Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3290/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, “respondeat superior”, müqavilədən imtina, dəbbə pulunun azaldılması, müqavilənin qiyməti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə 16630 manat əsas borcun, 3326 manat dəbbə pulunun və ödənilmiş 151 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 14 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında AC2021/068 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı xidmət haqqı müqabilində yükü cavabdehin göstərdiyi tərəfdən qəbul edib göstərilən təyinat yerinə daşıyaraq özünə və ya onun göstərdiyi yük alana təhvil verməyi, cavabdeh isə daşımaya görə iddiaçıya müqavilə və hesab-faktura ilə müəyyən olunan məbləğlərin ödənilməsini öhdəsinə götürmüşdür. 2.2. 15318 manat məbləğində olan sifariş xx.xx.2023-cü il tarixində cavabdehə təhvil verildikdən sonra bu barədə ona dərhal elektron poçt vasitəsilə yazılı bildiriş verilmişdir. İddiaçı daşımaya görə cavabdehə İNV/2023/1053 nömrəli xx.xx.2023-cü il tarixli 15318 manat məbləğli hesab-fakturaya əsasən EBDT 524738 nömrəli elektron qaimə təqdim etmişdir. Həmçinin 1312 manat məbləğli sifariş xx.xx.2023-cü il tarixində cavabdehə təhvil verildikdən sonra bu barədə ona dərhal elektron poçt vasitəsilə yazılı bildiriş verilmiş, İNV/2023/1084 nömrəli xx.xx.2023-cü il tarixli 1312 manat dəyərində hesab-fakturaya əsasən EBDU 311196 nömrəli elektron qaimə təqdim olunmuşdur. 2.3. Yük təhvil verildikdən sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq, cavabdeh invoys üzrə nəzərdə tutulmuş məbləği ödəməmişdir. Tərəflər arasında bağlanmış AC2021/068 nömrəli 14 sentyabr 2021-ci il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən ödəniş müddəti 30 təqvim günü təşkil edir. Müqavilə öhdəlikləri üzrə cavabdehin borcu 16 630 manat təşkil edir. Müqavilə üzrə 16 630 manat pul vəsaitin ödənilməməsi, yəni öhdəliyin gecikdirilməsi üçün 20 faiz cərimə, yəni 3326 manat pul vəsaiti də tələb edilir. 2.4. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etməmişdir. 8 aprel 2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsi ilə cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh həmin məbləği ödəməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 425, 443, 462-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd ediməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında AC2021/068 nömrəli 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü yarımbəndində icraçının, yəni iddiaçının müqavilə üzrə öhdəlikləri qeyd olunmuşdur. 2.4-cü yarımbənddə sadalanan öhdəliklər iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı cavabdehə bazar qiymətlərindən həddindən artıq yuxarı qiymətlərin əks olunduğu elektron qaimə-fakturalar təqdim etmişdir. Cavabdeh həmin qiymətlərlə aşkar şəkildə razı olmadığı üçün adıçəkilən sənədləri, göstərilən xidmətləri qəbul etməmiş və təhvil-təslim aktlarını imzalamaqdan imtina etmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən tərəflər müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İddiaçının qarşı tərəfin razılaşmadığı və təhvil-təslim aktlarını imzalamadığı təqdirdə, xidmət haqqı tələb etməsi, hətta şişirdilmiş qiymətlərlə tələb etməsi absurddur. Odur ki iddiaçı müqavilə münasibətlərinə zidd şəkildə hərəkət edərək müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğu üçün cavabdeh ilə bağlanan AC2021/068 nömrəli 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsinin icrasından imtina edilmişdir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 442, 447-ci maddələrinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi haqqında müqaviləyə əsasən razılaşdırılmış məbləğ müqabilində cavabdehə məxsus əşyaların təyinat nöqtəsinə çatdırılması ilə bağlı öhdəlik götürülmüşdür. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən 15 daşıma həyata keçirilmiş və bütün daşımalar qüsursuz şəkildə aparılmışdır. Cavabdeh də ödənişləri vaxtında etmişdir. Bununla yanaşı, daşıma xərci 15318 manat olaraq qiymətləndirilən yük cavabdehə məxsus olmuşdur. Həmin yüklər Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınmışdır və 08 noyabr 2023-cü il tarixində X1 Hava Limanında terminala təhvil verilmişdir. Elektron poçt vasitəsilə cavabdehə məlumat verilmiş və cavabdeh faktura təqdim edilməsini xahiş etmişdir. Buna əsasən 20 noyabr 2023-cü il tarixində 15318 manat dəyərində faktura əsasında qaimə təqdim edilmişdir. Daşıma xərcləri 1312 manat olan yüklər də cavabdehə məxsus olmuşdur. Həmin yüklər Hollandiyadan Azərbaycan Respublikasına daşınmış və 27 noyabr 2023-cü il tarixində X1 Hava Limanında terminala təhvil verilmişdir və 29 noyabr 2023-cü il tarixində isə elektron qaimə təqdim edilmişdir.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, qiymətlər əvvəlcədən cavabdehlə razılaşdırılıb, daşıma həyata keçirilib, yalnız bundan sonra cavabdeh qiyməti mübahisələndirib. Halbuki daşıma haqqını təsdiq etməsə idi, daşıma da həyata keçirilməzdi.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh yüklərin iddiaçı tərəfindən daşındığını qəbul edir, lakin xidmət haqqı ilə razı deyildir. Belə ki, xidmət haqqı bazar qiymətlərindən dəfələrlə yuxarı olmuşdur. Bu səbəbdən də elektron qaimələr təsdiq edilməmişdir.
10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, Günel Əhmədova cavabdehdə mütəxəssis olmuşdur. Təqdim edilən yazışmalarda qiymətləri təsdiq etsə də, həmin qiymətlər mütəxəssis tərəfindən cavabdehin keçmiş direktor müavini Kamran adlı şəxs ilə dəqiqləşdirilmişdir. Sonuncu isə iddiaçının əməkdaşı olmuş, sonradan cavabdehin direktor müavini olmuşdur. Həmin şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət edilsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qiymələrin şişirdildiyi aparılan audit nəticəsində müəyyən olunmuşdur.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 14 sentyabr 2021-ci il tarixli AC2021/068 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı xidmət haqqı müqabilində yükü cavabdehdən və ya cavabdehin göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı və cavabdehin özünə (yük alanın hüquqlarına malikdir), onun göstərdiyi yük alana təhvil verməyi və ya gömrük rəsmiləşdirilməsini yerinə yetirməyi, cavabdeh isə daşımaya görə iddiaçıya müqavilə, onun əlavəsi və ya təhvil-təslim aktı ilə müəyyən olunan məbləğdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında Çin Xalq Respublikasından Bakıya və Niderland Krallığından Bakıya olmaqla iki daşıma həyata keçirilmiş, həmin daşımalarla bağlı birtərəfli qaydada müvafiq olaraq xx.xx.2023-cü il (15318 manat dəyərində daşıma haqqı göstərilməklə) və xx.xx.2023-cü il (1312 manat dəyərində daşıma haqqı göstərilməklə) tarixli təhvil-təslim aktları tərtib edilmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDT 524738 seriya və nömrəli elektron qaimə 15318 manat və xx.xx.2023-cü il tarixli EBDU 311196 seriya və nömrəli elektron qaimə 1312 manat dəyərində daşıma üçün tərtib edilərək cavabehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
15. İddiaçı həyata keçirilmiş iki daşıma üzrə 16630 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh daşımaların həyata keçirildiyini təsdiq edir, lakin iddiaya etiraz edərək göstərir ki: 1) daşımaların dəyəri bazar qiymətlərindən yuxarı aparılmışdır; 2) cavabdehin sabiq direktor müavini daşımalara qanunsuz olaraq razılıq vermişdir və güman ki, iddiaçı ilə əlaqədə olmuşdur. Cavabdeh etirazının əsası kimi həmçinin (3) müqavilədən imtina etdiyinə də istinad edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
20. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
21. Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
23. Cavabdehin etirazını təşkil edən hallarla bağlı isə aşağıdakılar qeyd edilməldir.
24. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
25. Həmin Məcəllənin 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
26. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq öhdəliyin icrası zamanı qiymətin tərəflərin razılığı ilə müəyyənləşdiriməsi prezumpsiyası təsbit edilmiş, istisna hal kimi isə qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər təşkil etmişdir. Hazırkı halda isə yük daşımasının həyata keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər mövcud deyildir.
27. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
28. Belə olan halda, məhkəmə tərəflərin razılığı ilə qiymətlərin hansı qaydada müəyyən olunmasına nəzər salmağı zəruri hesab edir.
29. Məhkəməyə təqdim edilən cavabdehin nümayəndəsi Günel Əhmədova (cavabdeh məhkəmə iclasında həmin şəxsin nümayəndəsi olduğunu təsdiq etmişdir) ilə iddiaçının nümayəndələri arasında aparılmış elektron poçt danışıqlarının Azəbaycan dilinə edilmiş tərcümələrindən görünür ki, [Çin Xalq Respublikası – Bakı xətti üzrə] iddiaçı avidaşımanın qiymətinin 8200 USD olduğunu bildirir, Günel Əhmədova qiymətləri təsdiq edir, daha sonra iddiaçı yenilənmiş qiymətlərin 8800 USD olduğunu qeyd edir, Günel Əhmədova qiymətləri təsdiq edir, prosesin davam etməsini və nəqliyyat agentinə dair məlumatların və hüquqi ünvanın təqdim edilməsini, daha sonra elektron qaimənin təqdim edilməsini xahiş edir, [Niderland Krallığı – Bakı xətti üzrə] Günel Əhmədova iddiaçıdan yükün Bakıya göndərilməsi üçün qiymət bildirilməsini xahiş edir, iddiaçı 71 kq üçün 690 avro qiyməti təklif edir, Günel Əhmədova qiyməti təsdiqləyir və malların təhvil alınmasının mümkün qədər tez həyata keçirilməsini xahiş edir.
30. Cavabdeh razılaşmaların məzmununu qəbul etsə də, Günel Əhmədovanın qiymətləri həmin dövr cavabdehin direktor müavini olmuş Kamran adlı şəxslə dəqiqləşdirdiyini, sonuncunun isə qanunsuz əməllərə yol verdiyini qeyd edir.
31. Nəzərə alınmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
32. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
33. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
34. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması və ya bilavasitə həmin hərəkətləri şərtləndirməsi təşkil edir.
35. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir. Hətta cavabdehin nümayəndəsi məhkəmə iclasında sabiq direktor müavini barədə cinayət işinin başlanmasından imtina edildiyini təsdiqləmişdir.
36. Digər tərəfdən, cavabdeh xx.xx.2023-cü il tarixli EBDT 524738 və xx.xx.2023-cü il tarixli EBDU 311196 seriya və nömrəli elektron qaimələri düzəliş üçün qaytarmamış, qaimələr sistem tərəfindən təsdiq edilmiş, daha sonra da həmin qaimələri mübahisələndirməmişdir.
37. Cavabdehin müqavilədən imtina ilə bağlı arqumentlərinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
38. Həmin Məcəllənin 447.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: öhdəliyin pozuntusu cüzi olduqda; öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda.
39. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən öhdəliyin pozulması halı müəyyən edilmədiyindən və müqavilənin qiymətinin razılaşdırıldığı öz təsdiqini tapdığından müqavilədən imtina üçün əsaslar da müəyyən edilmir. Cavabdeh yalnız iddiaçının müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması halında ondan imtina etmək hüququna malikdir.
40. Beləliklə, məhkəmə cavabdehin etirazını əsassız hesab edir.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
46. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 14 sentyabr 2021-ci il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə 16630 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
47. İddia ərizəsində iddiaçı 3326 manat dəbbə pulunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
48. 14 sentyabr 2021-ci il tarixli AC2021/068 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilədə xidmət haqqının ödəniş müddəti invoys və təhvil-təslim aktı təqdim olunandan sonra 30 təqvim günü təşkil edir. Hər gecikdirilən gün üçün İcraçiya invoys məbləğinin 1%-i həcmində dəbbə pulu ödənilir.
49. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
50. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
51. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
52. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
53. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
54. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda nəzərə alınır ki, 14 sentyabr 2021-ci il tarixli AC2021/068 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə xidmət haqqının 30 təqvim günü ərzində tam ödənilməsi razılaşdırılsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
55. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 830 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
56. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması hissəsində tələb qismən təmin edilməli, 830 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
57. İddiaçı ödənilmiş 151 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
58. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında və məhkəməyə təqdim olunan mədaxil qəbzindən görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 150 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14 sentyabr 2021-ci il tarixdə bağlanmış daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi üzrə 16630 (on altı min altı yüz otuz) manat əsas borc, 830 (səkkiz yüz otuz) manat cərimə olmaqla ümumilikdə 17460 (on yeddi min dörd yüz altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 (bir yüz otuz bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova