Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3286/2021 06.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 24750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları yaranmış əsas borcun, müqavilə öhdəliklərin pozulmasına görə hesablanmış 3712 (üç min yeddi yüz on iki) ABŞ dolları cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında SL166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetini İcraçı tərəfindən sifarişçinin Microsoft miqrasiya və Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi işlərini görüb sifarişçiyə təhvil verilməsi olmuşdur. Müqavilənin əlavəsi olan 02 dekabr 2020-ci il tarixdə imzalanmış təhvil-təslim aktı üzrə əsas borc ƏDV xaric 24750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları, 17.06.2021-ci il üzrə cərimə borcu 3712 (üç min yeddi yüz on iki) ABŞ dolları təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən Sifarişçi məbləği tam həcmdə 15 dekabr 2020-ci il tarixinədək ödəməliydi. Müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi ödənişi manatla (AZN) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş ABŞ dolları məzənnəsinə uyğun olaraq köçürmə yolu ilə icraçının bank hesabına həyata keçirilməsi öhdəliyini daşıyır. Müqavilənin 8.2-ci maddəsinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini iddiaçıya ödəmədikdə, hər gecikdirilən gün üçün İddiaçıya gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə ödəməyə borcludur. "xxxx" MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli xidmət müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqaviləyə 02 dekabr 2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli xidmət müqaviləsi və eyni tarixli təhvil-təslim aktı imzalanmışdır. Qeyd olunan müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığından etibarsızdır. Belə ki, mübahisələndirilən müqavilədən göründüyü kimi, icraçı sifarişçiyə Microsoft miqrasiya, Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri göstərməlidir və görüləcək xidmətlərin ümumi həcmi 140 saat təşkil edir. Daha sonra isə sifarişçi Cavabdeh MMC-yə məlum olmuşdur ki, "xxxx" MMC-nin müqavilə üzrə nəzərdə tutulan xidmətlərin görülməsi üçün hüquq və səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası ərazisində bu kimi xidmətlərin göstərmək hüququ olan şirkətlərin siyahısı hüquq sahibi olan Microsoft şirkəti tərəfindən müəyyən edilir və Microsoft şirkətinin saytında yerləşdirilir. Bu siyahıda "xxxx" MMC yoxdur və heç vaxt olmamışdır. Bu fakt “Softline Trade“ MMC tərəfindən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını birmənalı sübut edir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına gəldikdə isə həmin Aktı imzalayarkən Cavabdeh MMC bu Aktın görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi qəbul edib və imzalamışdır. İş materiallarından göründüyü kimi, akt və müqavilə eyni tarixdə imzalanmışdır. Akta əsasən görülülmüş işlərin həcmi 140 saat, yəni 17 iş günü təşkil edir. Nəzərə alınsa ki, müqavilə və akt eyni gündə 8 saatlıq iş günü ərzində imzalanmışdır, bu həcmdə işlərin görülməsi fiziki olaraq mümkün deyildir. Qeyd olunanlar birmənalı sübut edir ki, bu akt görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi imzalanmışdır və təhvil-təslim aktı kimi qəbul edilə bilməz. Göründüyü kimi, həm müqavilə, həm də müqaviləyə əlavə hesab edilən akt vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddianın təmin və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Softlayn şirkəti ilə 2006-cı ildən əməkdaşlıq edirdilər. Tərəflər arasında qarşılıqlı inam var idi. 2020ci ilin sentyabr ayında Softlayn şirkəti onlara müraciət edərək Microsoft miqrasiya, Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi işlərinin görülməsini xahiş etdilər. İşlərə başlanıldı və noyabr ayında bütün işlər icra edildi. Müqavilə əvvəlcə "xxxx" MMC ilə bağlanılmışdı. İşlər görüldükdən sonra bildirdilər ki, Cavabdeh MMC təsis olunmuşdur. Ona görə də yeni müqavilə bağlanıldı. İşlər görüldükdən sonra bildirdillər ki, bir həftə ərzində pul ödəniləcəkdir. Həmin müddət ərzində ödəmədilər. Ödəniş gecikdi deyə elektron qaimə geri qaytarıldı. Bundan sonra Softlayn şirkətinin Moskva ofisinə müraciət etdilər və onlara bildirdilər ki, həmin işlər üzrə pul ödənilməli idi. Nəticədə Moskva ofisindən məhkəməyə müraciət etmələrini bildirmişlər. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İcraçı qismində Cavabdeh MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 02 dekabr 2020-ci il tarixli, SL-166/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq İcraçı bu müqavilənin 2.2-ci bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin 4-cü maddəsində qeyd edilmiş ödənişi almaq icraçının vəzifəsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən aşağıda sadalanan xidmətləri sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir: 1) Microsoft miqrasiya xidmətləri; 2) Microsoft bulud xidmətləri; 3) Microsoft virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilənin 2.2-ci bəndində sadalanan xidmətlərin alınması üçün müqavilə dəyəri olan 24750 ABŞ dolları (iyirmi dörd min yeddi yüz əlli ABŞ dolları) ƏDV xaric icraçıya ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən məbləğ tam həcmdə 15 dekabr 2020-ci il tarixinədək ödənilməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş manatla (AZN) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş ABŞ dolları məzənnəsinə uyğun olaraq köçürmə yolu ilə icraçının sifarişçiyə təqdim etdiyi hesab əsasında həyata keçirilir. - 02 dekabr 2020-ci il tarixli, SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin (1) Microsoft miqrasiya xidmətləri; 2) Microsoft bulud xidmətləri; 3) Microsoft virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri) ümumilikdə dəyəri 29205 ABŞ dolları (24750 ABŞ dolları əsas + 4455 ABŞ dolları ƏDV) təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 17 noyabr 2017-ci il tarixli X1 Limted tərəfindən verilmiş “Microsoft icazə sənədi” adlı sənəddə qeyd olunmuşdur ki, bununla ABŞ-da təsis olunan və fəaliyyət göstərən Microsoft Corporation proqram təminatı və xidmətləri qlobal istehsalçısıdır və hüquqi ünvanı X4 Park, Leopardstovn, Dublin 18, Dİ 8 P521, İrlandiya olan X1 Limited şirkəti Microsoft Corporation şirkətinin filialıdır. Microsoft şirkəti müştərilərlə birbaşa müqavilələr bağlayan və Microsoft şirkətinə tabe olmayan, Microsoft məhsulları və xidmətləri üzrə ticari əməliyyatları aparan distribyutorlar, satıcılar və digər şəxslərlə (biznes hüquqi şəxsləri) əməkdaşlıq edir. Microsoft qeyd edilən biznes müəssisələri vasitəsilə satışa çıxarıla bilən Microsoft məhsullarının müstəsna istehsalçısıdır. Biz bununla təsdiq edirik ki, hüquqi ünvanı Azərbaycan, AZ 1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 187B, X3 İONLİNE şirkəti qeyd edilən biznes hüquqi şəxslərdən biridir və Azərbaycanda aşağıda sadalanan Microsoft məhsullarını sata bilər. 1) Microsoft Cloud Services; 2) Exchange Online; 3) MS Azure Services; 4)M365 Standard - İcraçı qismində "xxxx" MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında 23 yanvar 2020-ci il tarixli, 01/20 nömrəli CSP Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcraçı Sifarişçiyə bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə, yayılması MONT Cloud Distribution (CSP) platforması vasitəsilə həyata keçirilən Xidmət Təchizatçılarının xidmətlərinə çıxışın təmin edilməsi üzrə xidmətlər göstərməyi, Sifarişçi isə icraçının ona göstərdiyi xidmətləri qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmətlər hostinq xidmətlərinə çıxışın təmin edilməsi (hazırlanması, təşkili), "abunə" şərtləri əsasında veb-xidmətlərə giriş, proqram və/və ya aparat resurslarına, proqram təminatı istehsalçılarının digər xidmət və resurslarına məsafədən çıxış, yuxarıda sadalanan xidmət və resurslara çıxışın yeniləndirilməsi və/və ya uzadılması üzrə xidmətlər, habelə texniki dəstək xidmətlərini əhatə edə bilər. Proqram təminatı və/və ya kompüter avadanlığı istehsalçıları tərəfindər təqdim olunan xidmət və resursların siyahısı və tərkibi istehsalçılar tərəfindən nəzərdə tutulmuş şərtlərə uyğun olaraq dəyişə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən CSP Proqramına uyğun olaraq həyata keçirilən və barəsində Sifarişçinin sifarişləri ilə çıxış imkanı verilə bilən xidmətlərin siyahısı, qüvvədə olan redaksiyası icraçının veb-saytında aşağıdakı http://mcdPortal.mont.com/ ünvanında yerləşdirilən CSP servislərində İcraçını ayrıca qiymət siyahısı əsasında müəyyən edilir, icraçı istənilən vaxt göstərilən qiymət siyahısına dəyişiklik etmək hüququna malikdir və bu barədə Sifarişçini icraçının veb-saytında müvafiq məlumatların dərc edilməsi yolu ilə aşağıdal< http://mcdportal.mont.com/ ünvanı vasitəsi ilə və (və ya) müştərinin elektron poçt ünvanına mesaj göndərməklə xəbərdar edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən Sifarişçi sifariş verilərkən Sifarişçinin göstərdiyi son istifadəçiyə bu müqavilə üzrə aldığı xidmətə çıxışı təmin etmək məqsədi ilə bu müqavilə üzrə xidmətlər əldə edir. Təchizatçı tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olduqda, müəyyən istifadəçilər üçüncü şəxslər üçün, o cümlədən, həmin istifadəçi ilə birgə/eyni vaxtda daxil olmaq üçün nəzərdə tutulmuş servisə, habelə bir neçə şəxs arasında girişin digər bölgüsünə İcazə verilmir. - İddiaçı MMC tərəfindən 31 may 2021-ci il tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək 10 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında 02 dekabr 2020-ci il tarixli, SL-166/20 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC qeyd edilən xidmətləri (1) Microsoft miqrasiya xidmətləri; 2) Microsoft bulud xidmətləri; 3) Microsoft virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri) sifarişçi İddiaçı MMC-yə təhvil verməyi, sifarişçi də öz növbəsində icraçıya göstərilən xidmətlərə görə 24750 ABŞ dollar məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə bağlandığı tarixə, yəni 02 dekabr 2020-ci il tarixdə tərəflər arasında “Təhvil-təslim aktı” adlanan sənəd imzalanmış və həmin sənəddə göstəriləcək xidmətlərin ümumilikdə dəyəri, işlərin görülməsinə sərf olunacaq vaxt (saatlarla müəyyən edilməklə) tərəflər arasında razılaşdırılmışdır. İlk iddia tələbinin bir hissəsini cavabdeh "xxxx" MMC-dən SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 24750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borcun tutulması təşkil edir. İlk iddia üzrə cavabdeh xidmətlərin göstərilmədiyini bildirərək, həmin iddiaya etiraz etmişdir. Qeyd olunmalıdır ki, iddaçı tərəfdən xidmətlərin göstərilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, 02 dekabr 2020-ci il tarixli, SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli sənəd “təhvil-təslim aktı” adlansa da, mahiyyət etibarilə tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və sərf olunacaq vaxtla bağlı məsələləri tənzimləyir, yəni mahiyyət etibarilə təhvil-təslim aktı deyil. Müqavilədə qeyd edilən işlərin görülməsi üçün qeyd edildiyi kimi, ümumilikdə 140 saat tələb olunur. Hazırkı vəziyyətdə isə müqavilənin bağlandığı tarixlə tərəflər arasında eyni tarixdə bağlanmış iddiaçının iddia etdiyi təhvil-təslim aktı sənədinin işlərin görülüb təhvil verilməsi ilə bağlı sənəd olması ağlabatan deyildir. İlk iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan şahid ifadəsi, vatsap yazışmaları ilə də məhz qeyd olunan xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi təsdiq olunmur. Ona görə də ilk iddianın əsaslılığını təsdiqləyəcək mötəbər sübutlar təqdim edilmədiyindən, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, həmin hissə birinci hissə ilə bağlı olduğundan və ilk iddia tələbi birinci hissədə təmin edilmədiyindən, ilk iddia digər hissədə də rədd olunmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə ilk öncə qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinə cavab olaraq cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş 17 noyabr 2017-ci il tarixli X1 Limted tərəfindən verilmiş “Microsoft icazə sənədi” adlı sənəddən və 23 yanvar 2020-ci il tarixli, 01/20 nömrəli CSP Xidmət müqaviləsindən görünür ki, İddiaçı MMC-nin 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC qarşısında öhdəlik kimi üzərinə götürdüyü xidmətləri göstərmək üçün hüquq və səlahiyyəti olmuşdur. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Bu baxımdan müqavilənin, eləcə də təhvil-təslim aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3286/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3286/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver