Məhkəmə qərarları › İş №e-2-2(113)-3286/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3286/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3286/2023 25.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1312,68 manat əsas borc, 400 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 2625,36 manat penya, 60 manat mediasiya xərci, cəmi 3998,04 manat məbləğində borcun ödənilməsi barəsində məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" şirkəti ilə bağladığı 379/17 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 1312,68 manat borc qalığını ödəməmişdir.

3. İddia ərizəsinin məzmununda iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.1, 448.1, 449.1 maddələri göstərilmişdir.

4. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin:

- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

12. İddia ərizəsinə əlavə olunmuş "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 379/17 saylı alqı satqı müqaviləsinə əsasən

13. Müqavilənin predmeti: - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. - Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan öhdəliklərin qarşılıqlı tanınması aktı ilə müəyyən edilir. - Həmin müqavilənin 2.2.-ci bəndinə əsasən mallar Satıcı tərəfindən Alıcıya və ya Alıcının nümayəndələrinə təhvil verilir. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokoluna və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. - Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq bank ödəniş və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. - Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. - Həmin müqavilənin 5.1.3-cü bəndinə əsasən Satıcı malları razılaşdırılmış müddətdə Alıcıya çatdırmaq vəzifəsini daşıyır. - Həmin müqavilənin 5.2.3-cü bəndinə əsasən alıcı malların dəyərini bu müqavilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. - Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənnin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərin məcuri qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

14. xx.xx.2017-ci il tarixli, 379/17 saylı müqavilə üzrə 01 oktyabr 2020-ci il tarixli, 17129 saylı öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən alıcı Cavabdeh xx.xx.2020-ci il tarixinə borcu 1312,53 manat müəyyən edilmişdir. Həmin aktı hər iki tərəf təsdiq etmişdir.

15. xx.xx.2020-ci il tarixli, MQ000043062 saylı t/p satış qaiməsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 2147,68 manat dəyərində, xx.xx.2020-ci il tarixli, MQ000046257 saylı t/p satış qaiməsinə əsasən 1153,98 manat dəyərində və xx.xx.2020-ci il tarixli, MQ000066741 saylı t/p satış qaiməsinə əsasən 750,15 manat dəyərində mal verilmişdir.

16. xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci Bakı 5 saylı mediasiya təşkilatının hesbaına ödənilmişdir.

17. 14.08.2023-cü il tarixli, MA/X/O/286/2023 saylı maliyyə arayışına əsasən Cavabdeh alqı-satqı müqaviləsi üzrə cəmi borcu 1312,68 manat müəyyən edilmişdir.

18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

20. Məhkəmə ilkin olaraq xx.xx.2017-ci il tarixli № 379/17 saylı alqı-satqı müqaviləsi üzrə 1312,68 manat məbləğində əsas borcun təmin edilməsi hissəsinə dair hüquqi qiymət verilməsini vacib hesab edir.

21. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.

22. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Məhkəmə qeyd edir ki, ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq ödənilməsi şəklində müəyyən olunmuşdur.

25. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 379/17 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf 1312,68 manat məbləğində əsas borcun olmasını qəbul etmiş. 1312,68 manat borc məbləğinə münasibətdə borcların qarşılıqlı üzləşdirilməsinə dair akt tərtib edilmiş və həmin akt da hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

30. Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı

31. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 2625,36 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqqavilənin 6.2-ci bəndinə istinad etmişdir.

32. Mülki Məcəllənin 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

36. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq xx.xx.2017-ci il tarixli № 379/17 saylı müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 66 manat məbləğində müəyyən edilməlidir.

38. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

39. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-02606 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən 15 avqust 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehə bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığına əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.

41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

42. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

43. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

46. Nəticə:

İİ Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, 379/17 saylı müqaviləyə əsasən 1312,68 manat əsas borc, 66 manat məbləğində dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar