Məhkəmə qərarları › İş №e-2-2(113)-3307/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3307/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3307/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı Azerspace-1 telekommunikasiya peyki üzərindən Dalğa TV kanalının peyk yayımına görə 01.01.2020- 31.03.2021-ci il dövrü üzrə 273157,02 manat xidmət haqqı və iddia ilə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu məbləğlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı Azerspace-1 telekommunikasiya peyki üzərindən Dalğa TV kanalının peyk yayımına görə 01.01.2020-31.03.2021-ci il dövrü üzrə 273157,02 manat xidmət haqqı və iddia ilə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu məbləğlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 30 dekabr 2019-cu il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlamışdır. Müqaviləyə görə, Azərbaycan Respublikasının “Azerspace-1” telekommunikasiya peykində K radiodiapazonundakı radiotezlik üzərindən cavabdehin “Dalğa TV” kanalının peyk yayımı iddiaçı tərəfindən həyata keçirilmişdir. Müqavilə üzrə peyk yayımı (01.01.2020-ci ildən 31.03.2021-ci ilədək) 15 ay müddətində davam etdirilmişdir. İddiaçı adıçəkilən müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra etmişdir. Cavabdeh isə müqavilə üzrə 2020-ci il 1 yanvardan 31 mart 2021-ci ilədək olan dövrə aid “Dalğa TV” kanalının Azerspace-1 peyk yayımına görə hesablanmış xidmət haqları müqavilənin şərtlərinə əməl etməyərək ödəməmişdir. Beləliklə də, 01.01.2010- 31.03.2021-ci il dövrü (yəni 15 ay) üzrə iddiaçıya cavabdehin 273157,02 manat məbləğində gecikdirilmiş pul öhdəliyi yaranmış və bu günədək cavabdeh pul öhdəliyini icra etməmiş, borcunu ödəməmişdir. Pul öhdəliklərini gecikdirən cavabdehə iddiaçının şifahi və yazılı müraciətləri nəticəsiz qalmış və bu günədək cavabdeh borcunu ödəməmişdir. 2020ci il 1 yanvardan 31 mart 2021-ci ilədək olan dövr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilkdə 273157.02 manat məbləğində aylıq invoys hesabları göndərilmişdir. Cavabdeh və iddiaçı ƏDV ödəyicisi olan hüquqi şəxslərdir. Müqavilə əsasında “Azerspace-1” peyk tutumuna görə aylıq hesablanan haqların ödənilməsinə dair İddiaçının elektron qaimələri vergi orqanının proqram təminatı olan X1 Sistemi (AVİS) vasitəsilə də cavabdehə təqdim edilmişdir. Qeyd olunduğu kimi, iddiaçı tərəfindən 01.01.2020-31.03.2021-ci il dövrü üzrə təqdim olunmuş elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən hər hansı dəqiqləşdirmə və yaxud imtina əməliyyatı aparılmamışdır və bunun nəticəsi olaraq, göndərilmiş elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiq edilmiş hesab olunur. 01.01.2020-31.03.2021-ci il dövrü üzrə cavabdeh tərəf iddiaçıdan aldığı elektron vergi qaimə-fakturaları üzrə hər hansı dəqiqləşdirmə və ya onun ləğvinə dair sorğu, bildiriş və ya tələblə iddiaçıya müraciət etməmişdir. Bu isə, öz növbəsində, cavabdehin göstərilmiş xidmətlərdən və ödənilməli olan xidmət haqlarından agah olduğunu və Dalğa TV-nin peyk yayımına görə hər ay hesablanan haqların məbləğlərini qəbul etdiyini bir daha sübut edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, aylıq haqq məbləğlərinin ödənilməsi İddiaçı Azərkosmos tərəfindən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura cavabdehə təqdim edildikdən sonra 10 gün müddətində iddiaçının bank hesabına köçürmə yolu icra edilməlidir. Yuxarıda qeyd olunduğu kimi qaimə-fakturalar AVİS üzərindən cavabdehə vaxtlı-vaxtında təqdim edilmişdir, lakin, cavabdeh bilərəkdən ödəniş etməmişdir. İddiaçı hesablanmış aylıq haqların cavabdeh tərəfindən könüllü ödənilməsi məqsədilə ona dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, cavabdeh özünün pul öhdəliklərini qəsdən icra etmir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması məqsədilə cavabdehlə aparılan danışıqlar, eləcə də ödənişi könüllü köçürmək təklifi heç bir nəticə verməmişdir. Beləliklə, müqaviləyə əsasən cavabdehin 01.01.2020-31.03.2021-ci il dövrü üzrə kreditor iddiaçıya hazırda əsas borc olan 273157,02 manat məbləğində pul öhdəlikləri vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 30 dekabr 2019-cu il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, iddiaçı transponder tutumunu istifadə müddətinə cavabdehin istifadəsinə verməyi, cavabdeh isə istifadə müddətində həmin transponder tutumundan istifadə etməyi və xidmət haqqını iddiaçıya vaxtlı vaxtında tam ödəməyi öhdələrinə götürmüşlər. 15 ədəd elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 273157,02 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.7.1-ci bəndinə əsasən elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt təqdim edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 30 dekabr 2019-cu il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı transponder tutumunu istifadə müddətinə cavabdehin istifadəsinə verməyi, cavabdeh isə istifadə müddətində həmin transponder tutumundan istifadə edir və xidmət haqqını iddiaçıya vaxtlı vaxtında tam ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 273157,02 manat təşkil etmiş, lakin cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, transponder tutumunu cavabdehin istifadəsinə vermiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən yaranmış 273157,02 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azerspace-1 telekommunikasiya peyki üzərindən Dalğa TV kanalının peyk yayımına görə 01.01.2020-31.03.2021-ci il dövrü üzrə 273157,02 manat xidmət haqqı və 30 manat dövlət rüsumu məbləğləri Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar