Məhkəmə qərarları › İş №e-2-2(113)-3299/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3299/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3299/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20.411,72 (iyirmi min dörd yüz on bir manat yetmiş iki qəpik) manat borcun, 6.263,06 (altı min iki yüz altmış üç manat altı qəpik) manat cərimənin, 160 (yüz altmış) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 26.864,78 (iyirmi altı min səkkiz yüz altmış dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 22 iyun 2020-ci il tarixli 2020/ASM/094 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə müxtəlif növdə “X1” məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin “Satıcının standart şərtlər” hissəsində “Qiymət və ödəmə şərtləri” bölməsinin 3-cü abzasına əsasən, əgər məhsulun dəyərinin ödənişi məhsulun Alıcıya təhvil verilməsindən sonra nəzərdə tutulubsa, həmin məbləğin ödənişi Alıcı tərəfindən məhsulun göndərildiyi tarixdən sonra 15 (on beş) təqvim günü ərzində həyata keçirilməlidir. Müqavilə şərtlərinə uyğun olaraq, 22.06.2020-ci – 30.06.2020-ci müddət ərzində iddiaçı cavabdehə ƏDV daxil 30.441,71 manatlıq mal satmış, cavabdeh iddiaçıya həmin məbləğdən yalnız 10.029,99 manat pul ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya hazırda borcunu ƏDV daxil 20.411,72 manat təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin sonuncu dəfə 171/21 saylı, 09 iyun 2021-ci il tarixli pretenziya təqdim edilsə də, cavabdeh Müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sözügedən Müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, İddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir faiz) miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini Cavabdehdən tələb edə bilər. Beləliklə, Müqavilənin şərtinə əsasən 30 aprel 2021-ci il tarixinə iddiaçı cavabdehdən 6,263.06 manat məbləğində cəriməni tuta bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 22 iyun 2020-ci il tarixdə 2020/ASM/094 saylı alqı-satqı müqaviləsi bağlanmış, satıcı “X1” məhsullarını satmağı, aslıcı isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 22 iyun 2020-ci il tarixli 2020/ASM/094 saylı alqı-satqı müqaviləsinə əlavə olan Cədvəl 1-dən görünür ki, Norm Klinker məhsulunun 1 tonun qiyməti ƏDV daxil 97,94 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 22.06.2020- 30.06.2020-ci il tarixlərdə tərtib edilmiş Əmtəə-nəqliyyat qaimələrindən görünür ki, ümumi çəkisi 310,82 ton olan Klinker məhsulu Norm ASC tərəfindən "xxxx" MMC vasitəsi ilə Cavabdeh MMC-yə çatdırılmış və qeyd edilən qaimələr cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş daşıyıcı şirkət olan "xxxx" MMC tərəfindən Norm ASC-yə ünvanlanmış 05.08.2021-ci il tarixli məktubdan da görünür ki, qeyd olunan məhsulların cavabdehə Salyan şossesi, Sahil qəsəbəsi, Şifer zavodu ünvanında təhvil verilməsini təsdiq etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Əmtəə-nəqliyyat qaimələrində göstərilmiş 310,82 ton olan Klinker məhsulu satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Norm Klinker məhsulunun 1 tonun qiyməti ƏDV daxil 97,94 manat təşkil etməsini nəzərə alaraq, alıcıya təhvil verilmiş 310,82 ton olan Klinker məhsulunun ümumi qiyməti 30.441,7 manat (310,82x97,94) təşkil edir. İddiaçı isə qeyd olunan puldan 10.029,9 manat olduğunu bildirir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona təhvil verilmiş məhsullara görə ödənilməmiş 20.411,8 manat (30.441,7-10.029,9) borcu qalmışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə əsas borca görə 20.411,72 manat tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 6.263,06 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 20.411,7 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 1000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün İsmayılbəyli və Partnyorları Vəkil Bürosunun hesabına 160 manat məbləğində pul köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitə görə 160 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 20.411,72 manat əsas borc üzrə, 1000 manat cərimə borcu olmaqla, cəmi 21.411,72 (iyirmi bir min dörd yüz on bir manat, yetmiş iki qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 160 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar