Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3324/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Muxtar oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Muxtar oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Muxtar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və X4 arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-034 nömrəli üçtərəfli Sazişə əsasən 4.250 gecikdirilmiş əsas borcun və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd 4/12 standart kotan SP- 124, 1 ədəd THM-24 toxumsəpənin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 507 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd 4/12 standart kotan SP-124, 1 ədəd toxumsəpən THM-24 cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. "xxxx" ASC, "xxxx" MMC və X4 arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 14 avqust 2020-ci il tarixli Göyçay 034 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər "xxxx" ASC-yə ötürülmüşdür. X4 müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə 4.250 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 texnika nasaz olduğundan texnikanı qaytarmağa hazır olduğunu, ancaq pulun tələb edilməsi ilə razı olmadığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
7. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
8. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
9. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
10. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
11. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 507 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış, müqaviləyə əsasən 01 ədəd 4/12 standart kotan SP 124 və 01 ədəd Toxumsəpən THM-24 adlı kənd təsərrüfatı texnikaları cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir.
14. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 7.597,25 manat olan 4/12 standart kotan SP 124 və Toxumsəpən THM-24 adlı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
15. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 7.597,25 manat dəyərindən 2.197,25 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.
16. xx.xx.2019-cu il tarixli 507 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq "xxxx" MMC ilə Cavabdeh2 Muxtar oğlu arasında xx.xx.2019-cu il tarixli, 507 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
17. Daha sonra, "xxxx" ASC, "xxxx" MMC və cavabdeh X4 arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 14 avqust 2020-ci il tarixli Göyçay 034 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür.
18. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
20. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.
21. İş materiallarına əlavə olunmuş, tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 507 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə 01 saylı əlavədən görünür ki, lizinq müqaviləsi üzrə 4/12 standart kotan SP 124 və Toxumsəpən THM-24 adlı kənd təsərrüfatı texnikaları Cavabdeh1 təhvil verilmişdir.
22. Göründüyü kimi, ümumi dəyəri 7.597,25 manat olan lizinq obyektinin dəyərindən 2.197,25 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə lizinq məbləği 5.400 manat təşkil etmişdir.
23. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC, "xxxx" MMC və X4 arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Göyçay-034 nömrəli üçtərəfli Sazişə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh1 borcu 4.250 manat təşkil edir.
24. Məhkəmə iclasında iştirak edən cavabdeh 01 ədəd 4/12 standart kotan SP 124 və 01 ədəd Toxumsəpən THM-24 adlı kənd təsərrüfatı texnikalarının ona təhvil verildiyini, Toxumsəpən THM-24 adlı texnikanın nasaz vəziyyətdə olduğunu, lizinq müqaviləsi üzrə cəmi 1.150 manat ödəniş etdiyini bildirmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdeh tərəfindən "xxxx" ASC-yə lizinq obyektinin nasazlığı ilə bağlı hər hansı rəsmi müraciətin olmadığını, "xxxx" MMC-dən "xxxx" ASC-yə portvel keçərkən qalıq borcun 4.250 manat təşkil etdiyini, portvel keçdikdən sonra cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına heç bir ödənişin edilmədiyini, əvvəlki ödənişlərin "xxxx" MMC-yə ödənildiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, 5.400 manatdan (lizinq məbləği) 1.150 (ödənişlər) çıxıldıqda 4.250 manat edir, ona görə də əsas borc üzrə 4.250 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh2 Muxtar oğluna münasibətdə təmin edilməməlidir.
28. Belə ki, lizinq müqaviləsində və zaminlik müqaviləsində müqavilənin qüvvədə olma müddətinin öhdəliklər tam yerinə yetirilənədək müəyyən edildiyini, ödəniş qrafikinə əsasən öhdəliklərin 36 ay ərzində yerinə yetirilməli olduğunu (yəni müqavilənin müddətinin 2022-ci il tarixdə bitdiyini), iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
29. Bundan başqa, məhkəmə hesab edir ki, iddia 1 ədəd 4/12 standart kotan SP- 124, 1 ədəd THM-24 toxumsəpənin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməsi hissəsində təmin edilməməlidir.
30. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.
31. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.
32. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).
33. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)
34. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.
35. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 2 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.
36. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.
37. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.
38. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət rüsimunun əvəzi olaraq 63 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
39. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 63 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.250 (dörd min iki yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat məbləğində pul Cavabdeh1 tutularaq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov