Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3312/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2137 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şirkətləri 1995–ci ildən elektrik, istlik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, eyni zamanda elektrik avadanlıqlarının icarəsini həyata keçirməkdədir. Tərəflər arasında 17 yanvar 2020-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilə şərtləri əsasında cavabdehə şirkətləri tərəfindən ümumilikdə 13828,09 manat (ƏDV daxil) həcmində mallar satılmışdır. Cavabdeh şirkətlərindən almış olduğu malın ümumi dəyərindən 04.03.2021 – ci il tarixədək 4111,45 manat ödəniş etsə də, şirkətlərinə hal-hazırda ödənilməmiş 9716,46 manat borcu qalmışdır. Cavabdeh almış olduğu malların dəyərini 7 aydan artıq vaxt keçməsinə baxmayaraq müxtəliif səbəblər gətirməklə bügünə kimi ödəməməkdədir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq cavabdeh hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmışdır. Bundan əlavə, cavabdehə rəsmi xəbərdarlıq da göndərilmiş, lakin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin müqavilə üzrə olan əsas borc tam şəkildə məhkəmə gedişi tərəflərindən ödənilmişdir, şirkətlər uzun müddətdir ki, əməkdaşlıq edir, böyük məbləğdə aralarında alqı-satqı müqavilələri olmuşdur, lakin ödəmələrdə heç vaxt yubanmalar olmamışdır, son dövrlərdə pandemiya ilə əlaqədar borclarını tam şəkildə ödəyə bilməmişlər, səbəbi də o olmuşdur ki, onlara borclu olan şirkətlər də borclarının ödənilməsini gecikdirmişlər. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli 0014-H/20 saylı alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilənin şərtlərinə və alıcının (cavabdeh) sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidəmtlərin haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən alıcı tərəfindən tələb olunan mal satıcının anbarında mövcud olduğu halda alıcının tələb formasının və ya satınalma personalının şəxsən müraciət etdiyi tarixdə qaimə-faktura ilə bərabər ona təslim edilir. Müqavilənin 8-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda satıcı tərəfindən mal təhvil verildikdən sonra malın dəyərini tam ödəmədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Müqaviləyə əlavə olunmuş 04/20, 05/20, 06/20 saylı qiymət razılaşdırma protokollarında iddiaçı ilə cavabdeh malların satış qiyməti barədə razılığa gəlmiş və bu malların satış qiymətlərinin cəmi üzərinə ƏDV əlavə olunub yekun məbləğin alıcı tərəfindən satış tarixində satıcının kassasına və ya malın təslimi tarixində verilən faktura tarixindən sonrakı gün ərzində satıcının bank hesabına köçürülməsi razılaşdırılmışdır. EBAY 539720 nömrəli 10.03.2021-ci il tarixli, EBAS 079603 nömrəli 03.11.2020-ci il tarixli, EBAR 742016 nömrəli 26.10.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda, çeşiddə və miqdarda mallar təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş 1004 saylı 25.10.2020-ci il tarixli hesaba əsasən cavabdeh 5417,38 manat, 1030 saylı 03.11.2020-ci il tarixli hesaba əsasən 6069,59 manat, 0223 saylı 10.03.2021-ci il tarixli hesaba əsasən isə 2341,12 manat pul ödəməli olduğu əks olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30.04.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehin 9716,46 manat borcunu 7 gün ərzində ödəməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 28.07.2021-ci il tarixli, 22.07.2021-ci il tarixli və 13.07.2021-ci il tarixli ödəmə tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına 5143,72 manat, 1545,5 manat və 1545,5 manat pul köçürülmüşdür. 28.07.2021-ci il tarixli, 22.07.2021-ci il tarixli və 13.07.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 925,87 manat, 278.19 və 278.18 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən də göründüyü kimi, cavabdeh işə məhkəmədə baxıldığı müddətdə iddiaçı ilə aralarında bağlanmış 17.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcunu, yəni 9716.46 manat məbləğində pulu iddiaçıya tam şəkildə ödəmiş, iddiaçı da bu halı nəzərə alaraq iddia tələbinin həcmini azaldaraq cavabdehdən yalnız borcun gecikdirilməsinə görə 2137 manat cərimənin ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin nümayəndəsi tərəfindən də etiraf edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, habelə əsas borc məbləğinin cavabdeh tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğində hissəsi iddiaçıya, digər 15 manat hissəsi isə cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən borcun gecikdirilməsinə görə 100 manat (bir yüz manat) məbləğində pul və ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi İddiaçınə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3312/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3312/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver