Məhkəmə qərarları › İş №e-2-2(113)-3284/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3284/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3284/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 X5nun Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X4 X5nun Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8728,46 manat məbləğində borcun, 1745,69 manat məbləğində cərimənin, dövlət rüsumu kimi ödənilmiş 121,43 manatın, cəmi 10595,58 manat məbləğində borcun tutularaq X4 X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X4 X5 arasında bağlanmış HS-408/2-18 nömrəli, 25 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə Satıcı bu müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun yanmış məftili Alıcının ünvanına çatdırır, Alıcı isə müqavilə əsasında malların qiymətini ödəyir (müqavilənin 1.1 bəndi). Müqavilənin qiyməti (ƏDV daxil olmaqla) 80830 manat təşkil edir (müqavilənin 2.1 bəndi). X2 tərəfindən bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş öhdəliklər yerinə yetirildikdən sonra, bu Müqavilənin 3.3-cü maddəsində göstərilmiş Alıcının ünvanına 1 ay ərzində çatdırmalıdır. Malların çatdırılma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə icazə verilir. Müqavilənin 17.8-ci bəndinə əsasən bu Müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflər bu Müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Bir müddət tərəflər arasında bağlanmış müqavilə şərtinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə mal alınması üçün Satıcının AZ48ATAZ******************** nömrəli hesabına Alıcı tərəfindən 11800 (ƏDV daxil olmaqla) manat məbləğində pul köçürülmüş, lakin sifariş olunan mal Satıcı tərəfindən Alıcıya tələb olunan miqdarda çatdırılmamışdır. Belə ki, həmin məbləğ ödənildikdən sonra Satıcı tərəfindən cəmi 3071,54 manat dəyərində 1.9 ton miqdarında yanmış məftil Alıcıya təhvil verilmişdir. Bu fakt xx.xx.2021-ci il tarixli Seriya:EBAX № 950429 nömrəli elektron qaimə, malların anbara təhvil verilməsi haqqında xx.xx.2021-ci il tarixli akt və 114 nömrəli mədaxil orderi ilə öz təsdiqini tapır. Satıcı tərəfindən müqavilə üzrə öhdəlikər yerinə yetirilmədiyindən X4 X5 14-2-27/2-118/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli məhkəmə qabağı pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək Cavabdeh MMC tərəfindən NEZ-ə ödənilməli olan 8728,46 manat borcun 10 gün müddətində ödənilməsini xahiş etmiş, qeyd olunan tarixədək tələb olunan borc məbləği ödənilmədiyi təqdirdə 8728,46 manat borcun və gecikdirilmiş günlər üzrə dəbbə pulunun məcburi qaydada alınması üçün qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Həmin pretenziya məktubu Cavabdeh MMC-nin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş və MMC tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul olunmuş olsa da, həmin tarixdən hal-hazıradək Satıcı tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi akt”dan görünür ki, Cavabdeh MMC X4 X3 xx.xx.2023-cü il tarixinə 8728,46 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Tərəflər arasında bağlanmış HS-408/2-18 nömrəli, 25 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 11.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda “Satıcı” hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada “Alıcı”ya cərimə ödəməlidir: 11.1.1 bənd ilk 4 həftə ərzində gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında; 11.1.2 bənd daha sonrakı müddətdə gecikdirilmiş malların dəyərinin 1.5%-i midarında. Müqavilənin 11.2-ci maddəsinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış malların dəyərinin 10%-dən çox ola bilməz. Cavabdeh MMC tərəfindən X4 X3 ödənilməli olan cərimə məbləği 1745,69 manat təşkil edir. Göründüyü kimi, Alıcı tərəfindən xx.xx.2020-ci il tarixdə mal alınması üçün Satıcının AZ48ATAZ******************** nömrəli hesabına 11800 (ƏDV daxil olmaqla) manat məbləğində pul köçürülməsinə baxmayaraq, Satıcı tərəfindən cəmi 3071,54 manat dəyərində 1.9 ton miqdarında mal təhvil verilmiş, 8728,46 manat məbləğində sifariş olunmuş mal isə Satıcı tərəfindən hal-hazıradək Alıcıya çatdırılmamışdır. Bundan sonra Alıcı tərəfindən ödənilmiş məbləğə uyğun olaraq malın çatdırılması Satıcıdan tələb olunsa da, satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək tələb olunan malın çatdırılmasından müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.3. madəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən 121,43 dövlət rüsumu ödənilmişdir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 8728,46 manat məbləğində əsas borcun, 1745,69 manat məbləğində cərimənin, illik 5% olmaqla hesablanmış 579.9 manatın, dövlət rüsumu kimi ödənilmiş 121,43 manatın, cəmi 11.175,48 manat məbləğində borcun tutularaq X4 X3 ödənilməsi barədə qətnamə qəbul edəsiniz.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X4 X5 cavabdeh “AZMETİZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 8728,46 manat məbləğində borcun, 1745,69 manat məbləğində cərimənin, dövlət rüsumu kimi ödənilmiş 121,43 manatın, cəmi 10595,58 manat məbləğində borcun tutularaq X4 X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi akt”dan görünür ki, Cavabdeh MMC X4 X3 xx.xx.2023-cü il tarixinə 8728,46 manat məbləğində borcu olduğunu etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh MMC kreditor X4 X3 8728,46 manat məbləğində borcu olduğunu etiraf etdiyindən onun həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə illik 5% olmaqla 579.9 manat borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin arqumentlərinə dair isə bildirdi ki, pulu cavabdehin verdiyi hesaba köçürüblər, əgər həmin hesaba pulun köçürülməsini istəmirdilərsə, özləri dəyişiklik barədə iddiaçıya məlumat verməli idilər. Və həmin hesaba 10.000 manat əsas məbləğ və 1800 manat ƏDV köçürülmüşdür. Həmin pulun müqabilində cəmi 3071,54 manat dəyərində mal verilmişdir, yerdə qalan 8728,46 manatlıq mal verilmədiyi üçün pulun geri qaytarılmasını xahiş edirlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, doğrudur, 8728,46 manat məbləğində pul vəsaiti onun hesabına ödənilib. Lakin, hesabları olan Atabank pul köçürüləndən sonra müflis elan olunub, ona görə də həmin pulu çıxarıb iddiaçıya qaytara bilmir. Nə vaxt ki, o pulu götürə bilsə iddiaçıya həmin məbləğ veriləcək. Cərimə və faiz borcu tələbinə qəti etiraz edir, təmin edilməməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli, HS- 408/2-18 nömrəli alqı-satqı müqaviləsinin:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun yanmış məftili bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların qiymətini ödəyir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar yeni olmalıdır və X2ya təhvil verməklə, mallara aid olan qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlərə də alıcıya təqdim etməlidir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin qiyməti (ƏDV daxil olmaqla) 80830 manat təşkil edir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən X2nın ünvanında və ya bu müqavilə ilə müəyyən edilən digər ünvanda alıcıya təhvil verməlidir.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən X2 tərəfindən bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş öhdəliklər yerinə yetirildikdən sonra, bu müqavilənin 3.3-cü maddəsində göstərilmiş alıcının ünvanına 1 ay ərzində çatdırılmalıdır.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilənin 2.1-ci bəndinə uyğuun olaraq alıcı müqavilə imzalandıqdan sonra 30 bank günü ərzində satıcının hesabına müqavilə qiymətini qabaqcadan ödəmək öhdəliyini götürür.

15. Müqavilənin 8.9-cu bəndinə əsasən malların uyğunsuzluğu və ya qüsurlu olması halında və əgər satıcı malların qüsurları barəsində qabaqcadan məlumat verməmişsə lazımi keyfiyyəti olmayan malları verildiyi, alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin.

16. Müqavilənin 8.10.1-ci bəndinə əsasən müqavilənin icrasından imtina etsin və mallara ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.

17. Müqavilənin 11.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada alıcıya cərimə ödəməlidir.

18. Müqavilənin 12.3-cü bəndinə əsasən satıcı alıcının onun məruz qaldığı bütün istənilən məsuliyyət, xərclər, ziyan və itkilərdən qoruyacaq, hühafizə edəcək, azad edəcək və əvəzini ödəyəcəkdir.

19. Müqavilənin 14.1-ci bəndinə əsasən alıcının bu müqavilənin digər müddəalarında və nəzərdə tutulmuş hüquqlarına əlavə olaraq alıcı, satıcı ya müvafiq bildiriş göndərməklə malların çatdırılmasından əvvəl bu müqaviləni tam və ya qismən xitam etmək hüququ vardır.

20. xx.xx.2020-ci il tarixli debet haqqında bildirişə əsasən X4 X5 tərəfindən Cavabdeh MMC-nin hesabına mal və material üçün 10000 manat məbləğində ödəniş edilmişdir.

21. Köçürülmənin aparılması haqqında xx.xx.2020-ci il tarixli bildirişə əsasən X4 X5 tərəfindən Cavabdeh MMC-nin hesabına 1800 manat dəyərində ƏDV ödənişi həyata keçirilmişdir.

22. xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixə borc qalığı 8728,46 manat təşkil etdiyi və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2021-ci il tarixli EBAX seriyalı 950429 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC tərəfindən 3071,54 manat dəyərində (2603 manat+468,54 manat ƏDV) mal satışına dair X4 X3 e-qaimə göndərilmişdir.

24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Tərəflər arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli, HS-408/2-18 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun yanmış məftili bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların qiymətini ödəyir və müqavilənin 1.2-ci bəndinə əsasən mallar yeni olmalı və X2ya təhvil verməklə, mallara aid olan qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlərə də alıcıya təqdim etməlidir.

31. İşdən göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra edərək müvafiq ödənişi həyata keçirmiş, lakin, cavabdeh tərəfindən malların satışına dair ödəniş qəbul edilsə də, məhsulların çatdırılmasını həyata keçirməmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, ödəniş sənədləri, üzləşmə aktı, elektron qaimə ilə təstiq olunduğu və cavabdeh tərəfindən 8728,46 manat məbləğində borcun olması üzləşmə aktında və şifahi məhkəmə iclasında etiraf edildiyi üçün 8728,46 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir. (cəmi ödənilib 11.800 manat, həmin pulun müqabilində isə cəmi 3071,54 manat dəyərində mal verilib)

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya təqdim edilməmiş mallara görə 8728,46 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 8728,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

34. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 11.1-ci maddəsinə əsasən hesablanmış 1745,69 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 436 manat məbləğində müəyyən edilməlidir.

38. Bundan başqa iddiaçı tərəfindən cavabdehə pulun qaytarılmasının gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 579,9 manat məbləğində borc hesablanmışdır.

39. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

40. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

42. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixində mal alışı üçün pul köçürüb, lakin həmin tarixdən bugünə kimi nə 8728,46 manatlıq mal verilmədiyi, nə də ki, pul iddiaçıya qaytarılmadığı üçün, tələb edilən 579,9 manat məbləğində faiz borcu əsaslı hesab edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (Pretenziya məktubunda cavabdehdən mal deyil, artıq pulun geri qaytarılması tələb edilmiş və xx.xx.2023-cü il tarixli üzləşmə aktında da 8728,46 manat borc olaraq təsdiqlənmişdir).

43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 121,43 manat dövlət rüsumu ödənilmişdir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla)118 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8728,46 manat əsas borc məbləği, 436 manat dəbbə pulu və illik 5% ilə hesablanan 579,9 manat məbləğində faiz borcu, cəmi 9744,36 manat (doqquz min yeddi yüz qırx dörd manat 36 qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat tutularaq iddiaçı X4 X3 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar