Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3271/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ l Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, A/31 saylı müqaviləyə əsasən, pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış borca görə 16.000 manat, həmin pulun qanunsuz saxlamasına görə 800 manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 500 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 200 manat və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məqsədi ilə ödənilmiş 14 manat, cəmi 17.514 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A/31 nömrəli xidmət müqaviləsinə əsasən konsultant, yəni İddiaçı MMC sifarişçiyə, yəni Cavabdeh MMC-yə maliyyə-mühasibatlıq sahəsində konsultasiya xidmətlərinin göstərilməsini, sifarişçi isə bunun müqabilində konsultanta aylıq 1.250 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə müqavilənin 3.1-ci bəndində dəyişiklik edilərək aylıq xidmət haqqı 1.500 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə isə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, A/31 nömrəli müqaviləyə xitam verilmişdir. Müqaviləyə uyğun olaraq konsultant tərəfindən sifarişçiyə müvafiq xidmətlər göstərilərək ona təhvil verilməsinə baxmayaraq sifarişçi müqavilə üzrə nəzərdə tutulan aylıq xidmət haqlarını tam şəkildə ərizəçiyə ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından göründüyü kimi sifarişçinin xx.xx.2020-ci il tarixə konsultanta ödənilməmiş borcu 9000 manat təşkil etmişdir. Həmçinin bundan sonrakı aylar, yəni 2020-ci ilin noyabr və dekabr ayları, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə isə hər ay 1500 manat olmaqla, 12.000 manat ödəməli olduğu halda cavabdeh tərəfindən ərizəçiyə cəmi 5000 manat pul ödənilmiş, 7000 manat sözügedən aylar üzrə qalıq borc yaranmışdır. Nəticə etibarı ilə hazırda cavabdehin iddiaçıya ödənilməmiş 16.000 manat borcu yaranmışdır (xx.xx.2020-ci il tarixədək 9000 manat və 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyun ayına kimi 7000 manat olmaqla). Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, Cavabdeh MMC tərəfindən pul ödənilməmiş və ödənilməməsinin səbəbi şirkətin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin hesab edir ki, cavabdehdən 16.000 manat borc pulla yanaşı, həmin məbləğin qanunsuz olaraq saxlamasına görə xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üzrə illik 5 faiz hesablanılmaqla 800 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq Vəkil1 ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə tərtib edilərək məhkəməyə təqdim edilmiş, həmin ərizəyə baxılaraq ərizənin təmin edilməsi barədə e-MTT(113)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək icraya yönəldilmiş, mübahisənin məhkəmədənkənar qaydada – mediasiya vasitəsi ilə həll edilməsi üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər nəticə vermədiyinə görə isə iddia ərizəsi yazılmış, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Hesab edir ki, iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə İddiaçı MMC-nin ödədiyi 200 manat mediasiya xərcinə görə pul və hazırki mübahisə ilə əlaqədar müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsinə görə ödənilmiş 14 manat dövlət rüsumuna görə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2022-ci il tarxdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və heç bir dəlillə əsaslandırılmamışdır. Belə ki, həqiqətən tərəflər arasında xx.xx.2019 -cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə konsultant ayrı-ayrı maliyyə - mühasibatlıq xidmətlərini icra etməyi öhdəsinə götürümüşdür. 03.2019-cu il tarixdən 10.2019-cu il tarixədək ötən dövr üzrə borc və həmin dövr üzrə ödənişə dair tərəflər arasında xx.xx.2020-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Akta əsasən xidmət haqqı 26.500 manat, ödəniş 17.500 manat təşkil etmişdir. Aktda qeyd edilmişdir ki, həmin dövr üzrə qalıq borc 9.000 manatdır. Bundan sonra xx.xx.2020- ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr ərzində hər ay tərəflər arasında təhvil - təslim aktı imzalanmışdır. Hər ay imzalanan təhvil-təslim aktına əsasən həmin ay üzrə guya mühasibatlıq xidməti göstərilmişdir. Xidmət haqqı həmin aylar üzrə 1.000 manat təşkil etmişdir. İddiaçının təqdim etdiyi üzləşmə aktının 26-cı qrafasına və dekabr 2020-ci il, yanvar, fevral, mart, aprel, may, iyun 2021-ci il (7 ay) üzrə təhvil-təslim aktlarında xidmət haqqı 1.000 manat kimi qeyd edilsə də iddia ərizəsində həmin 7 aya görə aylıq xidmət haqqı 1.000 manat yox, 1500 manat qeyd edilmişdir. Eyni zamanda təhvil-təslim aktı 7 ayıq (dekabr 2020-ci ildən - iyun 2021 -ci ilədək) dövrü əhatə etsə də iddia ərizəsində 8 aylıq (noyabr, dekabr 2020-ci il, yanvar - iyun 2021 -ci ilədək) dövr qeyd edilmiş və 8 aylıq dövr üzrə tələb irəli sürmüşdür. Beləliklə adi riyazi hesablama zamanı müəyyən olunur ki, üzləşmə aktına görə 26.500 manat, təhvil-təslim aktlarına görə isə hər ay 1.000 manat olmaqla 7 aya görə (noyabr 2020-ci il üzrə tərəflər arasında təhvil-təslim aktı yoxdur) 7.000 manat borc olmuşdur. Üzləşmə aktında əsasən 26.500 manatın 17.500 manatı cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda iddiaçının etirafına görə sonrakı 7 ay üzrə xidmət haqqının 5.000 manatı da cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə iş materiallarından və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, üzləşmə aktı və təhvil aktlarına əsasən cəmi borc 33.500 (26500 + 7000) manat, ödənilmiş ümumi məbləğ isə 22.500 (17500 + 5000) manat təşkil etmişdir. Təqdim edilmiş sənədlərə əsasən borc 11.000 manat olsa da, iddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcun 16.000 manat olmasını iddia etmişdir. İddiaçı arada yaranmış 5.000 manat borca dair konkret sübut təqdim etməmişdir. Qeyd ediləndən əlavə iddiaçı vurulmuş zərərə görə 800 manat pul tələbi irəli sürsə də, həmin zərərin həqiqətən mövcud olmasına, nədən qaynaqlanmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mal satışını həyata keçirmiş olsa idi, mal əldə etməsi üçün ödədiyi pulun cavabdehdə ləngiməsi üçün AR Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsaslanaraq 449-cu maddəyə uyğun olaraq faizlər tələb edə bilərdi. Hazırkı halda isə iddiaçının heç bir maddi maya dəyəri olmayan xidmətə görə əlavə faiz tələbi qanunsuz və ədalətsizdir. Bildirmək istəyirlər ki, əslində onlar nəinki bu faizlərin, hətta müqavilə üzrə ümumi tələb edilən borc məbləğinin mövcudluğunu inkar edir və bildirmək istəyirlər ki, iddiaçı cavabdehə keyfiyyətsiz mühasibatlıq xidməti göstərmişdir. Belə ki, konsultant tərəfindən sifarişçinin hesabatları vaxtında təqdim edilməmiş, bununla cavabdeh şirkətin barəsində inzibati orqan tərəfindən inzibati tənbeh tədbiri görülmüşdür. Belə ki, konsultant tərəfindən lazımı qaydada 2021-ci ilin birinci rübü üzrə aprel ayının 20dək təqdim edilməli hesabat vaxtında təqdim edilməmiş, buna görə də ‘'City Farm” MMC Bakı şəhər Statistika İdarəsi tərəfindən İXM-nin 389-cu maddəsinin (statistik hesabatın verilməməsinə görə) törədilməsində təqsirli bilinərək, barəsində inzibati tənbeh verilmişdir. Bundan əlavə konsultant əməkdaşının Cavabdeh MMC-nin inzibati binasında bilavasitə mühasibat xidmətinin həyata keçməsini təmin etməmiş, heç bir mühasibatlıq sənədlərini təhlil etməmiş, hesabatları bilavasitə tərtib etməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Şirkətin əvvəlki direktorunun səhlənkarlığı səbəbindən müqavilə vaxında ləğv edilməmiş və xidmət dayandırılmamışdır. Qeyd edilənlərdən əlavə olara iddiaçının vəkil xidmətinə görə 500 manat pulun ödənilməsi hissəsində tələbi də əsassızdır. Belə ki, vəkilin hüquqi xidmətindən istifadə etməsi və ya etməməsi iddiaçının hüququdir. İddiaçı hansısa Avropa ölkəsində fəaliyyət göstərən hüquq şirkətləri ilə müqavilə bağlaya, böyük məbləğdə xidmət haqqı ödəyərək məhkəmədə hüquqlarının müdafiəsini ona tapşıra bilər. Bu iddiaçının hüququdur. Bu o anlama gəlməməlidir ki, həmin xidmət haqqı cavabdeh tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbi vəkil xidmətinə görə 500 mannat pulun tutulması hissəsində ağlabatan deyil. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş iddiaya qarşı etiraza dair yazılı mülahizə təqdim edərək qeyd etmişdir ki, etirazda göstərilənlər əsassızdır. Belə ki, cavabdeh etiraz ərizəsində onlara keyfiyyətsiz mühasibatlıq xidməti göstərilməsini bildirirərək mövqeyini statistik hesabatların vaxtında təqdim edilməməsi və nəticədə “City Farm" MMC-nin Bakı şəhəri Statistika İdarəsinin müraciəti əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə əsaslandırmışdır. Halbuki tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının statistik hesabat təqdim etmək öhdəliyi olmamışdır. Odur ki, cavabdehin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə səbəb iddiaçının hər hansı hərəkəti olmadığına görə sonuncunun keyfiyyətsiz xidmətindən və məsuliyyətindən söhbət gedə bilməz. İddiaçı tərəfindən cavabdehdə müqavilə müddəti ərzində keyfiyyətli xidmət göstərilmiş, cavabdeh həmin xidmətdən heç vaxt narazı olmamış, iddiaçıya hər hansı irad bildirilməmiş, müvafiq təhvil aktları ilə aylıq xidmətlərin göstərilməsini qəbul etmiş, xx.xx.2021-ci il tarixdə hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verilmişdir. Cavabdeh bunun əksini iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu, cavabdehin mülahizələrdən ibarət müdafiə xarakterli mövqeyi olmuşdur. Həmçinin cavabdeh vurulmuş zərərə görə 800 manat pulun tutulması hissəsində də iddia tələbinə etiraz etmiş və göstərmişdir ki, iddiaçı zərərin həqiqətən mövcud olması və nədən qaynaqlanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin bu mövqeyi də əsassızdır. Bu barədə iddia ərizəsində ətraflı əsaslandırma edilmişdir. Belə ki, iddiaçının bu tələbi Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir ki, digər əsaslardan çıxış edərək iddiaçı hər hansı məbləğ tələb edə bilmədiyindən, cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “MM-nin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir". Bununla yanaşı "City Farm” MMC vəkil xidmətinə görə ödənilmiş 500 manat pulun tutulması hissəsində iddia tələbinə etiraz etsə də, iddia bu hissədə də əsaslıdır. İddiaçı bu tələbində MPM-nin 121.1-ci maddəsinə əsaslanmış və sübutları iş materiallarına təqdim etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini, öz növbəsində cavabdehin nümayəndəsi və vəkili də ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin müraciətini nəzərə alaraq MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (konsultant) ilə cavabdeh “City Farm" MMC (sifarişçi) arasında 01 mart 2019-cu il tarixdə A/31 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən konsultant sifarişçiyə maliyyəmühasibatlıq sahəsində konsultasiya xidmətlərinin göstərilməsini, sifarişçi isə bunun müqabilində konsultanta bu müqavilənin 3.1-ci bəndində göstərilən xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 2.1.7-ci bəndinə görə aylıq, rüblük və illik (yarımillik) statistika hesabatlarının hazırlanmasına nəzarət edilməsi və lazımi məsləhətlərin verilməsi konsultantın öhdəliklərindəndir. 3.1-ci bəndinə görə sifarişçi bu müqaviləyə əsasən konsultanta aylıq xidmət haqqı olaraq 1.250 manat ödəyir. 3.2-ci bəndinə görə xidmət haqqı 30% avans, 70% görülmüş işlərin haqqı olaraq konsultantın təqdim etdiyi hesab-faktura, təhvil-təslim aktına əsasən sifarişçi tərəfindən nağd və ya köçürmə yolu ilə konsultanta ödənilir. 3.3-cü bəndinə görə müqavilənin qiyməti gələcəkdə iş yükünün həcmi və mürəkkəbliyi nəzərə alınaraq yenidən tərəflər arasında müzakirə edilə bilər. 4.3-cü bəndinə əsasən bu müqaviləyə sifarişçinin və ya konsultantın istəyi ilə, digər tərəfi 1 ay əvvəlcədən xəbərdarlıq etməklə xitam verilə bilər. 5.1-ci bəndinə görə bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. 6.1-ci bəndinə görə bu müqavilə xx.xx.2019-cu il tarixindən 28 fevral 2020-ci il tarixinədək olmaqla, 1 il müddətinə bağlanır. 6.2-ci bəndinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və 28 fevral 2020-ci il tarixədək qüvvədədir. 6.3-cü bəndinə görə müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra tərəflərdən hər hansı biri onun xitam edilməsini tələb etmirsə və tərəflər bu müqavilənin şərtlərinin davam etdirilirsə, bu müqavilə 1 il uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (konsultant) ilə cavabdeh “City Farm" MMC (sifarişçi) arasında bağlanmış 01 mart 2019-cu il tarixli, A/31 saylı xidmət müqaviləsinə 01 may 2019-cu il tarixli A/31-01 saylı əlavə razılaşma protokoluna əsasən tərəflər aşağıdakı dəyişikliklər barədə əlavə razılığa gəlmişlər: Əlavə razılaşma protokolunun: 1-ci bəndinə əsasən 01 mart 2019-cu il tarixli, A/31 saylı xidmət müqaviləsinin 3.1-ci maddəsi aşağıdakı redaksiyada yazılsın. “3.1. Sifarişçi bu müqaviləyə əsasən konsultanta aylıq xidmət haqqı olaraq 1.500 manat ödəyir”. 2-ci bəndinə əsasən 01 mart 2019-cu il tarixli, A/31 saylı xidmət müqaviləsinin əlavə razılaşma protokolu ilə toxunulmayan bütün digər müddəaları dəyişilməz olaraq qalır. Əlavə razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 01 mart 2019-cu il tarixli, A/31 nömrəli müqavilə üzrə xx.xx.2020-ci il tarixli “üzləşmə aktı” əsasən xx.xx.2020-ci il tarixinə “City Farm" MMC-nin İddiaçı MMC-yə olan borcu 9.000 manat təşkil etmişdir. Akta görə xx.xx.2019-cu il və xx.xx.2019-cu ildə satış (göstərilmiş xidmətin dəyəri) 1.250 manat, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər ay satış (göstərilmiş xidmətin dəyəri) 1.500 manat, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər ay satış (göstərilmiş xidmətin dəyəri) 1.000 manat olmaqla, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədə olan dövr ərzində toplam satışın (göstərilmiş xidmətin dəyəri) 26.500 manat, həmin dövr ərzində isə ödənişin 17.500 manat olduğunu (26.500-17.500=9.000) hər iki tərəf təsdiqləmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə edən təhvil-təslim aktlarına əsasən 01 mart 2019-cu il tarixli, A/31 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən 2020-ci il dekabr ayından başlayaraq hər ay 1000 manat olmaqla 2021-ci ilin iyun ayına qədər (iyun ayı da daxil olmaqla) cəmi 7 ay ərzində ümumilikdə 7.000 manatlıq mühasibatlıq xidməti göstərilmiş və “City Farm" MMC tərəfindən həmin xidmətlər təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə 34.500 manat dəyərində, o cümlədən, hər biri 1.250 manat dəyərində olan göstərilmiş xidmətlərə dair müvafiq olaraq xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 146130 saylı və xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 840890 saylı; hər biri 1.500 manat dəyərində olan göstərilmiş xidmətlərə dair müvafiq olaraq xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 093145 saylı, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 364725 saylı, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 638885 saylı, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 082557 saylı, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 522855 saylı, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 891417 saylı, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 218030 saylı, xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 497198 saylı, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 643282 saylı, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 001104 saylı, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 368837 saylı, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 692950 saylı, hər biri 1.000 manat dəyərində olan göstərilmiş xidmətlərə dair müvafiq olaraq xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 426891 saylı, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 880733 saylı, xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 439898 saylı, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 387516 saylı, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 280985 saylı, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 587625 saylı, xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 067455 saylı, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 488679 saylı, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 374697 saylı, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 196877 saylı, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 651399 saylı, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 362178 saylı və 2.000 manat dəyərində göstərilmiş xidmətlərə dair xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 160976 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “City Farm" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 146130 saylı elektron qaimə üzrə 1.250 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAT seriyalı, 840890 saylı elektron qaimə üzrə 1.250 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAV seriyalı, 093145 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAW seriyalı, 364725 saylı elektron qaimə üzrə 750 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAW seriyalı, 364725 saylı elektron qaimə üzrə 750 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAX seriyalı, 638885 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EAAZ seriyalı, 082557 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAA seriyalı, 522855 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAB seriyalı, 891417 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAD seriyalı, 218030 saylı elektron qaimə üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAE seriyalı, 497198 saylı və EBAF seriyalı, 643256 saylı elektron qaimələr üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAH seriyalı, 001104 saylı elektron qaimə üzrə 1.000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAH seriyalı, 001104 saylı və EBAF seriyalı, 643282 saylı elektron qaimələr üzrə 1.500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAİ seriyalı, 368837 saylı və EBAJ seriyalı, 692950 saylı elektron qaimələr üzrə 3.000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “City Farm" MMC tərəfindən İddiaçı MMC-yə EBAK seriyalı, 426891 saylı və EBAL seriyalı, 439898 saylı elektron qaimələr üzrə 2.000 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1266/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh MMC İXM-nin 389-cu (statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən 2021-ci ilin (rüblük) 1-ci xarici borc, 2-ci xarici borc və 1-ci invest (xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında) hesabatlar 2021-ci ilin 1-ci rübü üzrə aprel ayının 20-dək təqdim edilməmişdir. 01 mart 2019-cu il tarixli, A/31 nömrəli xidmət müqaviləsinin xitamı barəsində olan xx.xx.2021-ci il tarixli akta əsasən 01 mart 2019-cu il tarixli, A/31 nömrəli xidmət müqaviləsinə uyğun olaraq həmin müqaviləyə bu akt imzalandığı tarixdən etibarən xitam verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən “City Farm" MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC (konsultant) ilə “City Farm" MMC (sifarişçi) arasında 01 mart 2019-cu il tarixli, A/31 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə göstərilmiş maliyyə-mühasibatlıq sahəsində konsultasiya xidmətlərinə görə cavabdehin onlara 16.000 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazına əsas kimi ona istinad edir ki, iddiaçı cavabdehin inzibati binasında bilavasitə mühasibatlıq xidmətinin göstərilməsini təmin etməmiş, heç bir mühasibat sənədlərini təhlil etməmiş, hesabatları bilavasitə tərtib etməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş üzləşmə aktı və xidmətlərin təhvil-təslimi aktları ilə öz təsdiqini tapır. Borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan üzləşmə aktına əsasən borc xx.xx.2020-ci tarixə 9.000 manat təşkil etmiş, bundan sonra təhviltəslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin dekabr-2021-ci ilin iyun aylarında cəmi 7.000 manat məbləğində xidmət göstərilmişdir. Sözügedən müddət ərzində - 2021-ci ilin fevral və aprel aylarında iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən cəmi 5.000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iş materiallarına əsasən mübahisəli xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun hal-hazırda 11.000 manat (9.000+6.000-5000) təşkil etməsi müəyyən edilir. Müqavilənin qüvvədə olduğu son 8 ayı (2020-ci ilin noyabr, 2021-ci ilin iyun ayı) üçün aylıq xidmət haqqının 1.500 manat məbləğində müəyyən edilməli olması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli xidmət müqaviləsi bağlanarkən tərəflər aylıq xidmət haqqının 1.250 manat olması ilə bağlı razılığa gəlmiş, 2 aydan sonra - xx.xx.2019-cu il tarixində tərəflər aylıq xidmət haqqının 1.500 manat olması ilə bağlı müqaviləyə yazılı formada dəyişiklik etmişlər. Digər tərəfdən iddiaçının özünün də təsdiq etdiyi xx.xx.2020-ci il tarixli üzləşmə aktına nəzər yetirdikdə 2020-ci ilin may ayından başlayaraq etibarən üzləşmə aktının tərtib edildiyi tarixədək olan dövrdə iddiaçı tərəfindən cavabdehə hər ay üçün göstərilmiş xidmətlərin dəyərinin 1.000 manat məbləğində hesablandığı müəyyən edilir. Həmçinin iddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə edən təhvil-təslim aktlarında da 2020-ci il dekabr ayından başlayaraq 2021-ci ilin iyun ayının sonunadək (müqaviləyə xitam verilənədək) olan dövrdə - hər ay 1.000 manat məbləğində olmaqla ümumilikdə 7.000 manat məbləğində mühasibatlıq xidmətlərinin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi qeyd edilmişdir. Bundan əlavə İddiaçı MMC tərəfindən cavabdeh “City Farm" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 2020-ci ilin may ayı - 2021-ci ilin iyun ayları arası dövrü əhatə edən elektron qaimələrdə də aylıq xidmət haqqı 1000 manat məbləğində göstərilmişdir. Mülki Məcəllənin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsin görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda tərəflər 2020-ci il dekabr-2021-ci ilin iyun ayları arası dövrü əhatə edən təhvil-təslim aktlarını təsdiq etməklə mübahisəli aylar üçün aylıq xidmət haqqının 1000 manat məbləğində müəyyən olunması barədə yazılı formada (müqavilə ilə eyni formada) razılaşmışlar. Odur ki, iddiaçı sözügedən aylar üçün aylıq xidmət haqqının 1500 manat məbləğində hesablanmasını tələb etməkdə haqlı deyil. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində yuxarıda göstərilən aylarla yanaşı 2020-ci ilin noyabr ayı üçün də göstərilmiş xidmətlərə görə 1500 manat məbləğində xidmət haqqının tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin ola bilməz. Belə ki, baxmayaraq ki, İddiaçı MMC tərəfindən cavabdeh “City Farm" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin noyabr ayı üçün göstərilmiş xidmətlərə dair 1.000 manat məbləğində xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 067455 saylı elektron qaimə göndərilmişdir, həmin ay üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilməsinə dair digər sübutlar (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 067455 saylı elektron qaimə-fakturasının əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktı və ya digər ilkin sənəd durmadığından həmin qaiməfaktura müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əsas borcun tutulması hissəsində iddia tələbi qismən əsaslı olduğundan həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə göstərilmiş xidmətlərə görə 11.000 manat məbləğində pul tutulmalıdır. İddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə 800 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüş və cavabdeh isə həmin hissəyə də iddiaya etiraz etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (üzləşmə aktı, təhvil-təslim aktları və ödəniş sənədləri) təsdiq edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə mübahisəli müqavilə üzrə borcu xx.xx.2020-ci il tarixə 9.000, xx.xx.2020-ci il tarixə 9.000, xx.xx.2020-ci il tarixə 10.000, xx.xx.2021-ci il tarixə 11.000, xx.xx.2021-ci il tarixə 9.000, xx.xx.2021-ci il tarixə 10.000, xx.xx.2021-ci il tarixə 9.000, xx.xx.2021-ci il tarixə 10.000, xx.xx.2021-ci il tarixə 11.000 təşkil etmişdir. Göründüyü kimi cavabdeh əsas borcun 9.000 manat hissəsinin ödənilməsini 20 ay müddətinə (gecikdirmənin müddətini iddia ərizəsində göstərilən xx.xx.2021-ci il tarixədək hesablasaq) (9.000x5%:12x20 ay=750 manat), qalan 2.000 manat hissəsini (2000x5%x 1il=100 manat) isə bir il müddətinə gecikdirmişdir. Odur ki, İddiaçı MMC 11.000 manat məbləğində borcun gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən 800 manat pul tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa cavabdehin iddiaya qarşı vermiş olduğu etirazın digər dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin 2021-ci ilin (rüblük) 1-ci xarici borc, 2-ci xarici borc və 1-ci invest (xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında) hesabatları statistika idarəsinə vaxtında təqdim etməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi iddiaçı tərəfindən cavabdehə keyfiyyətsiz mühasibatlıq xidmətinin göstərməsi və ya xidmətlərin ümumiyyətlə göstərilməməsi anlamına gəlmir. Belə ki, əvvəla tərəflər arasında bağlanmış xidmət müqaviləsinə görə konsultant (iddiaçı) aylıq, rüblük və illik (yarımillik) statistika hesabatlarının rüblər üzrə təqdim edilməsini deyil, aylıq, rüblük və illik (yarımillik) statistika hesabatlarının hazırlanmasına nəzarət edilməsi və lazımi məsləhətlərin verilməsi öhdəliyini daşıyır. İkincisi, müqavilə üzrə öhdəliyni lazımi qaydada icra edilməsi (və ya icra edilməməsi) ilə bağlı sifarişçi (cavabdeh) tərəfindən konsultanta (iddiaçı) hər hansı bir iradın bildirilməsi, qüsurların aradan qaldırılmasının təklif edilməsi, bu məqsədlə vaxt verilməsi kimi hallar iş materiallarına əsasən müəyyən edilmir. Əksinə cavabdeh “City Farm" MMC xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə edən dövr ərzində 01 mart 2019-cu il tarixli, A/31 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən 2020-ci il dekabr ayından başlayaraq hər ay 1000 manat olmaqla 2021-ci ilin iyun ayına qədər (iyun ayı da daxil olmaqla) cəmi 7 ay ərzində ümumilikdə 7.000 manatlıq mühasibatlıq xidmətinin göstərilməsini təsdiq etmiş və həmin xidmətləri təhvil almışdır. Bundan əlavə cavabdeh iddiaçı tərəfindən xidmət müqaviləsinin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində onlara vurulmuş zərərə görə pozuntu törədənə qarşı vurulmuş ziyanla bağlı iddia qaldıra bilər, müqaviləyə 1 ay əvvəlcədən xəbərdarlıq etməklə xitam verə bilər və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görə bilərdi. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, sözügedən müqaviləyə tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən yalnız xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının əsas borcun gecikdirilməsinə görə tələb etdiyi faiz borcunun məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 140,40 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 140 (yüz qırx) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 (üç yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. İddiaçı iddia ərizəsində həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı tərəfindən ödənilmiş 14 manat dövlət rüsumunun cavabdehdən tutulmasını da xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-in tələblərinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məsələsinə hazırki iş üzrə icraat çərçivəsində deyil, müstəqil icraatda (e-MTT(113)-185/2022 nömrəli iş üzrə) baxılmış, belə olan halda isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə verilərkən ödənilmiş dövlət rüsumu hazırkı iş üzrə məhkəmə xərclərinə daxil olmadığından həmin xərcin cavabdehə aid edilməsi məsələsinə də hazırkı iş çərçivəsində baxılması üçün əsas yoxdur. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, A/31 saylı müqavilə üzrə 11.000 manat (on bir min) məbləğində əsas borc, 800 (səkkiz yüz) manat məbləğində faiz, cəmi 11.800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul vəsaiti və vəkil xərclərinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3271/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3271/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver