Məhkəmə qərarları › İş №e-2-2(113)-3326/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3326/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3326/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 24 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 698 (altı yüz doxsan səkkiz) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 24 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları cavabdehə satmasını və cavabdehin isə həmin malları qəbul edərək onların elektron qaimə-fakturada göstərilən məbləğə uyğun olaraq dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. X1 əsasən südün (yağlılıq 3,6%, PH 6,4) litri – 0,40 manat, südün (yağlılıq 3,6%, standartlara cavab verən) litri – 0,61 manat müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə götürmüş olduğu öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə 698 (altı yüz doxsan səkkiz) manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış 01 aprel 2024-cü il tarixli üzləşmə aktına əsasən borclu tərəfindən Müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 698 manat məbləğində ödənilməyən borc qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 24 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi və qiymət razılaşma protokolu imzalanmışdır.

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı, müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşma protokollarında, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilən şərtlərə uyğun həyata keçirir.

10. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

13. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

14. İş materiallarından görünür ki, EAAQ seriyalı, 129736 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 3.355 manat, EAAQ seriyalı, 345751 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 4.575 manat, EAAR seriyalı, 438065 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 5.029.45 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

15. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 12.959,45 manat təşkil edir.

16. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, alıcı Cavabdeh MMC satıcı olan İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixinə 10.448 manat məbləğində borcu olduğunu qəbul etmişdir.

17. İş materiallarına əlavə olunmuş ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən EAAX seriyalı, 503914 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə 300 manat məbləğində pul iddiaçının hesabına ödənmişdir.

18. Hazırda isə iddiaçı cavabdehdən 698 manat məbləğində borcun ödənilməsini xahiş edir.

19. Göründüyü kimi, cavabdeh tərəf üzləşmə aktını imzası və möhürü ilə təsdiq etməklə, eyni zamanda, e-qaimə üzrə ödəniş etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, həmçinin də borcun ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 698 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

21. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində pul ödənilmişdir. VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 24 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 698 (altı yüz doxsan səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar