Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3319/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11 avqust 2023-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 11426,99 manat məbləğində qalıq borcun və ödənilmiş 124,28 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 11 avqust 2023-cü il tarixli müqavilə əsasında həmin tarixdə iddiaçıdan təhvil aldığı mal(lar) müqabilində yaranmış borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. xx.xx.2023-cü il tarixində tərtib edilmiş təhvil-təslim aktında da görünür ki, cavabdeh ümumi dəyəri 11426,99 manat olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, əldə etdiyi məhsulların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli HŞ-148 saylı bildiriş cavabdehin hüquqi ünvanına göndərilmişdir. İddia ərizəsi məhkəməyə göndərilməzdən öncə qoşma sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə cavabdehin hüquqi ünvanına göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddianı qəbul etmir. Çünki elektron qaydada təqdim olunmuş sənədlərə baxdıqdan sonra aydın olmuşdur ki, nə müqavilədəki, nə də təhvil-təslim aktındakı imzalar ona məxsus deyil. Belə ki, həmin vaxt şirkət aktiv faəliyyət göstərərkən onun etibarından istifadə etmiş bəzi əməkdaşlar malların qəbulu özləri həyata keçirmiş və hər dəfəsində onun imzalarını oxşatmışlar. Belə hallar bağlı bir neçə dəfə hüquq mühafizə orqanlarına şikayətləri də olmuşdur. Müqavilədəki və aktdakı imzalar onun imzasına bəndəzilməklə atılmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11082023/1813 saylı alqı-satqısı müqaviləsindən görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (qiymətlərin razılaşma protokol(lar)ı və s.) əks olunan mallar (bundan sonra "Mallar") "Satıcı tərəfindən "Alıcı"-nın mülkiyyətinə verilir, "Alıcı tərəfindən isə onların dəyəri ödənilir. Müqavilə üzrə alqı-satqısı həyata keçirilən Mal(lar)ın təsviri, adı, xüsusiyyətləri, dəyəri, zəmanəti, təhvil verilmə müddəti və digər vacib şərtləri əlavələrdə öz əksini tapır. Bu müqavilənin predmetinə uyğun olaraq alınan Malların qiyməti əlavələr (qiymətlərin razılaşma protokol(lar)ı və s.) ilə müəyyənləşdirilir. Ödəniş Mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi (elektron qaimə, hesab faktura, və s.) əsasında həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 (beş) iş günü ərzində "Alıcı" tərəfindən 'Satıcı"-nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar ödənişdən sonra əlavələrdə göstərilən müddət (belə müddət göstərilməyibsə. poçt, elektron poçt və/və ya qiymət razılaşma protokollarının imzalanması vasitəsilə yazılı sifarişin verildiyi tarixdən 5 (beş) təqvim günü) ərzində Satıcı tərəfindən Alıcıya təhvil verilir. Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil verilməsi hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaları və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 11426,99 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. EBDM seriyalı, 048959 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3630 manat, EBDM seriyalı, 184801 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3630 manat, EBDM seriyalı, 184825 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1950 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 124,28 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim akt ilə və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya etiraz etsə də, etirazında qeyd olunan halları əsaslandırmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin ekspertiza keçirilməsi üçün imza nümunələrinin götürülməsi məqsədi ilə cavabdeh məhkəmə iclasına dəvət edilsə də, məhkəməyə gəlməmiş, bu barədə məlumat verməmiş, eyni zamanda onunla əlaqə yaradılmağa çalışılsada, mobil telefonuna cavab verməmişdir. Bu isə vəsatətin əsaslı olmadığını, imzaların cavabdehə məxsus olduğunu, sadəcə işi uzatmaq məqsədi ilə cavabdehin vəsatətin verdiyini göstərir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini, 11426,99 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11426,99 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 124,28 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 11426 manat (on bir min dörd yüz iyirmi altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3319/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3319/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver