Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3304/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 29-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) alıcıya (cavabdehə) qaimə və əlavələrdə göstərilən avtomobil ehtiyyat hissələrini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətdə malın haqqını ödəyir (müqavilənin 1.1-ci bənd).
2. Tərəflər arasında bğlanmış sözügedən müqavilənin: 2.1. 2.1.1-ci bəndinə görə satıcı mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verməlidir; 2.2. 2.2.1-ci bəndinə görə alıcı malları qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməlidir; 2.2. 2.2.2-ci bəndinə görə alınmış malların dəyəri 7 gün müddətində ödənilməldir. Bundan başqa, alıcı malların dəyərini avans şəklində ödəyə bilər; 3.1-ci bəndinə görə müqavilənin ümumi dəyəri təhvil veriəcək qaimələrin məbləği əsasında tənzimlənir; 3.2-ci bəndinə görə ödəniş alıcı tərəfindən köçürmə formasında həyata keçiriləcəkdir.
3. İddiaçı tərəfindən - xx.xx.2023-cü il tarixli, dəyəri 664,98 manat olan 746084 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 324,98 manat olan 233692 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 309,99 manat olan 810478 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 789,98 manat olan 098850 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 663,87 manat olan 254111 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 109,99 manat olan 868000 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 1045,01 manat olan 086380 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 375,93 manat olan 247943 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 739,98 manat olan 813359 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 1333,01 manat olan 748283 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 2470,89 manat olan 210148 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 413,97 manat olan 068041 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 3668,01 manat olan 425887 nömrəli; xx.xx.2023-cü il tarixli, dəyəri 1837,94 manat olan 217379 nömrəli və xx.xx.2023cü il tarixli, dəyəri 2203,07 manat olan 152271 nömrəli (cəmi məbləğ 16951,6 manat) elektron qaimə-fakturalar verilmişdir.
4. Cavabdeh tərəfindən 2023-cü ilin mart ayında iki dəfə, aprel ayında iki dəfə və iyun ayında iki dəfə olmaqla, cəmi 6757 manat pul ödənilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı 10194 manat pulun və 121 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli alqi-satqi müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” Alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyyat hissələrini satır, “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Elektron qaimələrdən də görünür ki, cavabdehə ƏDV də daxil olmaqla, 16951,6 manat dəyərində mal satılmışdır. Belə ki, malların dəyəri 14365,85 manat, ƏDV dəyəri isə 2585,75 manatdır. Cavabdeh indiyə kimi sadəcə 6757 manat ödəniş həyata keçirmiş qalan məbləği ödəməkdən yayınmış, hal-hazırda 10194 manat borcu yaranmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
21. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
22. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
23. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında, dəyərinin sonradan (müqaviləyə görə 7 gün müddətində) ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə malların təhvil verilməsinə dair cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmamışdır. Həmçinin, alınmış malların bir hissəsinin dəyəri də cavabdeh təəfindən ödənilmişdir.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 121 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 10194 (on min yüz doxsan dörd) manat məbləğində pul və ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı