Məhkəmə qərarları › İş №e-2-2(113)-3279/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3279/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3279/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-yə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-ə qarşı xx.xx.2024cü il tarixli, 09 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ (sifarişçi) arasında 29 yanvar 2024-cü il tarixdə 09 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 saylı qərarı ilə təsdiq edilmişdir) bağlanmışdır. Həmin müqavilənin: 2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi V.Axundov adına X1 İnstitutu İnventarların satınalınması üçün icraçının 54.398 AZN məbləğində təklifi qəbul etmişdir

5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurtann icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür, 5.6-cı bəndinə əsasən sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və icraçıya vaxtında çatdırılmasına təminat verir 8-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikasının ərazisindən kənarda satın alınan malların göndərilməsinə dair tələblərini Parisdə Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları "İnkoterms"in şərtlərinə uyğun olaraq müəyyənləşdirir. Bu barədə məlumat müqavilənin xüsusi şərtlərində göstərilir. Azərbaycan Respublikasının ərazisi daxilində malların göndərilməsinə dair tələblər və şərtlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir və bu barədə məlumatlar müqavilənin xüsusi şərtlərində öz əksini tapmalıdır. 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 75 bank günündən gec olmamaq şərti ilə aparılır. 13.2-ci bəndinə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər, avansın alınması üçün icraçı tərəfindən sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasım müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. 13.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə icraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 35 bank günü müddətində sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ icraçıya ödənilir. 13.4-cü bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir, 13.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır, 14.1-ci bəndinə əsasən icraçı göstərilmiş müddət ərzində satınalma müqaviləsini və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur. Müqavilənin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır, İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Tenderin əsas şərtlər toplusunda müqavilənin sifarişçinin yuxarı İdarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın tasdiqinədək qüvvəyə minmir, Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir, 14.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda icraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. 20.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər

2. Müqavilənin Xüsusi Şərtlərinin 11-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr 15 bank günü müddətində ödənilmədikdə icraçı 10 gün möhlət verir. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun 0.1 faizi məbləğində cərimə sanksiyaları tədbiq edilə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Müqaviləyə dair qiymətlərin razılaşdırılması haqqında protokolda malların adı, ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti göstərilmişdir. Qiymətlərin razılaşdırılması haqqında protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən 54.398 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 854720 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-ə göndərilmişdir.

4. xx.xx.2024-cü il tarixli 001 saylı, 27 fevral 2024-cü il tarixli 001 saylı və xx.xx.2024cü il tarixli 003 saylı təhvil-təslim aktlarına əsasən İddiaçı MMC tərəfindən göndərilmiş mallar “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ tərəfindən təhvil alınmışdır. Təhvil-təslim aktları tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı MMC tərəfindən “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-yə xx.xx.2023-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC cavabdeh “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “V.Y.Axundov adına X1 İnstitutu” PHŞ-dən 54.398 manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 598,40 manat məbləğində cərimənin, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində haqqın və ödənilmiş 257.00 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 55.553,40 manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə V.Axundov adına X1 İnstitutu PHŞ arasında xx.xx.2024-cü il tarixli, 09 nömrəli mallar üzrə satınalma müqaviləsi imzalanmışdır. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları və xidmətləri cavabdehə təqdim etməli, cavabdeh isə həmin malların və xidmətlərin dəyərini müqavilədə göstərilmiş müddət ərzində iddiaçıya ödəməli idi. Tərəflər arasında imzalanmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarına əsasən ümumilikdə ƏDV daxil 54,398.00 manat məbləğində mal və xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Buna dair iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron-qaimə təqdim edilmişdir. Müqavilə üzrə ödəmələr müqavilənin 13-cü bəndi və Müqavilənin Xüsusi Şərtlərinin 11-ci bəndi ilə tənzimlənir. Həmin bəndlərə əsasən iddiaçı tərəfindən müqavilə üzrə mal və xidmətlər təqdim edildikdən sonra iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən 15 bank günü ərzində cavabdeh tərəfindən malların dəyəri ödənilməli idi. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun 0.1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edilə bilər. Cavabdeh müqavilə üzrə borcunu ən geci 15 aprel 2024-cü il tarixdə ödəməli olduğu halda, sonuncu müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklərini bugünədək yerinə yetirməmişdir.

8. Daha sonra iddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edilən anda iddiaçı tərəfindən cərimə məbləği xx.xx.2024-cü il tarixədək hesablanmışdır. cavabdeh V.Axundov adına X1 İnstitutundan müqavilə üzrə yaranan 54.398 manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 5.712 manat məbləğində cərimənin, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində haqqın və ödənilmiş 272.00 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 60.682 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 427.3, 442 və 445.1-ci maddələrinə istinad etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “V.Axundov adına X1 İnstitutu” PHŞ arasında xx.xx.2024-cü il tarixli 09 nömrəli mallar üzrə satınalma müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “V.Axundov adına X1 İnstitutu” PHŞ-in göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 54.398 manat təşkil edir.

19. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir.

20. Belə olan halda məhkəmə mübahisəli mallar üzrə satınalma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, cavabdeh “V.Axundov adına X1 İnstitutu” PHŞ-dən 54.398 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsininin dəqiqləşdirilməsi barədə ərizədə həmçinin 5,712 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, cavabdeh “V.Axundov adına X1 İnstitutu” PHŞ mallar üzrə satınalma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2700 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 273 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 272,05 manat təşkil edir.

27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 260 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “V.Axundov adına X1 İnstitutu” PHŞ-dən 54.398 manat məbləğində əsas borc, 2700 manat məbləğində dəbbə pulu, cəmi 57.098 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi olaraq 260 manat məbləğində pul vəsaiti və vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 300 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar