Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-327/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 12-LD/17 nömrəli müqavilə üzrə 39844,76 manat gecikdirilmiş əsas borcun və 32807,63 manat cərimə məbləği və xx.xx.2017-ci il tarixli 361-LD/17/14 nömrəli müqavilə üzrə 71142,68 manat gecikdirilmiş əsas borcun və 45889,42 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 190034,49 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 12-LD/17 nömrəli və xx.xx.2017-ci il il tarixli 361-LD/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2017-ci il tarixli 12-LD/17 nömrəli müqavilə üzrə 39844,76 manat gecikdirilmiş əsas borc və 32807,63 cərimə məbləği və xx.xx.2017-ci il tarixli 361- LD/17/14 nömrəli müqavilə üzrə 71142,68 manat gecikdirilmiş əsas borcu və 45889,42 cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 24 yanvar 2017-ci il tarixli, 12-LD/17 nömrəli damazlıq heyvanların lizinqə verilməsi barədə müqavilə ilə lizinq verən müqavilədə qeyd olunan damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə 3 ilə lizinqə verməyi və lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 62979,17 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 62978,94 manat məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. - “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 29 dekabr 2017-ci il tarixli, 361- LD/17 nömrəli damazlıq heyvanların lizinqə verilməsi barədə müqavilə ilə lizinq verən müqavilədə qeyd olunan damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə 3 ilə lizinqə verməyi və lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 71142,40 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 71142,96 manat məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. - 15 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli 12-LD/17 nömrəli müqavilə üzrə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin 39844,76 manat gecikdirilmiş əsas borc və 32807,63 manat cərimə borcun olması qeyd olunmuşdur. - 15 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli 361-LD/17 nömrəli müqavilə üzrə “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin 71142,68 manat gecikdirilmiş əsas borcun və 45889,42 manat cərimə borcun olması qeyd olunmuşdur. - 05 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Xırdalan Şəhər Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5354/2021 nömrəli qərardadına əsasən cavabdeh tərəfindən aparılmış ödənişlərin müqavilə şərtlərinə uyğun olaraq əsas borca və cəriməyə düzgün hesablanmasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 06 iyun 2022-il il tarixli, 9/692 №-li rəyində qeyd olunmuşdur ki, “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” MMC-nin xx.xx.2021-ci il tarixədək xx.xx.2017-ci il tarixli, 12-LD/17 saylı müqavilənin şərtləri nəzərə alınmaqla gecikdirilmiş ödəniləcək borcu 39844,76 manat, xx.xx.2017-ci il tarixli, 361-LD/17 saylı müqavilə üzrə isə gecikdirilmiş ödəniləcək borcu 71142,68 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 39844,76 manat və 71142,68 manat məbləğlərində əsas borca müvafiq olaraq tənasübsüz hesablanmış 32807,63 manat və 45889,42 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 32807,63 manat və 45889,42 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq müvafiq olaraq, 1000 manat və 2000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə 350 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması nəzərə alınaraq həmin məbləğ 250 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 250 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 120 manat məbləğində hissəsi cavabdehdən, 80 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 24 yanvar 2017-ci il tarixli, 12-LD/17 nömrəli müqavilə üzrə 39844,76 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə, 29 dekabr 2017-ci il tarixli, 361-LD/17/14 nömrəli müqavilə üzrə 71142,68 manat gecikdirilmiş əsas borc və 2000 manat cərimə olmaqla, ümumilikdə 113987,44 manat məbləğində pul vəsaiti “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 manat məbləğində pul vəsaiti “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətimdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 120 manat məbləğində hissəsi “X1 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 80 manat məbləğində hissəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-327/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-327/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver