Məhkəmə qərarları › İş №e-2-2(113)-3300/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3300/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3300/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oglunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddətə iddiaçıya ödənilməli olan 2255,81 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 2285,81 manat pulun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddətə iddiaçıya ödənilməli olan 2255,81 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 2285,81 manat pulun iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 iyul 2018-ci il tarixdə cavabdeh ilə bağladığı 109 saylı Əmək müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt filialının aparıcı sığorta əməliyyatçısı kimi fəaliyyətə başlamışdır. 05 may 2017ci il tarixli vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndinə əsasən Sığortaçı tərəfindən iddiaçıya ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: icbari sığorta növləri üzrə 15 faiz komisyon muzd. Göstərilən tapşırıq müqaviləsinə 01 may 2019-cu il tarixdə edilmiş 3 saylı Əlavənin 6.1-ci bəndinə əsasən, Sığortaçı tərəfindən iddiaçıya ödənilməli olan komisyon muzd mühərrikinin həcmi 2000 sm-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15 faiz olmalı idi. 2020-ci ilin mart ayından dekabr ayınadək dövrdə iddiaçıya ödənilməli olan 15 faiz komissiya (15038,78 azn-nin 15 faizi 2255,81 azn-ə bərabərdir) pulu şirkət tərəfindən agent müqaviləsinə əsasən ödənilməli olduğu halda müxtəlif bəhanələrlə ona ödənilməmişdir. Dəfələrlə etdiyi şikayət ərizələrinə "xxxx" ASC-nin AS- 20/1451 nömrəli 30.11.2020-ci il tarixli, Azərbaycan Respublikası Mərkəzi Bankının 23- 00118-2021 nömrəli 14.04.2021-ci il tarixli, X4 Xidmətinin Bakı şəhəri İdarəsinin **********0 nömrəli 02.12.2020-ci il tarixli məktubları ilə imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı 04.07.2018-09.12.2020-ci il tarixləri ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 05.05.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinin 6.1-ci bəndinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsində icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. 01.01.2020-31.12.2020-ci il tarixləri ərzində iddiaçı əməkdaşı olduğu “Sumqayıt” filialının saxlanılması üçün Cəmiyyət tərəfindən işlərin aparılması xərci olaraq əmək haqqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat, kommunikasiya xərcləri üçün ümumilikdə 47270,98 manat məbləğində vəsait sərf edilmişdir. İddiaçının əməkdaşı olduğu “Sumqayıt” filialının yerləşdiyi ofisin 01.01.2020-31.12.2020-ci il tarixləri ərzində icarə haqqısı üçün 12226,00 manat məbləğində vəsait ödənilmişdir. 01.01.2020- 31.12.2020-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 59496,98 manat məbləğ yığılmış 133019,50 manat sığorta haqqının 44.7 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2017-ci il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq Müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sığortaçı ilə sığorta agenti arasında sığorta xidməti haqqında müqavilə bağlanmışdır. 01 may 2019-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05 may 2017-ci il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, həmin əlavənin 6.1-ci bəndinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 0-15%-dək təyin olunur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı 04.07.2018-09.12.2020-ci il tarixləri ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışmışdır. 01.01.2020-31.12.2020-ci il tarixləri ərzində iddiaçı əməkdaşı olduğu “Sumqayıt” filialının saxlanılması üçün Cəmiyyət tərəfindən işlərin aparılması xərci olaraq əmək haqqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat, kommunikasiya xərcləri üçün ümumilikdə 47270,98 manat məbləğində vəsait sərf edilmişdir. İddiaçının əməkdaşı olduğu “Sumqayıt” filialının yerləşdiyi ofisin 01.01.2020- 31.12.2020-ci il tarixləri ərzində icarə haqqısı üçün 12226,00 manat məbləğində vəsait ödənilmişdir. 01.01.2020-31.12.2020-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 59496,98 manat məbləğ yığılmış 133019,50 manat sığorta haqqının 44.7 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsində sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilməsi göstərilmiş, yəni sığortaçıya bu barədə hüquq verilmiş, sığortaçının üzərinə həmin məbləğin ödənilməsi vəzifə kimi müəyyən olunmamışdır. Eyni zamanda 01 may 2019-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05 may 2017-ci il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinə 3 saylı əlavənin 6.1-ci bəndinə əsasən, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 0-15%-dək təyin olunur. Yəni cavabdeh konkret olaraq iddiaçıya komission muzd olaraq 15% pul məbləğinin ödənilməsi barədə öhdəlik götürməmişdir. Əlavədə qeyd olunan kommision muzd mükafatının 0-15%-dək olması intervalla göstərilmiş, 0% in göstərilməsi isə o, anlama gəlir ki, cavabdeh tərəfindən komissiyon muzd mükafatı ödənilməyə də bilər. Həmçinin qeyd edlməlidir ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hazırki işin halarından da görünür ki, müqavilənin zəruri şərtləri kimi onun subyekt tərkibi, predmeti müfəssəl göstərilmiş, ancaq mübahisənin predmeti olan sığorta agentinə komission muzdun verilməsi şərti dəqiq göstərilməmiş həmçinin, qeyd olunan şərti müqavilənin zəruri şərti hesab edilmir. Belə olan halda qeyd edilməlidir ki, müqavilənin qeyd edilən şərtininin təfsiri zamanı onun məzmununu nə hərfi mənaya görə, nə də ağlabatan mühakimə əsasında müəyyənləşdirmək mümkün olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddətə iddiaçıya ödənilməli olan 2255,81 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 2285,81 manat pulun iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar