Məhkəmə qərarları › İş №e-2-2(113)-3325/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3325/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3325/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” üzrə 47,875.60 manatı həcmində borcun, müqavilə üzrə borcun ödənilmədiyi üçün yaranmış 4787.56 manatı məbləğində cərimənin, vurulmuş zərərin əvəzi olaraq 3182 manat məbləğində vəsaitin, 262 manat məbləğində dövlət rüsumunun, yəni ümumilikdə 56107,16 manatı məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Ekspeditor) ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” üzrə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Ekspeditor Müştərinin xərci və məsrəfi hesabına Müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil edəcək, Müştəri isə bu Müqavilənin 3-cü Bölməsinə uyğun olaraq, nəqliyyat xidmətlərinin dəyərini ödəyəcək. Qeyd edilən Müqavilə şərtlərinə uyğun olaraq Ekspeditor Müştərinin verdiyi sifarişlər əsasında yüklərini daşıyıb, tərəflər arasında bu daşımalarla bağlı müvafiq təhvil-təslim aktları imzalanıb, lakin Müştəri Ekspeditora etməli olduğu ödənişləri icra etməyib. Borcun ödənilməsi ilə bağlı Ekspeditorun tələbləri Müştəri tərəfindən bu günədək yerinə yetirilməyib. Cavabdeh tərəfindən Müqavilə üzrə yüklərin daşınması xidmətinə iddiaçı qarşısında 47,875.60 manat həcmində borc öhdəliyi yaranıb. Bu borc məbləğinin təsdiqi hər iki tərəfin təsdiq etdiyi aşağıdakı Aktlarda öz əksini tapıb: xx.xx.2023-cü il tarixli, №-li 20230083 saylı Akt üzrə - 5100 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230084 saylı Akt üzrə - 5793.60 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230160 saylı Akt üzrə - 25252 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230172 saylı Akt üzrə - 11390 manat, xx.xx.2023-cü il tarixli, e-qaiməyə əsasən, boşdayanmaya görə - 340 manat Müqavilənin 3.2-ci bəndinə əsasən, Müştəri hesab fakturanın və digər ödəniş sənədlərinin təqdim edildiyi tarixdən etibarən 15 bank günü ərzində Ekspeditorun hesabına bank köçürməsi yolu ilə ödəniş etməlidir. Lakin Müqavilənin qeyd edilən tələbinə zidd olaraq, Müştəri tərəfindən ödəniş edilməyib. Cavabdeh yuxarıda qeyd edilən borc məbləğini ödəməklə yanaşı, bu borc öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə həmin məbləğdən iddiaçıya cərimə məbləğini də ödəməlidir. Belə ki, Müqavilənin 4.1-ci bəndinəəsasən, Müqavilə üzrə ödəniş gecikdirilərsə, Ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün Müvafiq Əlavədə göstərilən xidmətlərinin ümumi dəyərinin 0.1%-i həcmində Müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq Əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır. Cavabdehə pretenziya məktubunun yazıldığı 14 mart 2023-cü il tarixə əsasən ödənişin gecikdirilməsinıə görə yaranmış cərimə məbləğləri aşağıdakı həcmdə olub: xx.xx.2023-cü il tarixli, №-li 20230083 saylı Akt üzrə - 5100 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: - 243 Peniya: 1239.30 manat 2) xx.xx.2023-cü il tarixli, №-li 20230084 saylı Akt üzrə - 5793.60 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: - 243 Peniya: 1407.84 manat 3) xx.xx.2023-cü il tarixli, №-li 20230160 saylı Akt üzrə - 25252 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: 160 Peniya: 4040.32 manat 4) xx.xx.2023-cü il tarixli, №-li 20230172 saylı Akt üzrə - 11390 manat üzrə: e-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: 130 Peniya: 1480.70 manat 5) xx.xx.2023-cü il tarixli, e-qaiməyə əsasən, boşdayanmaya görə - 340 manat üzrə: Gecikdirilən gün sayı - 75 Peniya: 25.50 manat. Beləliklə, müştəri ödəməli olduğu 47,875.60 manat borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə Ekspeditora ödəməkdən boyun qaçırdığı üçün 4787.56 manatı məbləğində cərimə məbləği də ödəməlidir. Cavabdehin öz öhdəliklərini icra etməməsi iddiaçıya maddi zərərin vurulması ilə nəticələnib ki, bu zərər də cavabdeh tərəfindən iddiaçıya ödənilməldir. Belə ki, xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” üzrə vəsaitin cavabdehdən tələb edilməsi üçün iddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olub. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən, iddiaçı ümumilikdə 3182 manat məbləğində vəsait ödəyib. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 430.1, 442.1, 443.1-443.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tələb olunan 3182 manat zərər hüquqi yardım üçün vəkilə çəkilən xərcdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə mülahizə təqdim edilərək qeyd edilmişdir ki, hazırkı işdə tərəf qismində çıxış edən İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” bağlanmışdır. Müqavilə üzrə cavabdeh müştəri, iddiaçı isə ekspeditor qismində çıxış edir. Müqaviləyə əsasən iddiaçı müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil etməyi, cavabdeh isə nəqliyyat xidmətlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən bütün mübahisələr və ya iddialar ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilməlidir. Buna baxmayaraq iddiaçı danışıqlar üçün heç bir real addım atmamış, müqavilənin 7.1-ci bəndinin tələbini də nəzərə almayaraq (hansı ki, həmin bənddə mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə məhkəməyə müraciət olunması qeyd olunub) bilavasitə məhkəməyə müraciət etmişdir. Bu isə tərəflərin Müqavilədə razılaşdırdıqları vicdanla və dostcasına danışıqlar anlayışının çərçivəsi daxilində hesab edilməməlidir. Belə ki, 25 yanvar 2024-cü il tarixli “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun təsdiqlənməsi ilə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb. Bununla da, cavabdeh haqlı olaraq 29 yanvar 2023-cü ilə təyin olunan mediasiya sessiyasında iştirak etməmişdir və bu mübahisənin qanuni yolla həlli forması sayılmamalıdır. İddiaçı mövcud mübahisənin həlli üçün, öncəliklə, danışıqlar yoluna əl atmalı olsa da, cavabdehə bununla bağlı heç bir təşəbbüs irəli sürməmiş, eləcə də məhkəməyə qeyd olunan məsələ ilə bağlı hər hansı qanuni sübut təqdim etməmişdir. Halbuki tərəflər arasındakı alqı-satqı münasibətləri 2023-cü ilin fevral ayından mövcuddur və bu müddət ərzində cavabdeh müqaviləyə sadiq qalaraq digər öhdəliklərini vaxtlı-vaxtında, lazımi qaydada icra etmişdir. Bu isə cavabdehin müqavilə üzrə öhdəliklərinə vicdanlı yanaşdığını və danışıqlar yolu ilə digər bütün öhdəliklərini də icra edəcəyinin göstəricisidir. İddiaçının "xxxx" MMC ilə bağladığı dəyəri 2400 manat olan müqavilənin vəkilin göstərdiyi vəkillik xidmətləri ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Vəkillə bağlanılan müqavilə üzrə göstərilən hüquqi xidmətlərin dəyəri məhz elə həmin müqavilədə də qeyd edilir. Hazırkı işdə həmin məbləğ 350 AZN olaraq razılaşdırılmışdır. Bu da iddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi ilə əlaqədar vəkilə ödənilməli olan yeganə məbləğdir. Burdan da görünən odur ki, İddiaçı vəkil xərci kimi cavabdehdən əlavə olaraq 2400 manat tələb etməklə əsassız varlanmaq niyyətində olmuşdur. Yuxarıda da göstərildiyi kimi İddiaçı qanunsuz və əsassız tələblərlə məhkəməyə müraciət etmişdir. Bu isə İddiaçının əsassız varlanmaq niyyətində olduğunun bilavasitə göstəricisidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin hallarından da məlum olduğu kimi, iddiaçının iddia tələbi ilə uyğunluq təşkil etməyən miqdarda və dəyərdə təminat tədbiri olaraq 11 ədəd nəqliyyat vasitəsinə həbs qoyulmasını tələb etməsi, habelə vəkillik xidmətlərinin göstərilməsi müqaviləsindən əlavə olaraq, hüquqi şəxslə bu xidmətlə aidiyyəti olmayan müqavilə bağlamasının qanuni əsası yoxdur və vicdanlılıq prinsipinə zidd qəbul edilməlidir. İddiaçı tərəfindən cavabdehə qarşı verilən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Ekspeditor İddiaçı MMC ilə Sifarişçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0522/2023 saylı Yükdaşıma və Ekspeditor Xidmətləri haqda müqavilədən görünür ki, ekspeditor müştərinin xərci və məsrəfi hesabına müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil etmək, müştəri isə, bu müqavilənin 3-cü bölməsinə uyğun olaraq, nəqliyyat xidmətlərinin dəyərini ödəməyi razılaşmışlar. Daşıma şərtləri, marşrutu, yük nomenklaturası, həcmi, tariflər, Xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər Tərəflər arasında razılaşdırılaraq Sifarişdə və bu müqavilənin müvafiq əlavəsində göstəriləcək. Müqavilənin 3.1-ci bəndinə əsaəsn müştəri Ekspeditorun kommersiya təklifində göstərilən və iş (xidmət) Sifarişinin verilməsi ilə Müştəri tərəfindən təsdiqlənmiş tariflərə və qiymətlərə əsasən əvvəlcədən ödəniş edir. Avans məbləği ödənildikdən sonra Ekspeditor Müştərinin tələbi və ya göstərişi istisna olmaqla, hən hansı səbəbdən öhdəliklərinin yerinə yetirilməsinə başlamadıqda və ya yubaddıqda, o cümlədən təhvil verilən Xidmətlərdə hər hansı qüsur aşkarlandığı və ya xidmətlərin sifarişçinin tələblərinə uyğun gəlmədiyi təqdirdə ekspeditor ödənilmiş avans məbləğinin tam həcmdə geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə əsasən müştəri hesab-fakturanın və digər ödəniş sənədlərinin təqdim edildiyi tarixdən etibarən 15 bank günü ərzində Ekspeditorun hesabına bank köçürməsi yolu ilə ödəniş etməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş gecikdirilərsə, Ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün müvafiq Əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 0.1% -i həcmində Müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq Əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır. EBDS seriyalı, 753109 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 340 manat, EBDJ seriyalı, 944306 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5100 manat, EBDJ seriyalı, 944140 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5793,60 manat, EBDS seriyalı, 020891 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5793,60 manat, EBDP seriyalı, 918362 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 25252 manat, EBDS seriyalı, 753109 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 340 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir 11 oktyabr 2023-cü il tarixli 5316 saylı satınalma sifarişinə əsasən 6700 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1069 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 11390 manat müəyyən edilmişdir. 08 iyun 2023-cü il tarixli 5054 saylı satınalma sifarişinə əsasən 3000 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 0939 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 5100 manat müəyyən edilmişdir. 18 may 2023-cü il tarixli 4972 saylı satınalma sifarişinə əsasən 3408 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 0938 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 5793,60 manat müəyyən edilmişdir. 06 noyabr 2023-cü il tarixli 5397 saylı satınalma sifarişinə əsasən 3200 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1105 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri cəmi 5440 manat müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixli 5049 saylı satınalma sifarişinə əsasən 21400 AZN dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1001 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 25252 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "X1" MMC tərəfindən "xxxx" MMC-nin sub-hesabına 432 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** ödəniş tapşırıqlarına əsasən "X1" MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** ödəniş tapşırıqlarına əsasən "X1" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2400 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, "X1" MMC 262 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, "X1" MMC (Ekspeditor) ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 0522/2023 saylı Yükdaşıma və Ekspeditor Xidmətləri haqda müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən Ekspeditor Sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, Sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. İddiaçının müvafiq xidmətləri göstərməsi və cavabdehin borcunun olması iş materiallarındakı sübutlarla (aktlar, qaimələr, hesablar, sifarişlər və s.) təsdiq edilmişdir. Buna görə də iddiaçı MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müqavilə üzrə göstərilmiş daşınma haqqı 47875,60 manat pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 47875,60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən 4787.56 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2393,78 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 3182 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 261 manat dövlət rüsumunun 241 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il 0522/2023 saylı müqaviləyə əsasən 47875 (qırx yeddi min səkkiz yüz yetmiş beş) manat 60 (altmış) qəpik əsas borc, 2393 (iki min üç yüz doxsan üç) manat 78 (yetmiş səkkiz) qəpik cərimə məbləği, hüquqi xidmətə görə ödənilmiş pulun 800 (səkkiz yüz) manatının və ödənilmiş dövlət rüsumunun 241 (iki yüz qırx bir) manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar