Məhkəmə qərarları › İş №e-2-2(113)-3281/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3281/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3281/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” (bundan sonra- cavadehlər) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Şəki-0021 nömrəli üçtərəfli Sazişə əsasən 2,456.30 AZN (iki min dörd yüz əlli altı manat, 30 qəpik) gecikdirilmiş əsas borcun və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd 1 ədəd BLY -155 ot, küləş presləyənin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 112 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd BLY -155 ot, küləş presləyən cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh2 arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 12 avqust 2020-ci il tarixli Şəki-0021 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh2 müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024cü il tarixinə 2,456.30 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0161 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 12 avqust 2020-ci il tarixli 0021 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 2,456.30 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. müqavilənin şərtlərinə və Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərinə əsasən, hazırki mübahisəyə iddiaçının seçiminə əsasən Bakı Kommersiya Məhkəməsində baxıla bilər. "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında №112, xx.xx.2019-cu il tarixli Zamlinlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəsinə götürdüyü öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilmədiyi halda lizinq alanla birgə məsuliyyət daşıyır. Odur ki, hazırkı iş üzrə Cavabdeh1 Cavabdeh2lə birgə cavabdeh qismində çıxış edir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Şəki-0021 nömrəli üçtərəfli Sazişə əsasən 2,456.30 AZN (iki min dörd yüz əlli altı manat, 30 qəpik) gecikdirilmiş əsas borcun və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd 1 ədəd BLY -155 ot, küləş presləyənin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.İsmayılova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.

6. Sonuncu məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 112 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə görə ümumi məbləği 14381,94 manat olan kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi razılaşdırılmışdır.

9. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alan texnikaların 14381,94 manat dəyərindən 4965,94 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

10. 12 avqust 2020-ci il tarixli, 0021 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə görə xx.xx.2019-cu il tarixli, 112 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür.

11. "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 112 nömrəli, xx.xx.2019-cu il tarixli zamlinlik müqaviləsinə görə Cavabdeh1 Cavabdeh2 (lizinq alan) xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə lizinq verənə 9416 manat ödənməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədilə lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

12. Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə Əlavə 1- Üzləşmə və Təhvil Təslim aktına görə 1 ədəd BLY -155 ot küləş presləyən xx.xx.2020-ci il tarixində normal vəziyyətdə Cavabdeh2 təhvil verilmişdir.

13. İddiaçı tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli PLM-24/0211 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 12 avqust 2020-ci il tarixli, 0021 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə əsasən iddiaçı qarşısında xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş cari borcu 2456,30 manat təşkil edir.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 112 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış, sonradan 12 avqust 2020-ci il tarixli, 0021 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə əsasən müqavilə üzrə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdehlər həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

19. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

20. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2019-cu il tarixli, 112 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2456,30 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli, cavabdehlərdən 2456,30 manat manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə iddia tələbinin lizinq obyektinin Cavabdeh2 geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

23. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 2456,30 manat gecikdirilmiş borc tutularaq iddiaçıya ödənilməli, lizinq predmeti olan 1 ədəd BLY- 155 markalı ot küləş presləyənin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia edildiyindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2456,30 manat məbləğində pul, 45 manat dövlət rüsumu, ümumilikdə 2501,30 (iki min beş yüz bir manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 1 (bir) ədəd BLY-155 markalı ot, küləş presləyən alınaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar