Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3291/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2na qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Baş ofisindən və Branch of X1 Cavabdeh1 in Georgia-dan 68873 (altmış səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin Bakı ofisi ilə razılaşdırılaraq İddiaçı MMC ilə Branch of X1 Cavabdeh1 in Georgia arasında 01.11.2019ci il tarixli 181/S/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən 01.11.2019-cu il tarixli 181/S/19 alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq mallar müxtəlif tarixlərdə müvafiq qaydada Branch of X1 Cavabdeh1 in Georgia-ya təhvil verilmişdir. İddiaçı MMC ilə Branch of X1 Cavabdeh1 in Georgia arasında bağlanmış “alqısatqı əsasında qarşılıqlı hesablaşmalar üzrə” üzləşmə aktına əsasən Branch of X1 Cavabdeh1 in Georgia-nın iddiaçıya 68873 (altmış səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, Cavabdeh1 ASC-nin Baş ofisi 11.01.2021-ci il tarixli, 04/21 saylı məktubla Branch of X1 Cavabdeh1 in Georgia 19.01.2021-ci il tarixə kimi 106873 (bir yüz altı min səkkiz yüz yetmiş üç) ABŞ dolları məbləğində borcu ödəyə bilməzsə, Cavabdeh1ASC Baş ofisi həmin borcu 25.01.2021-ci il tarixinə kimi ödəyəcəyinə zəmanət vermişdir. Lakin qeyd olunan müvafiq borc iddiaçı tərəfə ödənilməmişdir. 01.11.2019-cu il tarixli, 181/S/19 saylı alqı-satqı müqaviləsinin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, “Alıcı” 1 saylı Əlavə üzrə götürülən Malların dəyərinin 100%-ni Mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2ndan müştərək qaydada 68873 (altmış səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2na məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış 181/S/19 saylı, 01.11.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı malların satılmasını öhdəsinə götürməyi, alıcı isə müqavilənin şərtlərinə uyğun olaraq malları almağı və malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında danışıqlar yolu ilə həll olunmayan məsələlərdə Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 26.05.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş 29.11.2019 – 01.04.2021-ci il tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh1 ASC-nin Gürcüstan Respublikasındakı filialı arasındakı alq-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə) Üzləşmə Aktından görünür ki, 01.04.2021-ci il tarixə Cavabdeh1 ASC-nin İddiaçı MMC-yə ümumi borcu 68873 ABŞ dolları təşkil edir. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə ünvanlanmış 11.01.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, əgər Cavabdeh1 ASC-nin Gürcüstan Respublikasındakı filialı 19.01.2021-ci il tarixinə kimi 106873 ABŞ dolları məbləğində borcu ödəyə bilməsə, onlar, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyəti Baş Ofis olaraq həmin borcu 25.01.2021-ci il tarixə kimi ödəyəcəklərinə zəmanət verirlər. - "xxxx" MMC tərəfindən cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2na ünvanlanmış 22.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 30.04.2021-ci il tarixədək ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə cavabdeh "xxxx" ASC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Həmin borcun olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin olunmalı, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 68873 (altmış səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin filialıdır. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, filialla müqavilə ASC ilə razılaşdırılaraq bağlanmışdır. Bundan başqa, "xxxx" ASC iddiaçıya ünvanladığı məktubda iddiaçıya olan borc ödənilmədiyi təqdirdə, yaranmış borcun ödəniləcəyinə zəmanət verdiyini bildirmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Akelik Group" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Akelik Group" Açıq Səhmdar Cəmiyyətindən 68873 (altımış səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. İddia Cavabdeh2na münasibətdə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3291/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3291/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver