Məhkəmə qərarları › İş №e-2-2(113)-3310/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3310/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3310/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 05 iyul 2024-cü il tarixində bağlanmış, 000153A nömrəli müqaviləyə əsasən yaranan 3000 (üç min) manat əsas borc məbləği, əlavə xidmətə görə hesablanmış 1650 (min altı yüz əlli) manat, öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% hesablanmaqla 150 (yüz əlli) manat cərimə ilə birlikdə, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğin, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın alınmasına görə iddiaçı tərəfindən çəkilmiş xərcin tamamının Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 05 iyul 2024-cü il tarixli, 000153A nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən icraçı müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində icraçı tərəfindən həyata keçiriləcək xidmətlər qeyd edilmişdir. Bunlara əsasən icraçı sifarişçinin dövlət qeydiyyatına alındığı tarixdən etibarən xx.xx.2024-cü il tarixinə qədər olan dövr üçün vergi orqanına təqdim edilmiş bəyannamələrin yoxlanılmasını, çatışmazlıqların müəyyən edilməsi və yoxlama ilə bağlı hesabatın təqdim edilməsini, vergi qanunvericilyi ilə müəyyən olunmuş hesabatlarda (bundan sonra hesabat adlandırılacaq) təqdim edilmiş dövriyyə və əvəzləşmə məbləğlərinin, hesabatda təqdim edilmiş gəlir və xərc məbləğlərinin düzgünlüyünün yoxlanılmasını, təqdim edilmiş MDSS hesabatlarının təhlil olunmasını, çatışmazlıqların müəyyən edilməsi, sifarişçinin kontragentlərlə olan müqavilələrinin və onlara əlavə edilmiş sənədlərin, habelə hesabatda göstərilmiş xərc maddələrini təsdiq edən sənədlərin mövcudluğunun yoxlanılmasını, sifarişçinin mövcud maliyyə-mühasibatlıq sənədlərinin təhvil alınmasında iştirak etmək və bu sənədlərin mövcudluğu, habelə vəziyyəti ilə bağlı rəy vermək xidmətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərəflər arasında müqavilə imzalandıqdan sonra icraçı tərəfindən sifarişçiyə xx.xx.2024-cü il tarixində MT2408 seriyalı, 11952533 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Qeyd edilir ki, müqavilədə göstərilən öhdəliklərin icra edilməsi üçün razılaşdırılımış yoxlama üçün zəruri uçot sənədlərinin tam şəkildə təhvil verilməsinin icraçı tərəfindən sifairşçi və onun səlahiyyətli nümayəndəsindən dəfələrlə yazılı və ya şifahi formada tələb edilməsinə baxmayaraq, buna nail olunmamış, zəruri sənədlər və məlumatlar sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Bununla əlaqədar icraçı tərəfindən iki dəfə akt tərtib edilmişdir. Lakin zəruri sənədləri sifarişçi və ya onun səlahiyyətli nümayəndəsindən tam şəkildə əldə etmək mümkün olmamışdır. Xüsusi ilə də vergi yoxlaması zamanı ilk olaraq nəzərdən keçirilən və yoxlamaya təqdim edilməsi tələb olunan uçot sənədlərinin təqdim edilməməsi qeyd edilmişdir. Sifarişçi və ya onun nümayəndəsi bu hərəkətsizliyi ilə müqavilənin 2.2-ci maddəsinin tələblərini pozmuş, üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin 2.2.1-ci maddəsi ilə sifarişçi, icraçıya şirkətin mövcud maliyyə və qeyrimaliyyə sənədlərindən istifadə etmək, həmçinin xidmətin göstəriləcəyi fəaliyyətlə bağlı bütün sənədlərlə tanış olmağa şərait yaratmaq, 2.2.2-ci maddəsi ilə də icraçını audit üçün lazım olan sənədlərlə tanış olmaq üçün şərait yaratmaq və onu bütün lazımi sənədlərlə tanış etmək barədə öhdəlik götürmüşdür. Sifarişçinin müqavilənin 2.2-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini icra etməməsi nəticəsində icraçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmək üçün yoxlamanı dolayı yollarla həyata keçirməyə məcbur qalmış və bununla da razılaşmadan artıq vaxt və enerji sərf etmişdir. Sərf olunan artıq enerji və vaxt tərəflər arasında razılşamada nəzərədə tutulandan 55 faiz artıq təşkil etmişdir. Belə olan halda da xidmətin dəyəri eyni mütənasibliklə, yəni 55 faiz artıma səbəb olmuşdur. Bununla da icraçı tərəfindən müqavilədə nəzərdə tutulmayandan əlavə xidmət həyata keçirilmiş və bu əlavə xidmətin dəyəri 1650 (min altı yüz əlli) manat təşkil etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyincə icraçı məcbur qalıb əlavə xidmət həyata keçirərək, dolayı yollarla audit aparmaqla müqavilə üzrə öhdəliyini tam və qüsursuz şəkildə xx.xx.2024-cü il tarixində icra edib bitirmişdir. Qeyd edilən tarixdən sifarişçiyə və onun səlahiyyətli nümayəndəsinə müqavilə üzrə müəyyən olunmuş xidmətin başa çatdığı və ehtiyac yarandığı zaman qeyd olunan nüansların izah edilməsi üçün görüşün təyin olunması, xidmətin təhvil alınması tələb edilsə də, müxtəlif bəhanələrlə görüşdən və xidmətin təhvil alınmasından yayınılmışdır. Eyni zamanda icraçı tərəfindən bildirilmişdir ki, icraçı müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirmiş olsa da, sifarişçi müqavilənin 3-cü maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu günə kimi yerinə yetirməmiş, müqavilə üzrə müəyyən olunmuş xidmət haqqının 50 faizini müqavilə imzalandığı zaman ödəməli olduğu halda ödəniş etməmişdir. Bu səbəbdən də ən qısa zamanda öhdəliyinin icrasının təmin edilməsi tələb edilmişdir. Müqavilənin 3.1-ci maddəsinə əsasən xidmət haqqı birdəfəlik olmaqla 3000,00 (üç min) manat təşkil edir. Müqavilənin 3.2-ci maddəsinə görə sifarişçi xidmət haqqı məbləğinin əlli faiz hissəsini avans olaraq müqavilə bağlandığı tarixdən, qalan əlli faiz hissəsini isə işlərin görülməsi ilə bağlı icraçı tərəfindən hesabat (rəy) təqdim edilməsindən sonra ödəyir. Sifarişçiyə və onun səlahiyyətli nümayəndəsinə şifahi qaydada dəfələrlə müqavilə üzrə müəyyən olunmuş xidmətin təhvil alınmalı olduğu bildirilməsinə baxmayaraq, sifarişçi və onun səlahiyyətli nümayəndələri xidməti təhvil almaqdan yayınmışlar. Xidmətin təhvil alınmasından yayınıldığı üçün icraçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin hazır olduğunu, müqavilə üzrə sifarişçinin üzərinə götürmüş olduğu xidmət haqqını ödəməli olduğunu qeyd edilməklə müqavilə əsasında müəyyən olunmuş xidmət zamanı hazırlanmış yoxlama hesabat rəyini də əlavə etməklə sifarişçiyə xx.xx.2024-cü il tarixli bildiriş ünvanlamışdır. Bildiriş sifarişçinin ünvanına çatdırıldıqdan sonra sifarişçinin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və onlar tərəfindən bildirilmişdir ki, ən qısa zamanda müqavilə üzrə müəyyən olunmuş ödəniş icra olunacaq. Sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən icraçıdan zaman verilməsi xahiş edilmişdir. İcraçı tərəfindən sifarişçiyə həm poçt vasitəsilə, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin elektron şəxsi kabinetindən xx.xx.2025-ci il tarixili ikinci bildiriş ünvanlanmışdır. Həmin bildirişdə də işin faktiki halları izah olunmuş və sifairşçinin ən qısa zamanda müqavilə üzrə öhdəliklərini icra etməsi tələb edilmişdir. Eyni zamanda həmin bildirişdə sifarişçiyə məlumat verilmişdir ki, yoxlama zamanı sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həm vergi orqanına təqdim edilən hesabatlarda, həm də cari uçot sənədlərində xeyli həcmdə nöqsanlar aşkar olunmuş, bütün bu nöqsanlar və gələcəkdə həmin nöqsanlara görə qarşılaşacağı risklərlə bağlı məlumatlar hazırlanan yoxlamanın nəticələrinə dair hesabatda öz əksini tapmışdır. Qeyd edilmişdir ki, nöqsanlara görə sifarişçinin müəssisəsində keçiriləcək yoxlama zamanı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən sifarişçi xeyli məbləğdə maliyyə sanksiyasına və cərimələrə məruz qalacaqdır. Eyni zamanda sifarişçiyə bildirilmişdir ki, uçot və hesabatlılığın cari vəziyyətinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin uçot sənədlərində yol verilmiş ciddi nöqsanlara görə yalnız vergi qanunvericiliyinə görə deyil, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən külli miqdarda vergidən yayınma halı ilə bağlı da məsuliyyətə cəlb olunula bilər. Tövsiyə olunmuşdur ki, hesabat və uçot sistemində sifarişçi və onun səlahiyyətli nümayəndələri tərəfindən yol verilən nöqsanlar qısa zamanda aradan qaldırılsın. Həmin bildirişdə qeyd edilmidşir ki, müqavilə üzrə öhdəliyi olan 3000 (üç min) manat, müqavilədə nəzərdə tutulmayan əlavə xidmətlərin göstərilməsinə görə 1650 (min altı yüz əlli) manat xidmət haqqı, öhdəliklərin icrasının gecikdirilidiyi hər gün üçün 0,1 faiz gecikmə məbləği olmaqla ümumilikdə 5305 (beş min üç yüz beş) manat sifarişçi tərəfindən icraçının bank hesabına ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilmədiyi üçün də iddiaçı tərəfindən həm poçt vasitəsilə, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin elektron şəxsi kabinetindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktubda 7 (yeddi) təqvim günü ərzində müqavilə üzrə öhdəliyinin icrası tələb edilmiş, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəməyə müraciət ediləcəyi bildirilmiş, bundan əlavə borc tələbi ilə yanaşı, zəruri sənədlərin və məlumatların təqdim edilməməsi səbəbindən yaranmış əlavə vaxt və enerji sərfinə görə çəkilmiş əlavə xidmət haqqı, Azərbaycan Respublikasının mülki qanunvericliyi ilə borcun gecikdirilməsi üçün nəzərdə tutulmuş cərimə məbləği, ödənilmiş dövlət rüsumu, məhkəmə xərcləri və digər xərclərin də qaytarılmasının tələb ediləcəyi vurğulanmışdır. İddiaçı tərəfindən göndərilmiş 3 xəbərdarlıq məktubu cavabdehə çatmış, lakin cavabdeh tərəfindən müqavilə üzrə müəyyən olunmuş öhdəliklər icra olunmamışdır. Sifarişçinin müqavilənin 3-cü maddəsi ilə müəyyən olunmuş əsas borc məbləği 3000 (üç min) manat, xidmətin həyata keçirilməsi zamanı meydana gəlmiş əlavə xidmət haqqı 1650 (min altı yüz əlli) manat olmaqla, ümumilikdə borc məbləği 4650 (dörd min altı yüz əlli) manat təşkil etmişdir. Mülki Məcəllənin 445-ci maddəsini əsas götürməklə, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik 5% hesablanmaqla 150 (yüz əlli) manat cərimə ilə birlikdə cavabdeh tərəfindən ödənilməli ümumi məbləğ 4800 (dörd min səkkiz yüz) manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərinin pozulması anından bugünədək müqavilə üzrə yaranan borc öhdəliyini mübahisələndirməmiş və tərəflər arasında aparılan yazışmalar zamanı borcunu etiraf etmişdir. Lakin cavabdeh bu müddət ərzində edilən müraciət və xəbərdarlıqlara baxmayaraq, müxtəlif bəhanələr irəli sürərək, müqavilə üzrə yaranan borc öhdəliyini icra etməkdən imtina etmiş, bununla da bağlanmış müqavilə üzrə öhdəliklərini dəfələrlə pozmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən 05 iyul 2024-cü il tarixində bağlanmış, 000153A nömrəli müqaviləyə əsasən yaranan 3000 (üç min) manat əsas borc məbləği, öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% hesablanmaqla 150 (bir yüz əlli) manat ilə birlikdə, ümumilikdə 3150 (üç min yüz əlli) manat məbləğin, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun tamamının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan, qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 000 153A nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndində icraçı tərəfindən həyata keçiriləcək xidmətlər aşağıdakıları əhatə edir: icraçı sifarişçinin dövlət qeydiyyatına alındığı tarixdən etibarən xx.xx.2024-cü il tarixinə qədər olan dövr üçün vergi orqanına təqdim edilmiş bəyannamələrin yoxlanılması, çatışmazlıqların müəyyən edilməsi və yoxlama ilə bağlı hesabatın təqdim edilməsi, hesabatlarda təqdim edilmiş dövriyyə və əvəzləşmə məbləğlərinin, hesabatda təqdim edilmiş gəlir və xərc məbləğlərinin düzgünlüyünün yoxlanılması, təqdim edilmiş MDSS hesabatlarının təhlil olunmasını, çatışmazlıqların müəyyən edilməsi, sifarişçinin kontragentlərlə olan müqavilələrinin və onlara əlavə edilmiş sənədlərin, habelə hesabatda göstərilmiş xərc maddələrini təsdiq edən sənədlərin mövcudluğunun yoxlanılması, sifarişçinin mövcud maliyyə-mühasibatlıq sənədlərinin təhvil alınmasında iştirak etmək və bu sənədlərin mövcudluğu, habelə vəziyyəti ilə bağlı rəy vermək; 2.2.1-ci bəndinə əsasən sifarişçi icraçıya şirkətin mövcud maliyyə və qeyrimaliyyə sənədlərindən (xüsusilə Vergilər Nazirliyi tərəfindən verilmiş kod, parol, şifrə, Asan imza nömrəsi və ona aid İD, PİN1, PİN2, Statistika orqanı tərəfindən verilmiş kod, parol və s. sənədlərdən) istifadə etmək, həmçinin xidmətin göstəriləcəyi fəaliyyətlə bağlı bütün sənədlərlə tanış olmağa şərait yaradılması vəzifəsi daşıyır; 3.1-ci bəndinə əsasən xidmət haqqı birdəfəlik olmaqla 3000 (üç min) manat təşkil edir; 3.2-ci bəndinə əsasən sifarişçi xidmət haqqı məbləğinin 50% hissəsini avans olaraq müqavilə bağlandığı tarixdə, qalan 50% hissəsini isə işlərin görülməsi ilə bağlı icraçı tərəfindən hesabat təqdim edilməsindən sonra ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11952533 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3000 manat (ƏDV daxil) təşkil edir. - İş materiallarına İddiaçı MMC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövrü üçün həyata keçirilmiş “Rəsmi hesabatlılıq üzrə yoxlamanın nəticələri” adlı sənəd əlavə edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş bildirişlər iş materiallarına əlavə edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, icraçı tərəfindən sifarişçiyə xx.xx.2024-cü il və xx.xx.2025-cü il tarixlərində bildirişlər ünvanlanmış, lakin sifarişçi öhdəliyin icrasından boyun qaçırmışdır. Hazırkı məktuba əsasən borc məbləğinin xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 000153A nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən icraçı müqavilə ilə nəzərdə tutulmuş yoxlamaları həyata keçirmiş, yoxlamanın nəticələrini sifarişçiyə çatdırmış və beləliklə, müqavilə üzrə öhdəliklərini icra etmişdir. Cavabdeh isə müqaviləyə əsasən xidmət haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ona görə də iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən 3000 (üç min) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 150 (yüz əlli) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmışdır ki, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetləri mövcuddur və cavabdeh tərəfindən iddiaya hər hansı etiraz daxil olmamışdır. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,50 manat (əlli bir manat əlli qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, 000153A nömrəli müqaviləyə əsasən 3000 (üç min) manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 51,50 manat (əlli bir manat əlli qəpik) olmaqla, cəmi 3201,50 manat (üç min iki yüz bir manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar