) faiz görülmüş işlərin haqqı olaraq “Konsultant”ın təqdim etdiyi hesab faktura, təhvil-təslim aktına əsasən “Sifarişçi” tərəfindən nağd və ya köçürmə yolu ilə “Konsultant”a ödənilir. 6.1-ci bəndə əsasən bu müqavilə “01” mart 2019cu il tarixindən “28” fevral 2020-ci il tarixinədək olmaqla, 1 (bir) il müddətinə bağlanır. 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqaviləyə 01 may 2019-cu il tarixli əlavə razılaşma protokoluna əsasən 01 mart 2019-cu il tarixli A/30 nömrəli xidmət müqaviləsinin 3.1-ci maddəsi aşağıdakı redaksiyada yazılsın. “3.1 “sifarişçi” bu müqaviləyə əsasən “konsultant”a aylıq xidmət haqqı olaraq 1500 manat ödəyir”. 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqavilənin xitamı barəsində tərtib edilmiş 30 iyun 2021-ci il aktında İddiaçı MMC və "xxxx" MMC 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqaviləsinə akt imzalanan tarixdən etibarən xitam verilməsi barədə razılığa gəlmişlər. 2020-ci il oktyabr-2021-ci il iyun aylarını əhatə edən təhvil-təslim aktlarında 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqavilə üzrə 1.500 manat məbləğində mühasibat xidmətinin Cavabdeh MMC tərəfindən təhvil alınması qeyd olunmuşdur. 01 mart 2019-cu il tarixli A/30 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin “X2” MMC-yə xx.xx.2020ci il tarixinə 11.500 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 700 manat “X2” MMC tərəfindən Vəkil1 məxsus hesaba köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, A/30 nömrəli müqavilə üzrə cavabdehdən 22.000 (iyirmi iki min) manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC-ni nümayəndəsi və vəkili tərəflər arasında imzalanmış üzləşmə aktını və eləcə də təhvil-təslim aktlarını mübahisələndirərək, qeyd etmişdir ki, imzalanmış müqavilə üzrə heç bir xidmət göstərilməmiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə xx.xx.2021-ci il tarixində başa çatmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə heç bir xidmətin göstərilməməsini bildirsə də qeyd edilən halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Müqavilənin xx.xx.2021-ci il tarixdə başa çatmasına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış təhvil-təslim aktları və eləcə də üzləşmə aktı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiqlənmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin etirazı əsassızdır. Əlavə olaraq iddiaçı iddia tələbində illik 5% hesablanmaqla 1250 (min iki yüz əlli) manat da tələb etmişdir. AR MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün 1.008 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən vəkilə ödənilmiş 700 manat, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat cavabdehdən tutulmalıdır. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi bağlı 17 manat da tələb etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan məbləğ müvəqqəti təminat tədbiri ilə bağlı olduğundan cavabdehdən tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2019-cu il tarixli, A/30 nömrəli xidmət müqaviləsi üzrə 22.000 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 1.008 manat, 700 manat vəkilə ödənilmiş xərc, 200 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar