Məhkəmə qərarları › İş №e-2-2(113)-3286/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3286/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3286/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, təhvil aktı, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ƏDV daxil olmaqla 79050,57 manat pulun və ödənilmiş 332 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14 mart 2023-ci il tarixli 20230314 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında müxtəlif tarixlərdə malların alqı-satqısı həyata keçirilmiş, müqaviləyə əsasən iddiaçı öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə ödənilməmiş 79050,57 manat (ƏDV daxil) borcu qalmışdır. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyi üçün müxtəlif tarixlərdə sonuncunun ünvanlarına pretenziya məktubu göndərilmiş, lakin nəticə əldə olunmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə borcu qəbul etdiyini, lakin maddi çətinliklə bağlı hazırda öhdəliyini icra edə bilmədiyini, hissə-hissə borcun ödəniləcəyini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20230314 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan sifariş orderlərində göstərilən malları və xidmətlərin istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini həmin protokolla müəyyən edilmiş qaydada satıcıya ödəməyi öz üzərinə götürür (1.1). Bu müqavilə üzrə alınan malların/göstərilən xidmətlərin dəyəri təslim yeri ve şərti, təslim müddəti, ödəniş ve zəmanət müddəti həmin protokolla müəyyən edilmişdir (2.1). Bu müqavilə üzrə bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcəkdir (2.2).

11. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli xx.xx.2023 nömrəli əlavə şərtlər və qiymətlərin razılaşdırılmasından görünür ki, ümumilikdə ƏDV daxil olmaqla 94936,90 manat dəyərində malların qiyməti şərtləşdirilmişdir. Satıcı qeyd olunana malları 30-45 gün müddətində Alıcıya təhvil verəcəkdir (a). Alıcı müqaviləyə əsasən sifariş etdiyi malın dəyərini əvvəlcədən 8500 USD ödəməyi, sonra 01 aprel 2023-cü il tarixində məbləğin 20%-ni ödəməyi, daha sonra qalan ödənişi mallar təhvil verildikdən sonra 30 (otuz) gün müddətinə ödəməyi öz üzərinə götürür (b).

12. Məhkəməyə təqdim edilən malların xx.xx.2023-cü il tarixli təhvil aktından görünür ki, ƏDV daxil olmaqla 94936,90 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

13. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 14303 manat məbləğində pul xx.xx.2023-cü il tarixli 20230314 nömrəli müqavilə əsasında avans qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 20230314 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan sifariş orderlərində göstərilən malları və xidmətlərin istifadə məqsədləri üçün yararlı halda cavabdehə satmağı, cavabdeh isə həmin malları təhvil alıb dəyərini həmin protokolla müəyyən edilmiş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 14303 manat avans ödənişi iddiaçıya ödənilmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli təhvil aktı əsasında ƏDV daxil olmaqla 94936,9 manat dəyərində mal cavabdehə təhvil verilmişdir.

15. İddiaçı xx.xx.2023-cü il tarixli 20230314 nömrəli müqavilə üzrə təhvil verilmiş malların qalıq dəyəri olan 79050,57 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh borc məbləğini qəbul edir, maddi çətinliklə bağlı ödəyə bilmədiyini, lakin öhdəliyi hissə-hissə icraya hazır olduğunu göstərir.

17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (xx.xx.2023-cü il tarixli əlavə şərtlər və qiymətlərin razılaşdırılmasının b bəndi ilə qalan ödənişin ödəniş mallar təhvil verildikdən sonra 30 gün müddətin ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli 20230314 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 79050,57 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı 332 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 332 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

33. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 311 nömrəli müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli order) üzrə 1000 manat məbləğində pul Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.

34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

39. Digər tərəfdən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə (79050,57 manat) uyğun dövlət rüsumunun məbləği 328 manat təşkil edir.

40. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 328 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14 mart 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 79050 (yetmiş doqquz min əlli) manat 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 328 (üç iyirmi səkkiz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar