Məhkəmə qərarları › İş №e-2-2(113)-3290/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3290/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3290/2023 17.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMCi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3187,77 manat (üç min yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 318,77 manat (üç yüz on səkkiz manat, yetmiş yeddi qəpik) məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 909 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlıqları müddətində cavabdehin sifarişi əsasında cavabdeh aralarında imzalanmış malların təhvilqəbul aktlarına əsasən ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsulları təhvil almışdır. Lakin cavabdeh həmin aktlarda qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb edilsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək, şirkətə olan 3187,77 manat borcu ödəməkdən yayınmışdır. Belə ki, cavabdehlə aralarında bağlanan müqavilənin şərtlərinə əsasən alıcı malı təhvil aldığı tarixdən ən geci 31 (otuz bir) gün ərzində ödəniş etməli idi. Ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bu günə kimi iddiaçıya olan 3187,77 manat borcunu ödəməmiş və alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən gecikdirilmiş hər gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-i kimi müəyyən edilir. Cavabdeh tərəfindən gecikdirilmiş dəbbə pulu məhsulların ümumi məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 318,77 manat məbləğində dəbbə pulu yaranmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.2, 385.1, 386.1, 442, 443.2, 443.3, 445.1, 448.1, 449.1, 462.1, 600.5ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 909 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən təchiz olunmuş məhsullarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulmasına dair üzləşmə aktı tərtib oluna bilər; 1.3-cü bəndinə əsasən məhsulların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X2 göstərilir; 1.5-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış əlavə şərtlər hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək əlavələrdə göstərilir; 2.1-ci bəndinə əsasən məhsullar alıcının sorğularına (sifarişlərinə) əsasən və satıcı tərəfdən təsdiq edildikdən sonra satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı məhsulları tələb olunan çeşid və miqdarda ən azı 5 (beş) iş günü müddətində qabaqcadan satıcıya yazılı və ya elektron formada sifariş edir. Sifariş olunan məhsullar mövcüd olmadıqda, satıcı belə sifarişdən imtina edə bilər. Tərəflər razılaşır və qəbul edir ki, sifariş yalnız satıcı tərəfindən təsdiq edildikdən sonra satıcının məhsulları satmaq və təhvil vermək öhdəliyi yaranır; 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan məhsulların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi təhvil-qəbul aktları və elektron qaimə fakturaya əsasən tənzimlənir; 2.3-cü bəndinə əsasən sifariş verilən məhsullar sifariş satıcı tərəfdən təsdiq edildikdən sonra 5 (beş) iş günü müddətində alıcının anbarına çatdırılması şərti ilə satıcı tərəfindən (satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməlidir; 2.4cü bəndinə əsasən məhsullar təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvilqəbulu təsdiq edən müvafiq sənədi imzalayırlar. Akt 2 (iki) nüsxədə tərtib edilir və hər tərəfə 1 (bir) nüsxədə təqdim edilir; 2.6-cı bəndinə əsasən məhsulların təhvil tarixi alıcının anbarında məhsulların satıcı tərəfindən alıcıya təqdim edildiyi gün hesab edilir; 5.1-ci bəndinə əsasən alıcı müvafiq X3 və ya bu müqavilənin müvafiq əlavələri ilə müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilırıiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 909 saylı alqı-satqı müqaviləsinə X3 adlı 1 nömrəli Əlavədən görünür ki, tərəflər aralarında bağladığı alqısatqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Əlavə iddiaçının nümayəndəsi və cavabdehin imzası ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 466034 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 133,53 (ƏDV daxil) manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 466037 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 630,22 (ƏDV daxil) manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 466042 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 333,85 (ƏDV daxil) manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 917101 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 173,07 (ƏDV daxil) manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 847900 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 509,65 (ƏDV daxil) manat təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 847905 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 386,38 (ƏDV daxil) manat təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 172541 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 746,99 (ƏDV daxil) manat təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 172546 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 143,06 (ƏDV daxil) manat təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 171692 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 455,14 (ƏDV daxil) manat təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 900229 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 453,49 (ƏDV daxil) manat təşkil edir.

19. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan olan borc məbləği 1987, 72 manat təşkil edir. Akt iddiaçının nümayəndəsi və cavabdehin imzası ilə təsdiq edilmişdir.

20. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan olan borc məbləği 1100,04 manat təşkil edir. Akt iddiaçının nümayəndəsi və cavabdehin imzası ilə təsdiq edilmişdir.

21. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan olan borc məbləği 100, 01 manat təşkil edir. Akt iddiaçının nümayəndəsi və cavabdehin imzası ilə təsdiq edilmişdir.

22. İddiaçı MMC tərəfindən məhkəməyə Cavabdeh qeyd olunan məbləğdə malların təhvil verilməsinə dair təhvil-qəbul aktları təqdim olunmuşdur.

23. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

24. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, eləcə də tərəflər arasında tərtib edilmiş üzləşmə aktları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

28. İddia tələbinin bir hissəsi cavabdehdən əsas borca görə 3187,77 manat (üç min yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

29. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən əsas borca görə 3187,77 manat (üç min yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qeyd olunan borcun mövcudluğu malların təhvil-qəbul aktları, tərəflər arasında tərtib olunmuş qarşılıqlı üzləşmə aktları və yuxarıda qeyd olunan digər sübutlarla öz təsdiqini tapır.

30. İddia tələbinin digər hissəsini cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 318,77 manat (üç yüz on səkkiz manat, yetmiş yeddi qəpik) dəbbə pulunun tutulması təşkil edir.

31. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 909 saylı alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən alıcı müvafiq X3 və ya bu müqavilənin müvafiq əlavələri ilə müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilırıiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir.

32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

33. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Eləcə də, iddiaçı 70 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

35. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 3187,77 manat (üç min yüz səksən yeddi manat yetmiş yeddi qəpik) əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 3407,77 (üç min dörd yüz yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar