Məhkəmə qərarları › İş №e-2-2(113)-3278/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3278/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3278/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 41.802,93 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 41.832,93 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında 07.05.2014-cü il tarixli, İ 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı ASC Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" MMC) ümumi dəyəri 840.591,24 manat olan polietilen boruları təhvil verməyi, sonuncu isə həmin malların dəyərini malları aldıqdan sonra 10 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" MMC) müvafiq qaimələrin əsasında 840.591,24 manatlıq malları təhvil verdi, sonuncu isə onları qəbul edib, yalnız bir hissəsini ödəmişdir. Qalan hissə 41.802,93 manat məbləğ bu günə kimi ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı müraciət edilmiş, lakin onun müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 07.05.2014-cü il tarixli, İ 01 saylı alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı ASC Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" MMC) ümumi dəyəri 840.591,24 manat olan polietilen boruları təhvil verməyi, sonuncu isə həmin malların dəyərini malları aldıqdan sonra 10 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 yanvar 2015-ci il tarixli üzləşmə aktından görünür ki, X1” MMC (əvvəlki adı "xxxx" MMC) İddiaçı ASC-yə 30.01.2015-ci il tarixinə 311.982,93 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41.802,93 manat məbləğində borcun qaldığını bildirərək, qeyd edilən məbləğdə borcun tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı ASC-nin üzərinə düşür. İşin araşdırılmış hallarından görünür ki, X1” MMC (əvvəlki adı "xxxx" MMC) 30 yanvar 2015-ci il tarixdə üzləşmə aktını imza etməklə ona malların verilməsini etiraf etmiş və eyni zamanda da verilmiş mallara görə 311.982,93 manat məbləğində borcunun olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2015-ci il tarixdən sonrakı tarixlərdə olan kassa məxadil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 270.180 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 41.802,93 manat məbləğində borcu qalmışdır. (311.982,93-270.180) Göründüyü kimi işin faktiki halları iddia tələbinin qanuni əsasını təşkil edən yuxarıda qeyd edilmiş maddələrin dispozisiya şərtlərinə uyğundur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 41.802,93 (qırx bir min səkkiz yüz iki manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul X1” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar