Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3285/2023 14.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 18.942,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 18.942,24 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 18942,24 manat) olmaqla, ümumilikdə 18.942,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********543400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Tətbiq edilən hüquq:
6. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
IV. Məhkəmənin mövqeyi:
8. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.
9. Ərizədən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 18.942,24 manat məbləğində borcu olduğuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.
10. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs dörd övladının olduğunu, kiçik övladı xx.xx.2021-ci il təvəllüdlü X1 genetik xəstəlik olan Marshall-Smith sindromundan əziyyət çəkdiyini, övladının müayinə və müalicəsinin Türkiyədə edilməli olduğunu, buna görə də, təcili müalicə lazım olduğu üçün istənilən zaman Türkiyəyə getmək məcburiyyəti yaranacağını və qeyd edilmiş borc məbləğinin ödənilməsindən boyun qaçırmadığını bildirərək ərizənin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi ərizəsində Maraqlı şəxs xx.xx.2023cü il tarixinə 18.942,24 manat məbləğində borcunun olduğunu qeyd etsə də, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, qeyd edilmiş borc məbləğindən maraqlı şəxs tərəfindən 3.000 manat məbləğində pul ödənilmişdir.
12. Bundan başqa Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən övladı X1 Türkiyədə verilmiş analiz nəticələrindən görünür ki, Maraqlı şəxs genetik xəstəlik olan Marshall-Smith sindromundan əziyyət çəkir və xəstəliyin “klinik olaraq dəyərləndirilməsi” tövsiyyə edilmişdir.
13. İşə əlavə edilmiş həm Maraqlı şəxs və onun azyaşlı övladı X1 pasportunun surətindən görünür ki, Maraqlı şəxs övladını müayinə və müalicə olunmaq üçün Türkiyə Respublikasına aparmış və geri dönüş etmişlər. Eyni zamanda, maraqlı şəxsə məxsus Azərbaycan Respublikası vətəndaşının C01800608 nömrəli Pasportundan və onun oğluna məxsus Azərbaycan Respublikası vətəndaşının C03849008 nömrəli Pasportundan məlum olur ki, Maraqlı şəxs övladı X2 ilə hər ikisi eyni tarixlərdə (xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022) qısa müddətli ölkədən çıxmış etmiş və ölkəyə qayıtmışlar.
14. Məhkəmə qeyd edir ki, açıq internet resusrlarından əldə edilmiş məlumatlara əsasən, Marshall-Smith sindromu genetik xəstəlik olmaqla, ilk vaxtlardan müalicə olunmanı tələb edilən xəstəlikdir. Belə ki, qeyd edilmiş xəstəliyin ilk çağlarında müalicə olunmaması sonradan əqli və fiziki geriliyə səbəb olmaqla nəticələ bilər.
15. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. Belə ki, Konstitusiyanın: - 17-ci maddəsinə görə Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - 27-ci maddəsinə görə hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. - 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariyaepidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
17. Məhkəmə belə vəziyyətdə maraqlı şəxsin övladının yaşamaq hüququnun və sağlamlığının qorunmasının hüququnun təminatı baxımından onun ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə almaya bilməz. Düzdür dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri ödəmək hər bir şəxsin borcudur, bu vəzifə heç bir hada istisna edilə bilməz. Hazırkı vəziyyətdə isə maraqlı şəxsin övladının Konstitusiyada göstərilən yaşamaq hüququnun və sağlamlığının qorunması hüququnun təminatı daha zəruridir.
18. Azərbaycan Respublikasının Konsttusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
19. Məhkəmə həmçinin qeyd edir ki, ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin vergi borcunu ödəməkdən yayınma məqsədilə ölkədən getmək ehtimalı olmalıdır. Şəxs müalicə məqsədi ilə bağlı olaraq qısa müddətə xaricə getməlidirsə, bu onun borcdan yayınması mənasına gəlmir.
20. Ərizədə qeyd edilmiş, borc məbləğindən də Maraqlı şəxs tərəfindən 3.000 manat məbləğində pulun ödənilməsi, onun borcu ödəməkdən yayınmamasına işarədir.
21. Məhkəmə hesab edir ki, hazırkı işdə maraqlı şəxsin övladının xəstəliyi ucbatından müəyyən müddətə xarici ölkəyə gedib qayıtması, həmçinin məhkəmə icraatı zamanı vergi orqanının tələb etdiyi borcun bir hissəsini ödəməsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədəuyğun olmadığına dair əminlik yaradır.
22. Bundan başqa Vergi Məcəlləsinin 65, 89, 90-cı maddələrinin tələblərinə əsasən vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin fiziki hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, borcun fiziki şəxsin əmlakının üzərinə hərracdan satılması ilə həyata keçirilməsi, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır.
23. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
24. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.
V. Nəticə:
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov