Məhkəmə qərarları › İş №e-2-2(113)-3291/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3291/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3291/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Ləğv prosesindən olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “kredtorların reyestrinə daxil edilmə” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: hüquqi şəxsin ləğvi ilə bağlı kreditorların reyestrinə daxil edilmə Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı2 cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “kreditorların reyestrinə daxil edilmə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 1 nömrəli xidmət müqaviləsi (bundan sonra – Xidmət müqaviləsi) bağlanmış, müqaviləyə görə İcraçı (iddiaçı) Sifarişçi (cavabdeh) və onun filialları tərəfindən sığorta olunmuş və sığorta hadisəsi nəticəsində zədələnmiş 1.2-ci bənddə qeyd olunan xidmətləri göstərməyi, Sifarişçi isə göstərilən xidmətləri qəbul edib xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət müqaviləsinin: 1.1. 1.2-ci bəndinə görə bu müqavilə üzrə göstərilən xidmətlər aşaıdakıları əhatə edir: zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirilməsi (1.2.1.); müstəqil avtotexniki ekspertizanın aparılması (1.2.2.); zərərin qiymətləndirilməsi (1.2.3.); zərər aktının tərtib olunması (1.2.4.); təmir işlərinin aparılması (1.2.5.); 1.2. 2.1-ci bəndinə görə: bu müqavilənən 1.2-ci bəndində göstənlən xidmətləri müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada təhvil vermək (2.2.1.); göstərdiyi xidmətin keyfiyyətinə təmınat vermək (2.2.2.); gördüyü işləri sifarişin verildiyi vaxtdan 10 iş günü müddətində lazımi keyfiyyətdə və tam şəkildə sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil vermək İcraçının (iddiaçının) vəzifələridir; 1.3. 2.4-cü bəndinə görə: xidmətin təhvil verilməsi zamanı nöqsan aşkar edilməzsə xidmətləri təhvil-təslim aktı ilə təhvil almaq (2.4.1); İcraçıdan işi təhvil-təslim aktı ilə aldığı gündən 3 iş günü müddətində tam və keyfiyyətli icra edilməsini yoxlamaq, nöqsan aşkar edildikdə aradan qaldırılmasını təmin edilməsi məqsədi ilə geri təqdim etmək (2.4.2); xidmət tam və keyfiyyətli şəkildə təhvil alındıqda müqavilənin 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində qeyd olunan qaydada göstərilən xidmətlərin təhvil alındığı gündən 5 iş günü müddətində xidmətin dəyərini İcraçının bank hesabına ödəmək Sifarişçinin (cavabdehin) vəzifəsidir (2.2.3); 1.4. 3.1-ci bəndin görə tərəflər bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə bu müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. İş materiallarına əlavə edilmiş “Hesabdan şıxarış”a əsasən Xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına sonuncu ödəniş, iki ayrı-ayrı elektron-qaimə faktura əsasında xx.xx.2025-ci il tarixdə edilmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 2459 nömrəli Fərmanı ilə cavabdeh ləğv edilmiş, Fərmanınn icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Fərmanın 1-ci hissəsinə əsasən ləğv edilmiş cavabdehin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılması sonuncuya həvalə edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/3-1-76/2024 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi ilə əlaqədar Azərbaycan İnvestisiya Holdinqinin təqdimatı nəzərə alınaraq, Şirkətin Gündüz Əliyev, Kənan Quliyev və Ələskər Əliyevdən ibarət tərkibdə ləğvetmə komissiyasının yaradılması əmr edilmişdir

4. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “fed.az.” inernet portalında, habelə “Banker” və “Oxu az” qəzetlərində cavabdehin ləğv edilməsi və kreditorların tələblərini bildirilməsi qaydası və müddəti barədə 1 dəfə məlumat dərc edilmişdir.

5. İddiaçı isə “kreditor tələbinə dair” ərizə ilə xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı ərizə təqdim etmiş və həmin ərizə “E&R” kuriyer xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır.

6. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçı əvvəllər də cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-892/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin ləğv olunması əsası ilə həmin iş üzrə icraata xitam verilmişdir. İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı cavabdehin öhdəliklərini icra etməməsi ilə əlaqədar 46.423 manat borc, gecikdirməyə görə illik 5%-lə hesablanmış 30.785 manat zərər məbləği, mediasiya ilə bağlı ödənilmiş 200 manat və ödənilmiş 322,22 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 77.730,22 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının zərərçəkmiş şəxs kimi tanınması və “zərərkəkmiş şəxslərin reyestrinə” daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış xidmət müqaviləsi əsasında cavabdehin sifarişi ilə müqavilədə göstərilən xidmətlər göstərilmiş, sifarişlər üzrə xidmət tam şəkildə cavabdehə təhvil verilmiş, görülmüş xidmətin dəyərini əks etdirən elektron qaimə-fakturalar icraçı tərəfindən sifarişçiyə göndərilmiş və elektron qaiməfakturalar sifarişçi tərəfindən qəbul edilmişdir. İcraçı tərəfindən yerinə yetirilərək sifarişçiyə təhvil verilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri sifarişçi tərəfindən təsdiqlənən elektron qaiməfakturalara əsasən 99529 manat müəyyən edilmiş, həmin məbləğin 53106 manat hissəsi ödənilmiş, 46423 manat hissəsi isə ödənilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

10. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, bağlanmış xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin sifarişçiyə təhvil-təslim aktı əsasında verilməsi imperativ norma kimi icraçının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Lakin iddiaçı yerinə yetirdiyi işlərin görülməsini təsdiq edən təhvil-təslim aktlarını nə şirkətə, nə də məhkəməyə təqdim etməmişdir. İddiaçının sübut kimi istinad etdiyi elektron qaimə-fakturalar Şirkət tərəfindən deyil, sistem tərəfindən avtomatik qaydada təsdiqlənmişdir. İddiaçının təqdim etdiyi 7 ədəd aktda ümumiyyətlə Şirkətin adı göstərilmir, aktlarda imza və möhür olmadığından heç bir hüquqi qüvvəyə malik deyil..

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

11. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

12. Cavabdehin nümayəndəsi yazılı etirazına uyğun izahat verərək, habelə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

1. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

2. Maddə 61.1-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.

3. Maddə 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

4. Maddə 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır.

5. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

6. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

7. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.

12. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

13. Tərəflər arasındakı mübahisə cavabdeh (onun ləğv etmə komissiyası) tərəfindən ləğv etmə proseduru çərçivəsində iddiaçının kreditor kimi tələbinin qeydə alamaması barədədir. Məhkəmə hesab edir ki, iddia tələbinin uğurlu olub-olmamasına iki aspekt üzrə hüquqi qiymət verilməlidir: birincisi, iddiaçı tərəfindən kreditor tələbinin qanunla müəyyən edilmiş qaydada və müddətdə cavabdehə vaxtında verilməsi; ikincisi, kreditor tələbinin qeydə alınması üçün iddiaçının irəli sürdüyü pul tələbinin özünün əsaslı olub-olmaması.

14. İddianın birinci aspekti ilə bağlı, məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş fakitiki halalrından görünür ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 2459 nömrəli Fərmanı ilə ləğv edilmiş, Fərmanınn icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən cavabdehin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində ləğvetmə komissiyası yaradılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/3-1- 76/2024 saylı əmri ilə cavabdein 3 nəfər fiziki şəxsdən ibarət iləğv etmə komissiyası yaradılmış, bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdehin ləğvi və kreditor tələblərinin irəli sürülməsi qaydası və müddəti barədə mətbu orqanlarda 1 dəfə məlumat dərc olunmuşdur. İddiaçının kreditor tələbinə dair müraciəti isə cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh tərəf iddiaçının kreditor tələbinin qeydə alınmasından imtina barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir (cavabdehin nümayəndəsi məhkəmə iclasında əvvəlcə iddiaçının kredit tələbinin qeydə alınmasından imtinanı əvəlcə şifahi formada, daha sonra isə yazılı bildiriş göndərilməklə verildiyini bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir).

15. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının kredtor tələbinin qeydə alınmasından imtinanın səbəblərini göstərməklə ona bildirməli olduğu halda, bu vəzifəsini yerinə yetirməmklə iddiaçının hüququnu pozmuşdur. Belə ki, MM-nin 61.4-cü maddəsindən də görünür ləğv etmə komissiyası onun irəli sürdüyü tələblə razılaşmadıqda kreditorun məhkəmədə iddia qaldırmq hüququ yaranır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi isə yalnız cavabdehin hərəkətsiliyinin nəticəsində olmuşdur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçı kreditor tələbinin qeydə alınması ilə bağlı qanunla müəyyən edilmiş qaydada və müddətdə cavabdehə müraciət etmişdir.

16. İddia tələbinin ikinci aspekti yerinə yetirilmiş ximət haqqının tələbi ilə bağlıdır və iddiaçı bu tələbinin hüquqi əsası kimi Xidmət müqavilsinə əsaslanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında Xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır və həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pul tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır.

17. Xidmət müqaviləsinin məzmunundan göründüyü kimi, ümumi formada iddiaçının əsas öhdəliyi müqavilənin 2.1-ci bəndində göstərilən sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobillərlə bağlı zərərin müəyyən edilməsi və onun aradan qaldırılması ilə bağlı xidmətlərin göstərilməsindən ibarət olmuş, cavabdehin əsas öhdəliyi isə müqavilədə göstərilən lazımı qayadada icra edilərək təhvil verilmiş xidmətin dəyərinin ödənilməsindən ibarət olmuşdur. Müqavilənin şərtlərindən də göründüyü kimi, xidmət haqqının ödənilməsinin təmin edilməsi üçün iddiaçı əvvəlcə ən vacib öhdəliyinə əməl etməli, yəni Xidmət müqaviləsinin 2.2.4-cü bəndində göstərilən qaydada yerinə yetirdiyi xidməti təhvi-təslim aktı əsasında cavabdehə təhvil verməli idi. Çünki, cavabdehin yerinə yetirilmiş xidmətin haqqını ödəməsi öhdəliyi məhz, həmin şərtə iddiaçı tərəfindən düzgün əməl edilməsindən birbaşa asılı olmuşdur. Belə ki, müqavilənin 2.4.3-cü bəndində qeyd edilmişdir ki, xidmət tam və keyfiyyətli şəkildə təhvil alındıqda müqavilənin 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində qeyd olunan qaydada göstərilən xidmətlərin təhvil alındığı gündən 5 iş günü müddətində xidmətin dəyərini İcraçının bank hesabına ödəmək Sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir.

18. Lakin iddiaçı yerinə yetirdiyi xidməti cavabdehə təhvil verməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, xidməti təhvil verdiyini xidmət haqqının ödənilməsi üçün cavabdehə elektron qaimə-fakturanın göndərilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi ilə əsalandırmışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində gösrərilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini fiziki olaraq təsdiq etmir.

19. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

20. Məhkəmə qeyd edir ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu müqavilə tərəflərinin hüquq və öhdəliklərinin icrasına bir başa təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, Xidmət müqaviləsinin yerinə yetirilmiş işlərin təhvil verilməsini nəzərdə tutan 2.2.4-cü bəndi də belə xüsusi şərtlərdəndir. Xidmətin yerinə yetirilməsinin elektron qaiməfakturanın göndərilməsi və onun təsdiq ilə təhvil verilmiş hesab edilmsi kimi xüsusi şərti isə Xidmət müqaviləsində nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.

21. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş 323 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar