Məhkəmə qərarları › İş №e-2-2(113)-3321/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3321/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3321/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10947,41 ABŞ dolları əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki iddia ərizəsini iddiaçının nümayəndəsi və vəkili kimi imzalamış Nümayəndə etibarnamə vermiş X2 iddiaçının qanuni təmsilçisi olması barədə sənədlər qanunvericlikdə nəzərdə tutulmuş qaydada ərizəyə əlavə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsilə lisenziya qeydi altında əlavə edilən sənəd xarici dildə tərtib olunmuş, Azərbaycan dilinə tərcümə olunmuş və təsdiq edilmiş nüsxəsi isə lazımı qaydada rəsmiləşdirilməmişdir. Bu səbəbdən X2 iddiaçı adından etibarnamə vermək səlahiyyəti müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsiə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. xx.xx.2023-cü il tarixli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarında qqeyd edilmişdir ki, beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Konsul leqallaşdırması sözügedən Konvensiyaya üzv olmayan dövlətlərdə verilmiş sənədlərdəki imzaların həqiqiliyini, bu sənədin konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etmək üçün həyata keçirilir. Sənədlərin apostil edilməsinə nisbətən konsul leqallaşdırması daha uzunmüddətli prosedur olaraq bir neçə qurumun təsdiqini zəruri edir; sənədin təqdim olunması nəzərdə tutulmuş xarici dövlətin diplomatik və konsulluq idarələri tərəfindən təsdiq edilməsi üzrə formallıqların həyata keçirilməsini nəzərdə tutur. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbi baxımından etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Bu baxımdan, etibarnamə onun verildiyi ölkənin hüququ ilə tələb olunan formaya uyğun verilmişsə etibarlı hesab edilməlidir İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1 qeydiyyatdan keçmiş olan hüquqi şəxsdir. Qeyd edilməlidir ki, X3 ilə Azərbaycan Respublikası arasında bu barədə hər hansı bir beynəlxalq və yaxud ikitərəfli müqavilə olmadığından X1 qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən BƏƏ-nin qanunvericiliyinə uyğun verilmiş etibarnamələr və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilmiş etibarnaməni vermiş şəxsin səlahiyyətini təsdiq edən sənədlər konsul orqanı tərəfindən leqallaşdırılmalıdır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar