Məhkəmə qərarları › İş №e-2-2(113)-3327/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3327/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3327/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18093 (on səkkiz min doxsan üç) manat pulun, 144,28 (yüz qırx dörd manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2021-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alınması məqsədilə 21/23 saylı alqı- satqı müqaviləsi imzalanmışdır. 17 sentyabr 2021-ci il tarixli 21/23 saylı müqavilənin 1.1-ci maddəsinə görə satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən mallar satış məqsədi ilə alıcıya təqdim edir, alıcı isə malları qəbul edib satışını həyata keçirir, satılmış mallara görə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. 181634, 069161, 710295, 722586, 067556, 068260 saylı qaimə-fakturalar əsasında xx.xx.2021-ci ildə 9355 manat, xx.xx.2021-ci ildə 13530 manat, xx.xx.2021-ci ildə 15670 manat, xx.xx.2021-ci ildə 12120 manat, xx.xx.2021-ci ildə 7250 manat, xx.xx.2021-ci ildə 9400 manat dəyərində mallarla təchiz olunmuşdur və 18093 manat debitor borcu yaranmışdır. Debitor borcunun 18093 manat olduğu tərəflərin imzaladığı 10 apel 2023-ci il tarixli üzləşmə aktı təsdiq etmişdir. İddiaçı Cavabdehə 28 dekabr 2024-cü ildə pretenziya ərizəsi ilə müraciət edərək 18093 manat borc pulu ödəməyi təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin Cavabdeh bu vaxtadək borcunu ödəməmişdir, pretenziyaya cavab verməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixində şəxsi kabinet vasitəsi ilə təqdim etdiyi ərizədə qeyd olunan sülh yolu ilə nizama salınması üçün danışıqların aparılması həqiqəti əks etdirmir. İddiaçının iddia tələbləri cavabdeh tərəfdən könüllü surətdə təmin edilməyib.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi R.Hüseynov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/23 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları satış məqsədilə alcıya təqdim edir. Alıcı isə malları qəbul edib satışını həyata keçirir, satılmış mallara görə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə görə malların adı, çeşidi, miqdarı və qiyməti, tövsiyə olunan və minimal satış qiymətləri tərəflər arasında təsdiq olunmuş qiymətlərin razılaşdırılması protokolunda göstərilir.

9. Müqavilənin 2.3-cü bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, EBBM 710295 nömrəli 4400 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBP 067556 nömrəli 7250 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN 722586 nömrəli 12120 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBK 181634 nömrəli 9355 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBP 068260 nömrəli 9400 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBL ******* nömrəli 13530 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

11. 10.08.2023-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya borcu 18093 manat təşkil edir. Akt iddiaçı və cavabdehin möhürləri ilə təsdiq edilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 18093 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.

24. Hazırda iddiaçı cavabdehdən yaranmış həmin borcun ödənilməsini tələb etməklə haqlıdır.

25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 18093 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 144 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18093 manat məbləğində pul, 144 manat dövlət rüsumu, ümumilikdə 18237 (on səkkiz min iki yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar